Din xadimlərinə mükafat və medallar təqdim edilib

12:42 - 24 May 2017 - Xəbər

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazanla bağlı keçirilən tədbirdə bir sıra din xadiminə mükafat və medallar təqdim edilib.Mükafatları QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə təqdim edib.

Əvvəlcə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən Fondun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunmuş QMİ-nin Qazilər Şurasının sədri, ilahiyyatçı-alim Vasim Məmmədəliyevə təbriklər çatdırılıb.

Daha sonra QMİ Qazilər Şurasının üzvü, idarənin Ağdam rayon üzrə qazisi Hacı Barat Bağırov Vətənə layiq xidmətinə görə “Müharibə veteranı” adına layiq görülüb.

QMİ-nin Qazilər Şurasının üzvü, idarənin Bərdə bölgəsi üzrə qazisi Hacı Ramazan Hüseynov və idarənin Tərtər rayon cümə məscidinin axundu Hacı Sadiq Cəfərov Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında, gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında, veteranların, şəhid ailələrinin sosial problemlərinin yaxından həllində iştirakına görə “Fədai” medalı ilə təltif ediliblər.

QMİ-nin Beyləqan rayon “Cərcis peyğəmbər” ziyarətgahının axundu Haci Mirsəcad İmranov “Vətən naminə” medalı ilə təltif olunub.

Xəbər xətti