Qaynını öldürən keçmiş polis vaxtından əvvəl azadlığa buraxıldı

15:13 - 22 May 2017 - Xəbər

2009-cu ildə polis həmkarı olan keçmiş qaynını qətlə yetirən Tural Qafarovun vaxtından əvvəl azad edilməsi ilə bağlı ərizəyə baxılıb. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayon Məhkəməsində keçirilən prosesdə məhkumun şikayəti təmin edilib və o, vaxtından əvvəl azadlığa çıxıb.
Qərardan narazı qalan prokuror protest verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
İttiham aktına görə, 2009-cu il, dekabrın 1-də Səbail Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru, 1979-cu il təvəllüdlü Tural Qafarov yaşadığı Nəsimi rayonu, Dilarə Əliyeva, 251 ünvanında ailə münaqişəsi zəmində keçmiş həyat yoldaşı Nərgiz Əliyevanın qardaşı, polis çavuşu Zaur Əliyevi bıçaqla qətlə yetirib.
2010-cu ildə məhkəmədə dindirilən  təqsirləndirilən baş verən hadisədə keçmiş həyat yoldaşını günahlandırıb: “Nərgizə həmişə deyirdim ki, axırda qan çıxaracaqsan. Bəsdir, məndən əl çək. Axırda qardaşı öldü, mən də həbsə düşdüm”.
T. Qafarov bildirib ki, 2009-cu ildə N. Əliyevanın istəyi ilə ayrılıblar: “Oğlum anası Nərgizlə atasıgildə qalırdı. Mən də hərdən uşağı gəzməyə aparırdım. Hadisə baş verən gün axşam saatlarında oğlum üçün oyuncaqlar almışdım. Oyuncaqları götürüb, Nərgizin yaşadığı həmin evə getdim. Nərgizin mobil telefonuna zəng edib uşağı soruşdum. Nərgiz isə dedi ki, biz də sizə gələcəyik. Mən əhəmiyyət vermədim. Mənzilə qalxıb oyuncaqları oğluma verdim. 20 dəqiqəyə yaxın oğlumla qapının ağzında söhbət etdim. Bu zaman Zaur zəng etdi və harada olduğumu soruşdu. Mən onlarda olduğumu dedim. Bir neçə dəqiqə sonra isə gəlmədiklərini görüb, oradan uzaqlaşdım”.
T. Qafarov N. Əliyevanın təkidi ilə evə gəldiyini də deyib: “Mən evə gələndən bir neçə dəqiqə sonra Nərgiz qardaşı ilə ora gəldi. Nərgiz məni görən kimi üstümə cumdu və nalayiq sözlər işlətməyə başladı. Mən Zaura yaxınlaşıb dedim ki, axı biz danışdıq ki, bu məsələ atam Azərbaycana qayıdandan sonra həll olunacaq. Zaur mənə başımdan yumruq vurdu və başım dəmirə dəydi. Bundan sonra nə baş verdiyini bilmirəm”.
T. Qafarov yaralını öz təşəbbüsü ilə hadisə yerindən xəstəxanaya apardıqlarını da söyləyib. Təqsirləndirilən əməlindən peşman olduğunu deyib.
T. Qafarov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham olub.
2010-cu ilin avqust ayının 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə T.Qafarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər xətti