Simptomlar hər zaman düzgün araşdırılmalıdır

12:21 - 19 May 2017 - Cəmiyyət

Xəstəlik çox inkişaf edəndə müdaxilə etmək də çətinləşir


Leykoz ilə əsasən məktəbəqədər yaş qrupundan olan uşaqlar xəstələnirlər. Az hallarda 1 yaşadək olan və 10 yaşından artıq olan uşaqlarda da bu xəstəliyə təsadüf edilir. Leykoz tədricən inkişaf edir. Xəstəliyin başlanğıcından onun ilk əlamətlərinin meydana çıxmasına qədər 1,5- 2 aydan az vaxt keçmir. Leykoz xəstəliyinin gedişi mərhələli olduğuna görə ilkin simptomlar da ona müvafiq olaraq üzə çıxır. Sümük iliyi səviyyəsində ikən klinik olaraq anemiya, trombositopeniya, leykopeniya nəticəsində yaranan solğunluq, halsızlıq, zəiflik, iştahasızlıq, hərarət yüksəlməsi, müxtəlif xarakterli qanaxma, qansızma və hematomalar baş verir. Proses digər qanyaradıcı orqanlara yayılanda dalaq, qaraciyər və limfa vəzlərinin böyüməsi müşahidə olunur. bəzən xəstələri ciddi şəkildə narahat etməyən mədə-bağırsaq sistemi xəstəlikləri, babasil kimi qan azlığı yaradan problemlər sonradan ciddi qan azlıqlarına gətirib çıxara bilər. Qan azlıqları ilə bağlı müayinələr aparılarkən mütləq həmin şəxsdə yanaşı bir problemin olub-olmadığını araşdırmaq lazımdır. Çünki bəzən qaraciyər problemləri, ginekoloji, revmatik xəstəliklər xroniki anemiya yaradır.
Xüsusən şəkər xəstələri arasında böyrək zədələnmələri yarananda sümük iliyində qanın yaranma prosesi zəifləyir və anemiya yaranır. Ona görə də qan azlığı olan şəxslərə sadə yanaşmaq olmaz. Bu xəstəliyin mütləq dərin müayinəsi lazımdır. Anemiyanın müalicəsi ilə yanaşı həmin problemlərin də yanaşı müalicəsi əsas şərtlərdən biridir.
Digər sistemlər zədələnəndə baş ağrıları, əsəbilik, görmə və eşitmənin pisləşməsi, diplopiya, müxtəlif parezlərlə müşahidə olunan nevroloji simptomlar, ətraf sümüklərdə leykemik infiltrasiyaya ilə əlaqədar olan “revmatik” ağrılar yaranır. Vəziyyət “qan simptomlarını” qabaqlayanda çox vaxt müxtəlif qeyri-hematoloq mütəxəssislər problemi dar çərçivədən qiymətləndirir və nəticədə həmin xəstələr bəzən yanlış olaraq revmatizm, meningit, hepatit, limfadenit, görmə sinirin parezi və s. digər diaqnozlarla müalicə olunurlar. Ona görə də simptomlar hər zaman düzgün araşdırılmalı və hematoloqlarla məsləhətləşmə aparılmalıdır.
Leykozlar reliksiyanın induksiyası, konsolitasiya, saxlayıcı terapiya üsulu ilə müalicə olunur. Reliksiyanın induksiyası üsulu xəstəliyin kəskin dövründə kimyəvi preparatların köməyilə sümük iliyində şiş hüceyrələrini öldürməklə müalicə edilir. Kəskin leykozun müalicəsində əsas məqsəd xəstənin ömrünün uzadılmasına yönəldilib Bir sözlə bu üsulda müxtəlif kombinasiyalı sitostatik preparatlar vasitəsilə leykoz hüceyrələrini məhv edilməsi, aqranulositoz, trombositopeniya, anemiya və ya xəstəliyin özünə qarşı yönəldilmiş müalicə tədbirlərinin həyata keçirilməsi həyata keçirilir. Belə proqramlardan istifadə etməklə yaşlı xəstələrin 60-80 faizində remisiyanın əldə edilməsi və 20-40 faiz halda isə xəstəliyin tam sağalması mümkün olub. Kəskin leykozun müalicəsi zamanı müəyyən prinsiplər əsas tutulur:
* Diaqnoz qoyulduqdan dərhal sonra müalicə başlanmalıdır.
* Müalicə kəskin leykozun morfoloji və siyokimyəvi tipindən asılı olaraq differensasiya olunmalıdır.
* Eyni vaxtda bir-neçə preparatdan istifadə olunmalıdır ( polikimyəviterapiya).
* Leykopeniyanın əldə edilməsinə nail olunmalıdır.
* Remissiya mərhələsində saxlayıcı müalicənin aparılması zəruridir.
Leykoz zamanı dərman preparatlarının təsirindən leykemik hüceyrələr normal hüceyrələrə çevrilmir, onlar məhv olur. Müalicədə əsas məqsəd orqanizmin leykemik heceyrələrdən sanasiya edilməsidir ki, bu da müxtəlif təsir mexanizmlərinə malik, çoxlu sayda kimyaterapiyaların eyni zamanda tətbiq olunması sayəsində əldə edilir. Antileykemik preparatlar, ən çox bölünməkdə olan hüceyrələrlə təsirdə aktiv olurlar. Bu dərman preparatlarının bir qismi mitozun yalnız müəyyən mərhələlərində, digər qismi isə mitozun bütün mərhələləri dövründə təsir göstərir.
Kəskin leykoz zamanı müalisə prinsiplərinə remisiyanı əldə eləmək və remisiyaya qarşı müalicə tədbirləri görməkdən ibarətdir. Leykozun düzgün müalicəsi zamanı aşağıdakılar əldə edilir:
1. Tam kliniki-hematoloji remissiya.
2. Natamam kliniki-hematoloji remissiya.
3. Sağalma (5 ildən yuxarı residivsiz,tam kliniki-hematolojiremissiya).
İkinci müalicə etapı konsolitasiyadır. Burada iki il ərzində hər ayda kurslar keçirilir. Sümük iliyinin transplantasiyası (köçürülmə) əməliyyatı isə hazırda müalicənin ən effektli yollarından biridir. Sümük iliyinin köçürülməsi iki formada həyata keçirilir. Bir xəstənin özündən, ikinci halda yaxın qohumlarından götürülür. Lakin son zamanlar qeyri-qohumlardan da sümük iliyi transplantasiyası həyata keçirilir. Lakin bu üsul Azərbaycanda istifadə olunmur. Onu da qeyd edək ki, Azərbaycanda sümük iliyinin köçürülməsi nisbətən yeni bir tibbi prosedurdur və bu  əvvəllər ağır xəstələrin müalicəsində istifadə olunurdu. 1968-ci ildə ilk dəfə olaraq uğurla sümük iliyinin transplantasiyadan sonra bu proses leykoz (qan xərçəngi), aplastik anemiya və digər ağır xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi zamanı da həyata keçirilir. MDB məkanında sümük iliyinin köçürülməsi yalnız Rusiyada, Ukraynada, Belarusiyada, digər dünya dövlətləri sırasına gəlincə isə 16 ölkədə mövcuddur. Bu növ transplantasiyanı həyata keçirən ölkələrin sayca azlığı sümük iliyi nəqlinin kifayət qədər mürəkkəb, yüksək texnoloji proses tələb etməsi ilə bağlıdır. Həmçinin özəl tələblərə cavab verən tibbi avadanlıq təminatının və xüsusi hazırlıq keçmiş tibbi heyətin olması da zəruridir. Sevindirici haldır ki, artıq Azərbaycan bu çətin işi bacaran ölkələr sırasındadır. Azərbaycanda sümük iliyi transplantasiyası 2014-cü ildən həyata keçirilir. İlk dəfə olaraq, sümük iliyinin transplantasiyası əməliyyatı Respublika Talassemiya Mərkəzində baş tutub. Qohum donorlardan götürülən sümük iliyi  üç xəstəyə köçürülüb və əməliyyat uğurla başa çatıb. Bu mürəkkəb əməliyyatları Talassemiya Mərkəzində yerli mütəxəssislər belaruslu həmkarlarınının dəstəyi ilə həyata keçirib. Sümük iliyinin transplantasiyası əməliyyatı, həm də xəstənin sonrakı müalicəsi Azərbaycan dövləti tərəfindən ödənilir. Bütün bunlar Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Səhiyyə Nazirliyinin dəstəyi ilə mümkün olub. 2014-cü ildən indiyədək isə 51 xəstəyə sümük iliyi transplantasiyası həyata keçirilib.
Maraqlıdır ki, bəzən sümük iliyinin köçürülməsinə ehtiyacı olan şəxsin bacı və ya qardaşı sağlam olmaya bilər. Belə olan halda dünya transplantasiya təcrübəsində Dünya Donorlar Bankının qeydiyyatında olan donor hüceyrələrindən istifadə olunur. Həmin bankda təxminənm 26 milyona kimi potensial donor var. Bu donor bankında olan donorların sümük iliyindən istifadə olunur. Lakin bunun üçün sümük iliyi transplantasiyası ilə məşğul olan dövlətin Dünya Donor Bankının qeydiyyat sisteminə daxil olması lazımdır. Azərbaycan hələlik Dünya Donor Bankının qeydiyyat sisteminə daxil deyil. Bu da yaxın gələcəyin işidir. Çünki qeydiyyata daxil olmaq üçün həmin ölkədə bu sahə üzrə 100-ə yaxın əməliyyat aparmaq lazımdır. sümük iliyinin köçürülməsində 50% sağalma ehtimalı var. 
Yuxarıda qeyd edildiyi kimi sümük iliyinin köçürülməsi həkimlərdən yüksək peşəkarlıq tələb edir. Ona görə də Azərbaycanda bu sahəyə maraq artırılmalıdır. Artıq müəyyən uğuirlar var. Son zamanlar gənc nəsil artıq bu sahəyə maraq göstərir, gələcəkdə bizdə də yaxşı ixtisaslaşmış həkim kollektivinin sayı bəs edəcək qədər olacaq.
Digər müalicə üsulu isə saxlayıcı terapiyadır. Bu zaman heç bir müalicə aparılmır. Xəstələr buraxılır özbaşına. Xəstə 5 il müddətinə sağ qalırsa, deməli sağalıb. Əgər 5 il müddətinə xəstənin səhhətində hər hansı pisləşmə olarsa, onda yuxarıda deyilən kimi sümük iliyinin köçürülmə əməliyyatı aparılır.  Xəstəlik çox inkişaf edəndə müdaxilə etmək də çətinləşir.
İnsanda qorxu, əsəb hissi xəstəliyin üzə çıxması üçün bir faktor ola bilər. Belə xəstələr adi soyuqdəymə zamanı təhlükəli məqam yaşaya bilər. Əgər xəstəlik vaxtında təyin olunarsa, bunun müalicəsi də bir qədər effektiv olar. Həkim İsgəndər Bağırov müalicənin tam təmənnasız aparıldığını bildirdi. Hazırda institutda müalicə alan 46 xəstədən 26 nəfəri kəskin qan leykozundan əziyyət çəkir. 

Pünhan 
Yazı  “Leykozlu uşaqlara dəstək” ictimai birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi  “Qan xəstəliklərinin səbəbləri, müayinə və müalicə imkanları ilə bağlı maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər xətti