Ana səhifə
24 Sentyabr 2017

İlham Əliyev: "Azərbaycanda neft sənayesi uğurla inkişaf edir"

"Xarici tərəfdaşları Azərbaycana investisiya qoymağa cəlb etməsəydik, bu gün ölkənin iqtisadi vəziyyəti tam fərqli ola bilərdi". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz yeni yarımdalma qazma qurğusunun istifadəyə verilməsini qeyd edirik. Bu hadisə münasibətilə sizi, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir. Çünki bu günə qədər Azərbaycanda bu böyüklükdə qazma qurğusu tikilməmişdir. Bu qazma qurğusunun inşaatında iştirak etmiş bütün işçiləri, əməkdaşları təbrik edirəm, onlara minnətdarlığımı bildirirəm. Şadam ki, belə bir nəhəng qurğu Azərbaycanda inşa edilib".
İlham Əliyev vurğulayıb ki, bu qurğunun inşasında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır:
"Burada biz xarici tərəfdaşlarla növbəti əməkdaşlıq layihəsinin uğurla icra edilməsini görürük. Əlbəttə, bu, reallıqdır. Çünki uzun illərdir Azərbaycan xarici tərəfdaşlarla uğurla əməkdaşlıq edir. Xarici şirkətlər Azərbaycana investisiyalar yatırırlar. Bu qurğuya isə investisiyalar Azərbaycan dövləti tərəfindən qoyulub.
Biz neftdən əldə edilmiş gəlirləri, o cümlədən belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm Dövlət Neft Şirkətindən qoyulan vəsait təqribən 1 milyard dollara yaxındır. Yəni, bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də onu göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər tərəfindən Azərbaycana sərmayə qoyulanda bizim əsas şərtlərimizdən biri o idi ki, Azərbaycanda bu sərmayələr, eyni zamanda, neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, bizim işçilər yaxşı maaş alsınlar, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin və bu gün biz bunu görürük".
Prezident bildirib ki, bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər və həm özlərinə, həm də ölkəyə böyük fayda verirlər:
"Bu qazma qurğusunun yaradılması tarixi hadisədir. Təsadüfi deyil ki, bu qazma qurğusuna ulu öndər Heydər Əliyevin adı verilmişdir. Heydər Əliyev Azərbaycanın müasir neft sənayesinin banisidir. Heydər Əliyevin neft strategiyası bu gün uğurla icra edilir. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması ilə Azərbaycanın neft sənayesində yeni dövr başlamışdır. Bununla bərabər, hələ 1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın neft sənayesi üçün çox önəmli addımlar atılmışdır. O cümlədən dərin özüllər zavodunun tikintisi Ulu Öndərin təşəbbüsü ilə 1970-ci illərdə başlamışdı. Əgər o vaxt bu zavod Azərbaycanda tikilməsəydi, - yəqin, siz də eşitmişiniz ki, başqa variantlar da var idi, - Xəzərin digər sahillərində belə zavodun tikintisi nəzərdə tutulurdu. Heydər Əliyevin müdaxiləsi və səyləri nəticəsində dərin özüllər zavodunun tikintisi üçün yer Bakı seçildi. O zavodun bu gün neft sənayemizin, ümumiyyətlə, ölkəmizin inkişafı üçün əvəzolunmaz rolu var. Yəni, hələ 1970-ci illərdə neftayırma zavodlarının modernləşdirilməsi, digər layihələrin icrası Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərirdi. O ki qaldı, müstəqillik dövrünə, əgər 1994-cü ildə biz xarici tərəfdaşları Azərbaycana investisiya qoymağa cəlb etməsəydik, bu gün Azərbaycanın, ümumiyyətlə, iqtisadi vəziyyəti tam fərqli ola bilərdi. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması tarixi hadisə idi və mən o günləri yaxşı xatırlayıram. Bu mərasimdə iştirak edən hörmətli Xoşbəxt müəllimlə birlikdə biz danışıqlarda iştirak etmişik. Biz 1994-cü ilin may ayında İstanbulda və iyul-avqust aylarında isə Amerikanın Hyuston şəhərində danışıqlar aparırdıq ki, Azərbaycan üçün ən məqbul şərtləri təmin edək. Eyni zamanda, elə edək ki, xarici investorlar da qaçmasın və onlar üçün də yaxşı şərait yaradılsın. Hesab edirəm ki, biz hər iki tərəf üçün məqbul variantı əldə etdik. Gərgin danışıqlar nəticəsində 1994-cü ilin sentyabrında “Əsrin kontraktı” imzalandı və bu gün uğurla icra edilir. “Əsrin kontraktı” imzalanmasaydı, indi Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi. Bunu hamı bilməlidir".trend

Tarix
18 May 2017 [15:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ