Dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası aormalaşıb

18:04 - 15 May 2017 - KİVDF

Ölkə ərazisində yaşayan çoxmillətli və çoxdinli etnik qrupların vicdan azadlığı və tolerantlıq məsələlərinə xüsusi diqqət yetirilib 


Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Bu gün dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir. Bunlar həyata keçirilən din siyasətinin uğurlu təminatı kimi qəbul edilir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin vacib amili kimi dəyərləndirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaucanda tolerant mühit hakimdir. "Tolerantlıq yalnız dinlə bağlı deyil. Tolerantlıq müxtəlif məsələləri özündə ehtiva edir. Eyni zamanda, tolerantlıq yalnız Azərbaycanın timsalında dünyaya nümayiş etdirilərkən, İslam ölkəsi olduğumuza görə yox, bütövlükdə Azərbaycan cəmiyyəti tolerantlığından danışmalıyıq". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 
Həqiqətən də son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Bu təcrübə həyata keçirilən din siyasətinin uğurlu təminatı kimi qəbul edilir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin vacib amili kimi dəyərləndirilir. Onun sözlərinə görə, Azərbaycan həm də İslam ölkələri üçün multikultural və tolerant bir ölkə nümunəsidir. "Həqiqətən də biz bugünkü dünyaya nəzər salsaq, dünyada çoxsaylı münaqişlər var. İndi aparılan hesablamalara görə, bu münaqişələrdən ən azı 15-i artıq qan tökülən, odlu münaqişələr hesab olunur. Bu münaqişələrin də bir çoxu məhz dini xarakterli məsələlərdən irəli gəlir. Deməli, ortada bir sual var. Nə etməli? Bunun cavabı budur ki, mütləq ölkələr, xalqlar tolerant mültikultural mühit yaratmalıdır. Əks təqdirdə daha böyük müharibələr qaçılmaz olar. 20-ci əsrin – I. II dünya müharibələri və onların təhlili məhz bunu göstərir. Harda ki, bir-birinə qarşı inamsızlıq və inkar var, burda mütləq toqquşma var. Azərbaycanda olan bu nümunəvi modeli biz dünyaya hərtərəfli şəkildə yaymaqdayıq. Bu istiqamətdə əlbəttə qısa bir zaman kəsiyində çox məsələləri sıralayaraq söyləmək o qədər də asan məsələ deyil", -komitə sədri deyib. Onun sözlərinə görə, Azərbaycanın tolerant mühiti həqiqətən nümunəvidir. "Hətta Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri xanım Enn Dersi müsahibələrinin birində bildirmişdir ki,"Azərbaycan dünyaya neft-qaz ixrac edən ölkə kimi tanınır. Lakin mən Azərbaycanda fəaliyyət göstərdiyim dövrdə gördüyüm mühiti nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan tolerantlıq mühitini dünyaya ixrac edə bilər". 
Komitə sədri qeyd edib ki, Azərbaycan dünyəvi, hüquqi və demokratik dövlətdir. Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli tarixi ənənəyə əsaslanır. Komitə sədri dünyada İslam dinini radikalizmə sürükləmək meyillərinin artdığını, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışdığını terrorla əlaqələndirilmək istəklərinin olduğunu vurğulayıb. Dini maarifləndirmə işinin vacibliyini vurğulayan Mübariz Qurbanlı qeyd edib ki, gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür.
Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda dövlət səviyyəsində böyük bir siyasət həyata keçirilir. "Heydər Əliyev Fondunun xətti ilə burada çox böyük işlər görülür. Belə ki, Azərbaycanda son illərdə Prezident İlham Əliyevin birbaşa öz təşəbbüsü və iştirakı ilə çoxlu sayda həm İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həm sivlizasiyalararası dialoqla əlaqədar beynəlxalq tədbirlər keçirilib. Azərbaycan bu tədbirlərə ev sahibliyi edib. Eyni zamanda, Azərbaycandan kənarda, xaricdə Heydər Əliyev Fondunun birbaşa himayəsi altında Avropa və Asiya ölkələrində çoxsaylı tədbirlər keçirilib. Bu tədbirlərdə həm Azərbaycan, həm də xarici mütəxəssislər iştirak edib. Azərbaycanda olan tolerant mühitin dünyaya çatdırılması üçün çox böyük tədbirlər görülüb". 
Komitə sədri bildirib ki, Azərbaycanda olan dövlət-din münasibətləri bütün dünyaya nümunədir Onun sözlərinə görə, dövlət-din münasibətləri Konstitusiya və “Dini etiqad azadlığı haqqında” qanunu ilə tənzimlənir. Komitəsinin sədr müavini Gündüz İsmayılov isə bildirib ki, bu gün adət-ənələrimizin hamısı dindən qaynaqlanmır. Onun sözlərinə görə, adət-ənələrimizdə dindən gələn məsələlər müəyyən rol oynayır. «Amma məsələ ondadır ki, adət-ənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa dırnaqarası dindən qaynaqlanır? Problem İslam dinində deyil. Onun sözlərinə görə, tolerantlıq bizim milli-mənəvi dəyərimizdir. Azərbaycan xalqının genetik yaddaşına hopmuş bir dəyərdir. "Biz həmin dəyərləri gənclərin gözü ilə görməyə çalışırıq. Mənəvi irsimiz keçmişdən gələcəyə ötürülür. Bu ötürücülər də Azərbaycan gəncləridir”.
Sədr müavini qeyd edib ki, Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən və birbaşa vətəndaşların vicdan azadlığı ilə bağlı olan qanunvericilik bazası formalaşdırılarkən, eləcə də mövcud qanunvericilikdə dəyişikliklərin layihəsi hazırlanarkən ölkə ərazisində yaşayan və fəaliyyət göstərən çoxmillətli və çoxdinli etnik qrupların vicdan azadlığı və tolerantlıq məsələlərinə xüsusi diqqət yetirilib. "Əsas məqsəd uzun dövrlər ərzində azərbaycanlılarla birgə harmoniya və qardaşlıq şəraitində yaşayan xalqların ən böyük nailiyyəti olan dini və milli dözümlülük ənənələrinin möhkəmləndirilməsi və onu yad təsirlərdən qorumaq olub. 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına indiyədək iki dəfə (24.08.2002 və 18.03.2009-cu illərdə) ümumxalq səsverməsi (referendum) vasitəsilə əlavələr və dəyişikliklər edilib. İkinci referendumda dini etiqad azadlığının normativ əsası olan üç maddəyə mühüm əlavələr olunub. Məsələn, 18-ci maddə dövlət-din münasibətlərinin əsasını və hüquqi vəziyyətini müəyyən edən mühüm normadır. Bu normada dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabərliyi göstərilib. Bu müddəa ilə dövlət dinlərə qarşı Konstitusiya səviyyəsində özünün ali niyyətini bəyan edir. İkinci hissədə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliğinin qadağan olması göstərilir. Yeni dəyişikliklərdən biri dinlərlə yanaşı, belə fəaliyyətə xidmət edən dini cərəyanların qadağan olunmasıdır. Bu yenilik yeni yaranmış qeyri-ənənəvi cərəyanların ölkədəki dini duruma zərərli təsirinin qarşısını almağa və müxtəlif dinə mənsub olan insanların bərabər səviyyədə hüquqlarının təmin edilməsinə yönəlmiş addım hesab edilir. Bundan başqa, “Bərabərlik hüququ” adlanan 25-ci maddəyə iki yeni – IV və V bəndlər əlavə edilib. Həmin maddənin 3-cü hissəsinə görə “dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Bu bənddə nəzərdə tutulmuş müddəalar real həyatda öz əksini tapmışdır və bilavasitə milli və dini azadlıqların hüquqlarının müdafiəsinə yönəlmişdir. Buna baxmayaraq, Konstitusiya səviyyəsində belə təminatın gücləndirilməsi məqsədilə yeni bəndlər qəbul edilib.

(ardı var)

Xəbər xətti