Tolerantlıq, milli dövlətlər üçün ən zəngin xəzinə və dəyərlərdən biridir

18:15 - 12 May 2017 - KİVDF

Dini tolerantlıq, dini dözümlülük müasir sivilizasiyada insanların təhlükəsiz şəraitdə yaşamasının ən mühüm şərtlərindən biridir

 
«Azərbaycan xalqı və dövləti tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi, tolerantlıq ideyasının müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur». Bu fikri Milli Məclisin deputatı Nizami Cəfərov deyib. N.Cəfərov bildirib ki, Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində  üç tamamilə humanist  dəyər komponenti ifadə olunur. Bunlar  etnik mənsubiyyət, dini mənsubiyyət və  dünyəvi mənsubiyyətdir. Onun sözlərinə görə, bu ideologiyada öz əksini tapmış fəlsəfədə, eləcə də onun mənsub olduğu  xalqın təfəkküründə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur. «O var ki, Azərbaycan xalqı da, dünyanın  bütün digər xalqları kimi, müəyyən bir etnik mənşəyə, müəyyən bir dini dünyagörüşə mənsubdur və bütün digər xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidir. Tarixi taleləri elə gətirmişdir ki, azərbaycanlıların  bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən dördü öz tarixi Vətənində yüz  illərlə necə məskun olmuşdursa bu gün də məskundur.  Ona görə də  əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin – Dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan  dövlətçiliyi tərəfindən uğurla davam  etdirilməsi heç bir alternativ qəbul eləməyən bir zərurət olub azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu bütövləşdirən konseptual hadisədir. Hər şeydən əvvəl ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, eyni dinə mənsub olub eyni mental  xüsusiyyətlərin, eyni adət- ənənələrin daşıyıcısıdırlar. Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi- inzibati sərhədləri aşaraq bir- birlərilə sıx ünsiyyətə  girmələri, ümummilli maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də insani   bir ehtiyacdır»- deyə, N.Cəfərov qeyd edib. 
Millət vəkili Nizami Cəfərəovun fikrincə, tolerantlıq, multikulturalizm Azərbaycanın ən böyük milli sərvətidir, dini tolerantlıq, dini dözümlülük müasir sivilizasiyada insanların təhlükəsiz şəraitdə yaşamasının ən mühüm şərtlərindən biridir.  Bu onu göstərir ki, tolerantlıq, milli dövlətlər üçün ən zəngin xəzinə və dəyərdir. Bu dəyərlərin bu səviyyədə mövcud olması bir qədər də bizim tarixi keçmişimizlə əlaqədardır. Siyasi mədəni və siyasi etnik coğrafiya olaraq Azərbaycan həmişə çox komponentli və mozaik daxili mikrostruktura malik olub. Bu cür zəngin mədəni keçmiş isə müasir cəmiyyətimizin əsas multikultural və tolerant keyfiyyətlərini müəyyən edir. 
Onun sözlərinə görə,  Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb, müxtəlif dini və etniklərin nümayəndələri təhlükəsiz və mehriban şəraitdə yaşayıblar. "Dini tolerantlıq, dini dözümlülük müasir sivilizasiyada insanların təhlükəsiz şəraitdə yaşamasının ən mühüm şərtləndirən biridir. Tolerantlıq milli dövlətlər üçün ən zəngin xəzinə və dəyərlərdən biridir».  Nizami Cəfərov bildirib ki, Azərbaycan çox mürəkkəb bir coğrafi məkanda yerləşir, regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. «Lakin bütün bu məsələlərə rəğmən, Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Tolerantlıq Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olan məsələdir. Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır».
Millət vəkili Nizami Cəfərəovun fikrincə, bu gün Azərbaycanın dünyaya, bəşəriyyətə tolerantlıq modelini nümayiş etdirməsi, bu məsələdə ən inkişaf etmiş ölkələrə belə nümunə olması həqiqətən də ölkəmiz üçün qürur mənbəyidir. Təbii ki, bu işdə ölkə rəhbərliyinin həyata keçirdiyi və yalnız Azərbaycanın deyil, bəşəriyyətin də xoş gələcəyinə hesabalanan multikulturalizm, tolerantlıq siyasəti dunyanın aparıcı ölkələrinin rəhbərləri üçün nümunə ola bilər. "Siz dünyanın heç bir ölkəsində heç bir yerində Azərbaycanda olduğu qədər tolerantlığa, multikulturalizmə rast gələ bilməzsiniz. Multikulturalizm, tolerantlıq xalqımızn əvəzsiz mənəvi sərvətidir və bununla hələ min illər boyu fəxr edəcəyik, gələcək nəsillər multikulturalizmə, tolerantlığa görə bizi həmişə xoş sözlərlə xatırlayacaqlar. Bu gün biz əcdadlarımızın multikulturalizmindən fəxrlə danışdığımız kimi, onlar da, bizdən ağızdolusu bu sahədə bəhs edəcək, günümüzdə dövlət səviyyəsində həyata keçirilən bu siyasətimizi təqdir edəcəklər. Çünki bəşəriyyətin gələcəyi, sivil inkişafı, bütün hallarda multikulturalizmdən, tolerantlıqdan, fərqli dini dünya görüşlərinə malik olan insanların sivil şəkildə birgə yaşayışından, Qərb və Şərq sivilizasiyalarının inteqrasiyasından, birgə gələcəyə doğru addımlamasından asılıdır".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deyib ki, Azərbaycan dünyaya etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verən, xalqların mədəni sərvətlərinin qorunmasına və inkişafına əsaslanan demokratik cəmiyyət nümunəsi təqdim edir. 
Z.Əsgərov bildirib ki, Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu bir məkanda yerləşən ölkəmiz İslam və Avropa sivilizasiyalarının dəyərlərini özündə birləşdirir. Onun sözlərinə görə, mədəniyyətlərarası, dinlərarası dialoq və multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. «Azərbaycan dövləti müxtəlif dinlərə etiqad edən insanlar üçün əmin-amanlıq və xeyirxahlıq mühitinin yaradılmasına nail olub və bu prinsipləri milli qanunvericilik vasitəsilə dini etiqad azadlığı və dini tolerantlıq çərçivəsində qoruyub saxlayıb. Azərbaycan həmişə sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişafına kömək göstərib və bundan sonra da kömək göstərəcək. Göstərilən səylər bizi addım-addım daha təhlükəsiz dünyaya yaxınlaşdıracaq. Elə bir dünya ki, orada həm bir xalq və dövlət sülh və əmin-amanlıq şəraitində yaşamaq və inkişaf etmək, öz mədəni sərvətlərini artırmaq yolu ilə ümumdünya mədəniyyətini zənginləşdirmək, bəşər sivilizasiyasını daha da irəliyə aparmaq imkanına malik olacaq»- deyə, Z.Əsgərov vurğulayıb.
Həqiqətən də bu gün ölkəmizdəki tolerantlığın, multikulturalizmin yüksək səviyyədə olmasını burada yaşayan bütün xalqların ən böyük neməti, mənəvi xəzinəsidir. Azərbaycanın gücü onun milli, dini tolerantlığında, multikulturalizmində, burada yaşayan insanların rifah və səadət içində yaşamalarındadır. 

Xəbər xətti