Ana səhifə
23 Oktyabr 2018

Çingiz Hüseynzadə: “Bakı-2015-dən çox medal qazanacağıq”

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi öncəsi mətbuat konfransı keçirilib. Ucnoqta.az Apasport.az saytına istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri, yarışın baş icraçı direktoru Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faysal Abdul Aziz Əl-Nassar, İslamiadanın Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Mark Honeybunn, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə və Oyunların Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva iştirak ediblər.
Rəhimov bildirib ki, Azərbaycan mayın 12-22-də Bakıda baş tutacaq yarışa tam hazırdı: “Düşünürük ki, bütün dünyanın diqqəti Azərbaycanda olacaq. İslamiadanın ölkəmizdə keçirilməsindən qürur hissi duyuruq. Növbəti 11 gün ərzində 50-dən çox ölkənin nümayəndəsi müxtəlif növlər üzrə yarışacaq. Əfsuslar olsun ki, bəzi ölkələr İslamiadadan son anda imtina etdilər. Liviya, Sudan və İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı altında çıxış etməli olan Küveyt yarışa qatılmayacaqlar. Buna məyus olsaq da, yarışda iştirak edəcək 54 ölkə bizi sevindirməyə bilməz. Bakı yarışa hazırdı. İslamiada 4 qitədə yayımlanacaq və təxminən 1,3 milyardan artıq insan yarışı izləyəcək”.

 
Rəhimov 3 komandanın imtinasının səbəbini bilmədiyini deyib: “57 ölkənin hər bir şef-de-missionu İslamiadada iştirakını təsdiqləmişdi. Biz də əlimizdən gələni etmişik. İşimizi onların tələblərinə uyğunlaşdırmışıq. Hər bir ölkənin qərarına hörmətlə yanaşırıq. Gəlmirlərsə, düşünürəm ki, hansısa ciddi səbəb var”.
 
O bildirib ki, yarışa 30-a yaxın beynəlxalq federasiyanın rəsmisi gələcək. Rəhimov mayın 8-də açılış mərasiminin məşqinin də yüksək səviyyədə keçdiyini vurğulayıb: “Bu mərasim gözəl ideyalarla dolu olacaq. Həqiqətən də, İslamın dəyərlərini nümayiş etdirəcək”.
 
Faysal Abdul Aziz Əl-Nassar isə təşkilati işlərin yüksək səviyyədə olduğunu deyib. O, yarışın yüksək səviyyədə keçəcəyinə inam ifadə edib: “Bu Oyunlarda 3000-dən çox idmançı Odlar diyarında yarışacaq. Azərbaycan tərəfindən tükənməz dəstək Oyunlara əlavə rəngarənglik qatacaq. Yarışın Təşkilat Komitəsinin rəhbəri olan Azərbaycanın I xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirirəm. İnanıram ki, bu yarış İslam Həmrəyliyi Oyunları arasında ən yaxşılardan olacaq. Yekunda Azərbaycan prezidenti İlham Əliyevə qətiyyəti və dəstəyi ilə Oyunların Bakıda keçirilməsinə şərait yaratdığı üçün təşəkkür edirəm”.
 
Çingiz Hüseynzadə isə Azərbaycan millisi barədə danışıb. O bildirib ki, ilk dəfə belə böyük heyətlə yarışa qatılırıq: “Ümumi heyət 500 nəfərdən artıqdı. Hər şey yüksək səviyyədə həll olunub. Sabah start veriləcək Oyunlar çox böyük uğurlara gətirib çıxaracaq. Proqnoz vermək bir qədər çətindi. Çünki rəqibləri bir o qədər yaxşı tanımırıq. Avropa çempionatında bir sıra idmançılarla üz-üzə gəldiyimizdən, onlar barədə məlumatlıyıq. Buna baxmayaraq, Avropa Oyunlarında ilk “üçlüy”ə düşməyi planlaşdırırdıqsa, bu dəfə ilk sırada qərarlaşmaq istəyirik. Hər halda, Bakı-2015-dən çox medal qazanacağıq”.
 
Nurullayeva isə artıq 46 ölkənin idmançılarının Atletlər kəndinə yerləşdirildiyini qeyd edib. O bildirib ki, 8 ölkənin gəlişini gözləyirlər.

Tarix
11 May 2017 [15:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin