Ulu öndər Gənc Tamaşaçılar Teatrında anılıb

13:20 - 10 May 2017 - Mədəniyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub. Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov çıxış edərək Azərbaycanın hərtərəfli inkişafında əvəzsiz xidmətləri olan, dünya arenasında ölkəmizin tanınması istiqamətində mühüm işlər görən dahi şəxsiyyət və siyasi xadim Heydər Əliyev haqqında danışıb. 
Hakimiyyətə  gəldiyi ilk gündən Azərbaycanın rihafı, parlaq gələcəyi üçün əlindən gələni edən, bütün sahələrlə yanaşı, mədəniyyət və incəsənətə xüsusi diqqət və qayğı göstərən ulu öndərin siyasi kursunun ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən M.Həmidovun sözlərinə görə hazırda ölkəmizdə ard-ardınca keçirilən Beynəlxalq forum, yarış və tədbirlər bu uğurun bariz göstəricisidir.
Çıxışdan sonra teatrda yeni bir tamaşanın məşqlərinə start verilib. Conatan Sviftin “Qulliver Cırtdanlar ölkəsində” gənc və istedadlı rejissor Elşad Rəhimzadənin səhnələşdirdiyi eyniadlı tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Əməkdar Artist Sənan Hüseynli, rejissor assistenti Sona Mustafayevadır. 
“Azərbaycan teatr məkanında ilk dəfə olaraq dünyaca məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsərinə müraciət edilir ki, bu ilkə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı imza atır. Yeni tamaşanın ilk oxunuşunun ümummilli liderimiz Heydər Əliyevin doğum gününə təsadüf etməsi də bir zərurətdir. Çünki, mərhum prezidentimiz özü də qəlbən teatra çox bağlı bir dövlət xadimi olub. Əminəm ki, repertuarımızda olan digər tamaşalar kimi, bu yeni tamaşa da kiçik və böyük yaşlı tamaşaçılarımızın ürəyincə olacaq. Çünki, tamaşada yenə də ilk olaraq həm canlı aktyor ifası, həm də kukla elementlərindən istifadə ediləcək” -  deyə Mübariz Həmidov yaradıcı heyətə uğurlar arzulayarkən söyləyib.  

Yeni səhnə əsərində əsas rolları əməkdar Artistlər Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar ElşənHacıbabayev, Müşfiq Əliyev, İlham Əsədov, Asya Atakişiyeva, Xəyalə Meydanova, Nuriyyə Əliyeva, Könül Əbilova, Bəhram Həsənov, Ramil Məmmədov, Elnur Hüseynov, Mirzə Ağa Mirzəyev, Nuranə Hüseynova, Aygün Fətullayeva, Vüqar Məmmədəliyev, Ramiq Nəsirov canlandıracaqlar. 
Yeni tamaşa cari ilin iyul ayının 15-də təhvil veriləcək. 

Xəbər xətti