Ötən rüb Cənubi Qafqaz Boru Kəmərinə 200 mln. dollar yatırılıb

13:13 - 10 May 2017 - İQTİSADİYYAT

2017-ci ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. "BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə bu işlərin (tikinti və istismar sınaqları daxil olmaqla) 89%-i tamamlanıb.
Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib - təqribən 320 km uzunluğunda borular artıq qaynaq edilib və 263 km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb - beşinci üfüqi qazma bu ilin aprel ayında başa çatıb.
Gürcüstan ərazisində kəmər xəttinin inşası üzrə tikinti işləri artıq bitib  - 62 km uzunluğunda borular qaynaq edilib, örtüklənib, xəndəyə endirilib və üstü örtülüb.
Həm Azərbaycanda, həm də Gürcüstanda boru kəmərinin hidro-sınaqları aparılır.
Gürcüstanda hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edir. Birinci kompressor stansiyasında işlər təqribən 96%, ikincidə isə 70% tamamlanıb. Hər iki kompressor stansiyası 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) isə işlər 95% tamamlanıb və bu stansiyanın 2017-ci ildə təhvil verilməsi planlaşdırılır.
Cari ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri ilə bağlı fəaliyyətlərə təqribən 6 mln. dollar əməliyyat xərcləri və 191 mln. dollar əsaslı xərclər sərf edilib.
Kəmər 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır. Rüb ərzində kəmərin gündəlik orta ötürücülük gücü təqribən 21,4 mln. kubmetr qaz olub.
Cənubi Qafqaz Boru Kəməri şirkətində iştirak payları: BP (28,8%), "AzCQBK" (10%), "Cənub Qaz Dəhlizi Midstrim" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİKO (10%) və TPAO (19%).

Xəbər xətti