Azərbaycanda din və etiqad azadlığı tam təmin edilib

18:20 - 4 May 2017 - KİVDF

Bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malikdirlər

Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə tolerantlıq siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. 1993-cü ildə prezident seçildikdən sonra, oktyabrın 10-da andiçmə mərasimindəki nitqində Azərbaycanda mövcud olan dinlərin həmişə bərabər hüquqa malik olduğunu vurğuladı, dinlər və mədəniyyətlər arasındakı bu münasibətləri daim qoruyacağına and içdi. Ümummilli lider bildirdi ki, Azərbaycan çoxmillətli respublikadır. "Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun böyük tarixi var və bu tarixlə, respublikanın bu ictimai-siyasi mənzərəsi ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır".  Bu imkan da yaradıldı. Bu bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraiti yaradıldı. Dözümlük, başqa dinin nümayəndələri ilə dinc yanaşı yaşamaq milli mentalitetin əsas xüsusiyyətlərindən birinə çevrildi. Ölkəmizdə tarixən islam dini ilə yanaşı xristianlıq, yəhudilik dininə məxsus insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşamağa başladı. Heydər Əliyevin geniş fəaliyyəti nəticəsində respublikada din və etiqad azadlığı tam təmin edildı, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, dini ayin və mərasimləri yerinə yetirmək üçün bütün dinlərə mənsub olan insanlara bərabər şərait yaradıldı. 
Ölkə vətəndaşları öz dini və milli bayramlarını sərbəst şəkildə qeyd etdi
Ümummilli lider milli-dini dəyərlərimizin qorunmasında, İslama ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyətilə böyük rol oynadı. Bunun sayəsində müstəqilliyimizin ilk dövrlərindən xalqımız öz dini və milli bayramlarını sərbəst şəkildə qeyd etdi, insanlar əvvəlki kimi çəkinə-çəkinə, qorxa-qorxa deyil, ürəklə, gözəl ovqatla məscidlərə, kilsələrə, sinaqoqlara üz tutub ibadət edə bildilər. Respublikanın rayon, şəhər və kəndlərində məscidlər tikildi, minarələrdən azan səsi eşidildi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, illər boyu yolu-izi itmiş, baxımsızlıqdan uçub dağılmış müqəddəs ocaqlar, pirlər və ziyarətgahlar yenidən canlandı. Onun sözlərinə görə, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra milli-mənəvi dəyərlərimizə münasibətdə yeni mərhələ başladı. Bu, milli-mənəvi dəyərlərə qayıdışın geniş vüsət alması və xalqımızın mənəvi mədəniyyətində yeni dövrün başlanğıc nöqtəsi idi. Gənclərin milli ruhda tərbiyə olunmasına xüsusi diqqət və qayğı ilə yanaşmağı vacib sayan Ulu Öndər Azərbaycan Gənclərinin I Forumundakı çıxışında bu məqamı önə çəkərək demişdir: “…Gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt imkan verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güdərək, İslam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin və mənəviyyatının zədələnməsinə gətirib çıxartsınlar”. Milli və dini bayramlar münasibəti ilə xalqa müraciət etməyi, ölkə vətəndaşlarına təbrik ünvanlamağı unutmayan böyük dövlət xadimi bütün dini və milli bayramlarda insanlar arasında olur, onlarla söhbətlər edirdi. Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, müxtəlif dinlərə mənsub ölkə vətəndaşları arasında ayrı-seçkilik qoymur, bütün səmavi dinlərin nümayəndələrinə eyni gözlə baxır, istər məscid, istər kilsə, istərsə də sinaqoqların bərpasına və tikintisinə dəstək verirdi".
Tolerantlıq siyasəti ölkənin demokratik inkişafının tərkib hissəsidir
Tarix üzrə elmlər doktoru,professor Zəhmət Şahverdiyev isə bildirib ki, multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edən Heydər Əliyev Azərbaycan ərazisində yaşayan milli azlıqların etnik-mədəni və dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqları kontekstində görürdü. "Ulu öndər 16 noyabr 1999-cu ildə Azərbaycandakı dini konfessiyaların başçıları ilə görüşündə  cəmiyyətdə tolerantlıq və multikultural dəyərlərin vəziyyətini şərh edərək deyibdir: “Azərbaycan Prezidenti olaraq mən məmnunam ki, ... ölkəmiz ictimai-siyasi sabitliyi qoruyub saxlayır, müxtəlif millətlərdən, müxtəlif dinlərdən olan, müxtəlif adətlərə, müxtəlif mədəniyyətə mənsub olan insanlar arasında dostluq münasibətlərini təmin edir. Elə bunun özü tolerantlıqdır, baxmayaraq ki, tolerantlıq çox geniş anlayışdır, özündə çox mənaları birləşdirir. İndi burada başqa sahələr haqqında danışmaq istəmirəm. Tolerantlıq münaqişələrin, terrorizmin, ekstremizmin, separatizmin olmamasını tələb edir. Bunlar hamısı tolerantlıq anlayışına daxildir”. Onun sözlərinə görə, Heydər Əliyev başqa dinlərə qarşı dözümlülük və tolerantlıq münasibətini həmişə öz əməli fəaliyyəti ilə sübut edib. "Heydər Əliyev Azərbaycanda yaşayan qeyri-İslam dini icmalarına qarşı həmişə hörmət və ehtiram göstərib, onların dini bayramlarını təbrik edib, adət-ənənələrinə qayğı ilə yanaşıb",-o deyib. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  ümummilli liderin bu sahədə fəaliyyətinə toxunarkən qeyd edib ki, vərtəndaşların böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizdə digər dinlərə də böyük qayğı göstərilir. "1920-ci ildə bağlanan Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilib. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib. Kilsənin açılış mərasimində ulu öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak ediblər. Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin yaranmasında ümummilli lider Heydər Əliyevin mühüm rol oynadığını vurğulayan Moskva və Ümumrusiya patriarxı II Aleksi Azərbaycanın bu sahədə nümunə olması ilə bağlı öz fikirlərini şərh edərək deyib: “Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir. Bunun əsası Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulub. Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapıb. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda toplanmış təcrübə diqqətlə öyrənilməli və təhlil olunmalıdır”.
1997-ci ildə ölkəmizdə gürcü yəhudilərinin sinaqoqu bərpa edilib. Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra buradakı yəhudi icmaları beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, qəzetlərini yaradıblar. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılıbr. Bu, hazırda Avropada ən böyük sinaqoqdur". 
Bütün bunlar xalqa olan diqqətin, onun milli mənəviyyatına bəslənən sevginin və min illər boyu formalaşan tolerantlıq ənənələrinə hörmətin təzahürü idi. Ölkəmizin bu günkü milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirilməsində önəmli rol oynayır.
(ardı var)

 

Xəbər xətti