Ana səhifə
24 Sentyabr 2018

“85 yaşlı teatrın 60 yaşlı aktyoru”

Kuklaçı aktyorun yubileyi keçiriləcək

Zəngin yaradıcılıq yolu keçən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının inkişafında  özünəməxsus rolu olan aktyorlardan biri də  həyatının 40 ildən artıq bir dövrünü  bu sənət ocağına bağlayan 60 yaşlı  həmişəcavan kuklaçı, Respublikanın Əməkdar artisti Rəhman Rəhmanovdur.  
Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, mayın 5-də  Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə Azərbaycan Dövlət Kukla Teatrında sənətkarın 60 illik yubileyinə həsr olunmuş “85 yaşlı teatrın 60 yaşlı aktyoru”  adlı  gecə keçiriləcək.

Teatr ictimaiyyətinin, mədəniyyət və incəsənət xadimlərinin, teatrsevərlərin iştirak edəcəyi tədbirdə aktyorun uzunmüddətli yaradıcılıq yoluna nəzər salınacaq. Onun aktyor tərcümeyi-halını əks etdirən çarx nümayiş olunacaq, ona tamaşaçı rəğbəti qazandıran tamaşalarından səhnəciklər  nümayiş olunacaq.
Qeyd edək ki, kukla sənətini sevən və ümumilikdə çalışdığı teatrın geniş tamaşaçı auditoriyasına tanıdılmasında özünəməxsus əməyi olan aktyor 1974-cü ildən həyatını Azərbaycan Dövlət Kukla Teatrına bağlayıb. Obrazın xarakterini tam açmaq üçün söz-hərəkət-musiqi vasitələrinin vahid kompozisiyada birləşməsinə məharətlə nail olan aktyorun teatrda yaratdığı müxtəlif xarakterli obrazlar buna bariz misaldır. Xalq yazıçısı Anarın «Qaravəlli» tamaşasında Balaqədeş, Tofiq Kazımovun «Qoçaq Polad» tamaşasında Balıqçı, Mirzəağa Atəşin «Cırtdan» tamaşasında Div, Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında Div və Qədeş, Tofiq Mütəllibovun  «Meşə nağılı»  tamaşasında Təkgöz kişi, Hikmət Ziyanın «Əkiz qardaşlar» tamaşasında Səfər, Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» tamaşasında Oğru, Əli Səmədlinin «Əzablı günlərin sonu»  tamaşasında Qoca zənci, Rada Moskovanın «Hara qaçırsan, dayça?» tamaşasında Balaqan sahibi, Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında Canavar, Nicat Kazımovun «Ələddin» tamaşasında Şah, Eldar Baxışın «Məlikməmməd» tamaşasında  Şah  rollarını ifa edib. Bu mənada Üzeyir Hacıbəylinin  “O olmasın, bu olsun” tamaşasında Məşədi İbad, Azərbaycan xalq nağılları əsasında hazırlanmış “Ağ babanın nağılı”  tamaşasında  Ağ baba, Samuil Marşakın “Pişiyin evi” tamaşasında Nağılçı, Abdulla Şaiqin “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasında Siçan, Şarl Perronun “Çəkməli pişik” tamaşasında Şah  və başqa bu kimi onlarla obrazı ona böyük tamaşaçı sevgisi qazandırıb.
 Rəhman Rəhmanov 2006-cı ildə mono tamaşalar festivalında Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» tamaşası ilə iştirak edib  və «Qızıl Dərviş» mükafatı laureatı olub. Azərbaycan teatrının inkişafındakı  xidmətlərinə  görə 7 mart  2014-cü ildə  Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb, Prezident mükafatçısıdır.

Tarix
2 May 2017 [15:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin