Azərbaycanda din xadimlərinə, dini ibadət yerlərinə yüksək diqqət və qayğı göstərilir

18:07 - 2 May 2017 - KİVDF

Tarixən dini azlıqlara hörmətlə yanaşılıb, onların öz inanclarına uyğun yaşamalarına mane olunmayıb
Bu gün Azərbaycan hakimiyyəti tolerantlıq ənənələrini daha da inkişaf etdirir.  Artiq bu sahədə Azərbaycan böyük təcrübəyə malikdir. Bunun nəticəsidir ki, Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Bunu Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Cingiz İsmayılov deyib. Onun sözlərinə görə, müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməyib, hətta, yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar. "Azərbaycanlılar tarixən dini azlıqlara hörmətlə yanaşaraq, onların öz inanclarına uyğun yaşamalarına nəinki mane olmayıblar, hətta, öz inanclarına uyğun yaşamalarına şərait yaradıblar. Başqa ifadə ilə desək, azərbaycanlılar tarixən dini azlıqların himayədarı və mühafizəçisi qismində çıxış ediblər. Bu, təkcə azərbaycanlıların deyil, dini azlıqların nümayəndələrinin də etiraf etdikləri həqiqətdir",- o deyib.
Sədr müavini qeyd edib ki, hazırda müxtəlif dinlərin nümayəndələri çox vaxt ya rəsmi qəbul və görüşlərdə, ya da dinlərarası dialoq və tolerantlıqla bağlı tədbirlərdə bir araya gəlirlər. Bu onu göstərir ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında ehtiram, qarşılıqlı inam, dini-mənəvi irsə ehtiram var. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib: "Allahın yaratdığı ən böyük dəyər insan həyatıdırsa, onun xilası müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından, müxtəlif mədəniyyətlərin dialoqundan keçir". Onun sözlərinə görə, Azərbaycanda dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir: "Din xadimi olaraq şadam ki, Azərbaycan iqtisadi, siyasi, diplomatik sahədə uğurları ilə yanaşı, nümunəvi dini-mənəvi həyatı ilə də dünyanın diqqət mərkəzindədir. Şükürlər olsun, Azərbaycan dövlət başçımızın siyasəti sayəsində Qafqazın lider dövlətinə çevrilib".
QMİ sədri bildirib ki, dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq Azərbaycanın gerçəkliyidir: "Bu amala həm dövlətimiz ali qarantdır, həm də milli mentalitetimiz rəvac verir. Əlbəttə, ölkəmizin bu sahədə dünyaya örnək ola biləcək uğurlarını Azərbaycanda din-dövlət münasibələrinin düzgün qurulması şərtləndirir. Tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayır, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Müxtəlif dinlərin təmsilçiləri hər zaman bir arada olur, sevinclərini, kədərlərini bölüşür, müxtəlif məzhəblərin ardıcılları eyni məsciddə ibadət edirlər. Azərbaycanda din xadimlərinə, dini ibadət yerlərinə dövlətimizin başçısı tərəfindən yüksək diqqət və qayğı göstərilir".
Bu uğurlu siyasətin nəticəsidir ki, dini liderlərin Şeyxülislamın ağsaqqallığı ilə tez-tez görüşmələri, məsləhət-məşvərət etmələri, müxtəlif tədbirlərdə birgə iştirak etmələri adi haldır. "Təsəvvür edin ki, Şeyxülislam mübarək Ramazan ayında iftar süfrəsi təşkil edir və iftar süfrəsində ölkə Prezidenti cənab İlham Əliyevin sağında Şeyxülislam, solunda isə digər dini konfessiyaların rəhbərləri əyləşirlər. Üstəlik, iftar süfrəsində yalnız Şeyxülislam deyil, digər dini konfessiyaların nümayəndələri də çıxış edirlər. Başqa bir nümunə: müsəlmanların Ramazan ayında təşkil etdikləri iftar süfrələrində digər dinlərin nümayəndələrinin iştirak etməsi praktikası mövcuddur. Eyni zamanda, başqa dinə mənsub dövlət başçılarının, səfirlərin müsəlmanlar, xüsusilə müsəlman din xadimləri və diplomatları üçün protokol xatirinə də olsa, iftar verməsi ənənəsi də var. Amma hansı ölkədə xristian icması müsəlmanlar üçün iftar süfrəsi təşkil edir? Çətin ki, Azərbaycandan başqa belə bir ölkə tapılsın. Maraqlısı odur ki, bu ənənənin əsası tolerantlıq mühitinin daha çox hakim olduğu hansısa şəhərdə - Bakıda, Sumqayıtda, Gəncədə yox, Qəbələ rayonunda qoyulub. Bu rayonun Nic qəsəbəsində kompakt halda yaşayan udi xristianların məhz kilsədə qəsəbənin müsəlman icması üçün iftar süfrəsi təşkil etməsi bütün dünya üçün örnək nümunəyə çevrilib",- komitə sədrinin müavini Cingiz İsmayılov deyib.  
Aydındır ki, din xadimləri və müxtəlif dini icmaların nümayəndələri digər xristian və yəhudi bayramlarında, tədbirlərində də birlikdə iştirak edirlər.Bütün dinlərin nümayəndələrinin Azərbaycanda həm dövlət, həm də ictimai strukturlarda təmsil olunurlar. Azərbaycanın əsas özəlliklərindən biri də milli məhəllələrin və qəsəbələrin olmamasıdır. Eyni küçədə müxtəlif dini icmaların nümayəndələri yaşayır və birlikdə müxtəlif dini bayramları və mərasimləri qeyd edirlər. Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri də burada yaşayan bütün vətəndaşların dövlətin mənafeyi üçün çalışmalarıdır. Bundan başqa, Azərbaycanda mədəniyyətlərarası dialoq, həmçinin tolerantlıq ənənələrinə göstərilən hörmət ölkəmizi dıgərlərindən fərqləndirən önəmli keyfiyyətdir. Bununla bağlı danışan Şeyxülislam bildirib ki, dini və mənəvi dəyərlərə, mədəniyyətlərarası dialoqa, həmçinin tolerantlıq ənənələrinə göstərilən hörmətin ölkəmizdə yüksək səviyyədə olmasından fəxr hissi duyur. O, Azərbaycanın müxtəlif mədəniyyətlər arasında mənəvi körpü olduğunu və gələcəkdə də bu mənəvi rolu icra edəcəyini bildirib. A.Paşazadə qeyd edib ki, Bakı artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin bir-birinin ardınca keçirildiyi ənənəvi məkana çevrilib. Azərbaycan dünya miqyasında uğurlu dinlərarası əməkdaşlıq ənənəsinə hər zaman sadiqdir: "Müxtəlif mədəniyyətlərin bir arada olmasını o bir olan Yaradanımız özü istəyib. Bu, təqdiri-ilahidir və biz - din xadimləri bu həqiqəti sizlərə çatdırmağa məsuluq. Allah-təala müqəddəs kitabımız Qurani-Kərimdə buyurub: "Biz sizi bir kişi və bir qadından yaratdıq, sonra bir-birinizi tanıyasınız deyə ayrı-ayrı qəbilələrə, tayfalara böldük".
Şeyxülislamın fikrincə, Azərbaycanın uğurlarının açarı kimliyindən asılı olmayaraq, burada insanların sülh və anlaşma şəraitində yaşamasıdır: " Azərbaycan torpağında tərəqqinin, həyatın bütün sahələrində uğurlarımızın təməlində müxtəlif mədəniyyət daşıyıcısı olan vətəndaşlarımızın bir ailə kimi yaşaması, xalqımızın bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış etməsi durur. Bu, bizim bugünkü və gələcək uğurlarımızın açarıdır".
A.Paşazadə bildirib ki, Azərbaycanda müxtəlif dinin nümayəndələri dostluq şəraitində, dövlətin qayğısı ilə yaşayır: "Dünyada terrorizm tüğyan etdiyi halda, Azərbaycan Prezidenti İlham Əliyev dünyada sülhün carçısı kimi çıxış edir. Azərbaycanda İslam həmrəyliyi ili elan edilməsi təkcə islam aləmində deyil, islam aləmi ilə digər dinlər arasında da harmoniyanı özündə ehtiva edir. Azərbaycan öz nümunəsində bütün dünyaya nümayiş etdirir ki, dini harmoniyaya əsaslanan cəmiyyət yaratmaq mümkündür və bu məfkurə yaşaya bilər. Azərbaycan bütün dünyaya uğurlu ideyalar təqdim edən güclü bir dövlətə çevrilib".

 

Xəbər xətti