Ağstafa-Köçəsgər yolu yenidən qurulur – FOTO+VİDEO

11:09 - 2 May 2017 - ÖLKƏ İÇİ

Ağstafa-Köçəsgər yolu yenidən qurulur. Bu barədə “Azəravtyol” ASC-dən məlumat verilib. Avtomobil yolu ilə xüsusən payız-qış aylarında hərəkətdə müəyyən çətinliklər yaranırdı. Çünki uzun müddət əsaslı şəkildə təmir olunmayan yolda dağılmış və qabarmış hissələr yaranmışdır. Yolun yenidən qurulması ilə bu problem köklü şəkildə aradan qaldırılır. Torpaq işləri görülüb, yeni yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri aparılır. Bu işlərə paralel olaraq hazır olan hissələrin asfaltlanması işləri də görülür. Uzunluğu 15, 5 km, eni 12 m olan və 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yolunun hazırda 6 km –lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı də salınıb. Ümumilikdə yolun 100 m 2-dən çox ərazisinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt - beton örtük döşənəcək. 2 hərəkət zolaqlı və hərəkət hissəsinin eni 7 m olan yolun yatağının eni 12 m təşkil edir. Bura 2.5 m enində çiyinlər də daxildir. Görülən işlər tam olaraq yekunlaşdıqdan sonra yola 62 ədəd yol nişanları və məlumatverici lövhələr, 18 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, 46500 m uzunluğunda yolcizgi və yol göstərici xətlər çəkiləcək. Avtomobil yolunun yenidən qurulması “Azəravtyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

 


Xəbər xətti