ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşı İŞİD terrorçusuna ərə gedib

10:11 - 2 May 2017 - DÜNYA

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşı İŞİD terrorçusuna ərə gedib.APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, terrorçu Denis Kaspert barədə təhqiqat aparmaq tapşırığı alan tərcüməçi Daniela Qrin onunla ailə qurub.
D. Qrin Suriyaya getdiyi barədə FTB-ya yanlış məlumat verib və Denis Kasperti təhqiqat barədə məlumatlandırıb. Onlar 2014-cü ildə evləniblər. Məlumata görə, bir neçə həftə sonra D.Qrin səhvini anlayıb və ABŞ-a qayıdarkən həbs edilib. İstintaqla əməkdaşlıq etməyə razılıq verən D. Qrin iki il müddətinə azadlıqdan məhrum edilib. Keçən ilin yayında o, azadlığa buraxılıb.
2015-ci ilin oktyabrında isə CNN telekanalı 39 yaşlı Kaspertin ABŞ-nın hava zərbələri zamanı Suriyada zərərsizləşdirildiyini açıqlayıb. Bundan əvvəl Dövlət Departamenti Kasperti xüsusilə təhlükəli beynəlxalq terrorçular siyahısına daxil edib.
İstintaqın məlumatına görə, sabiq almaniyalı repçi D.Kaspert 2012-ci ildə İŞİD sıralarına qoşulub. O, qruplaşmaya yeni üzvlərin cəlbi və təbliğat işləri ilə məşğul olub. Bir neçə dəfə İŞİD-in çəkdiyi video çarxlarda yer alan D. Kaspert çarxlardan birində əlində kəsilmiş insan başı tutub.

Xəbər xətti