Ağdaşda elektron xidmətlərlə bağlı maarifləndirilmə tədbiri keçirilib

22:40 - 28 Aprel 2017 - Xəbər

Region sakinlərinin respublikamızda göstərilən elektron xidmətlərlə bağlı maarifləndirilməsi üçün növbəti tədbir Ağdaş rayonunda keçirilib. Ağdaş rayon Dövlət Humanitar Kollecində keçirilən tədbirdə 161 nəfər müəllim və tələbə iştirak edib. Tədbiri giriş sözü ilə açan Ağdaş rayon Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev idarəetmədə günün tələbi olan elektronlaşmanın rolu və önəmindən bəhs edib. 
Ağdaş rayon İcra Hakimiyyətinin nümayəndəsi Qalib Həsənov da elektron xidmətlərdən istifadənin hər bir vətəndaş üçün faydasını vurğulayıb. 
Daha sonra çıxış edən Regional İnsan Hüquqları və Media Mərkəzinin eksperti Xalid Kazımov bildirib ki, tədbirin keçirilməsində əsas məqsədin elektron xidmətlərlə bağlı vətəndaşların məlumatlılığının artırılmasıdır: "Dövlət orqanları və ictimai funksiya yerinə yetirən qurumlar tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin sayı getdikcə artır. Son bir ay müddətində elektron xidmətlərin siyahısına 10-dan artıq xidmət əlavə olunub. Əgər 20 gün öncə biz 431 elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiyasından danışırdıqsa, bu gün onların sayı 441-dir. Məmur vətəndaş təmasının aradan qaldırılmasına hesablanan belə xidmətlərin siyahısına hər ay yeniləri əlavə olunur. Bu gün vətəndaşlar zəruri ehtiyac hiss etdiyi 16 növ arayışı heç bir dövlət qurmuna üz tutmadan elektron qaydada əldə edə bilər. Dövlət qurumu tərəfindən kagız formatda verilən möhürlü arayışlarla eyni hüquqi qüvvəyə malik olan bu arayışların onlayn qaydada verilməsi insanlara həm zamana qənaət etməyə imkan verir, həm də əlavə əziyyətdən qurtarır”. 
Xalid Kazımov qeyd edib ki, sürətlə inkişaf edən sosial xidmətlərin elektronlaşdırılması prosesinə vətəndaş nəzarəti və ictimai tələb vacibdir: “Bu gün “Elektron hökumət” quruculuğu sahəsində aparılan işlər yaşam dinamikasının sadələşdirilməsi və sivil hüquqların qorunması üçün kifayət qədər resurslar təqdim edir. Bu resursların sayının çoxluğu və virtual olaraq vətəndaşlara açıq olması sosial rifahın yaxşılaşdırılması üçün nəzərdə tutulub. Bu istiqamətdə qanunvericilik islahatları davamlı şəkildə vətəndaş rəyinə və istifadəsinə uyğun inkişaf etdirilir”.
Daha sonra tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri Günay Hüseynova və Elvin Cəfərli İKT-nin xidmət sahələrinə tətbiqi ilə bağlı rəsmi sənədlərdən, “Elektron hökumət” portalının qanunvericilik bazası, portalın yaranması və inkişaf mərhələləri, eyni zamanda ondan istifadə etmə qaydaları barədə məlumat veriblər.
Belə ki, “Elektron hökumət” portalı seminar iştirakçılarına praktiki olaraq göstərilib, portalın giriş vasitələri, xidmət qrupları və ən çox müraciət olunan elektron xidmətlər, həmçinin vətəndaşların portaldan istifadəsini sadələşdirən alətlər əyani olaraq test edilib.
Seminar sual-cavab sessiyası, müzakirələrlə yekunlaşıb. Sonda tədbirin fəal iştirakçılarına “Elektron hökumət” portalına daxil olmaq üçün istifadəçi adı və şifrə təqdim edilib.
Qeyd edək ki, Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu tədbir də Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış "Elektron xidmətlərdən istifadədə region sakinlərinə  köməkliklərin göstərilməsi" adlı xidmət çərçivəsində icra edilir. Proqram çərçivəsində elektron xidmətlərlə bağlı vətəndaşların məlumatlılığının artırılması üçün Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Yevlax və Ağdaş rayonlarında məlumatlandırma sessiyaları keçirilib.


Xəbər xətti