Zərifə Əliyevanın anım mərasimi Ukraynada keçirilib

16:32 - 28 Aprel 2017 - Xəbər

Bu gün Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq - alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, İrpen şəhər meriyasının rəsmiləri, Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndələri, Azərbaycan diasporunun fəalları, gənclər və media təmsilçiləri iştirak edib.
Tədbirə qatılanlar ilk öncə Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq - alim, akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər qoymaqla onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Anım mərasimində Azerbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək, öz şəfalı əlləri ilə neçə-neçə insanın gözünə nur bəxş edən akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkşafındakı misilsiz xidmətindən söz açıb. İrpen şəhərində görkəmli elm xadiminin adını daşıyan istirahət parkının və mərkəzi küçənin Azərbaycanla Ukrayna arasında sarsılmaz dostluq körpüsünə çevrildiyini bildirən diplomat, 2015-ci ildə kurort şəhərindəki 12 saylı orta məktəbinə akademik Zərifə Əliyevanın adının verilməsini tarixi hadisə adlandırıb. Tədbirdə İrpen şəhərinin merinin müavini Xristyok Dmitriy, Zərifə Əliyeva adına 12 saylı orta məktəbin direktoru Valentina Antonenko və digər rəsmi şəxslər çıxış edərək, akademik Zərifə Əliyevanın şərəfli ömür yolundan bəhs ediblər. Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım Əliyevanın əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrildiyini vurğulayıblar.

Zərifə Əliyeva adına 12 saylı orta məktəbin direktoru Valentina Antonenko qeyd eidb: "Mən qürur duyuram ki, Zərifə Əliyeva kimi görkəmli elm xadiminin adını daşıyan məktəbin direktoruyam. Zərifə Əliyeva görkəmli alim olmaqla yanaşı, dünya şöhrətli siyasi xadim, müdrik və dahi şəxsiyyət olan Heydər Əliyevin ömür-gün yoldaşı, İlham Əliyev kimi mütərəqqi bir dövlət başçısının anası olub. Qürurverici haldır ki, belə bir dəyərli şəxsiyyətin xatirəsi Azərbaycanla yanaşı Ukraynada da böyük ehtiramla yad olunur ".

İrpen şəhər icra hakimiyyəti başçısının müavini Xristyuk Dmitriy bildirib: "Zərifə Əliyeva adına park şəhərimizdə ən gözəl və nümunəvi istirahət güşəsidir. Mən çox şadam ki, İrpen şəhərindəki Zərifə Əliyeva adına 12 saylı orta məktəb, mərkəzi küçə və istirahət parkı Azərbaycanla Ukrayna arasında mənəvi dostluq və mədəniyyət körpüsünə çevrilib. O körpü ki, əsrlər boyu iki qardaş xalqın əbədi dostluğuna şahidlik edəcək".

Sonra tədbirə qatılanlar akademikin adını daşıyan 12 saylı orta məktəbə gələrək, xüsusi təyinatlı elm ocağında fəaliyyət göstərən Zərifə Əliyeva muzeyi ilə tanış olublar. Xatirə muzeyində akademik Zərifə Əliyevanın zəngin həyatını ve səmərəli elmi fəaliyyətini özündə əks etdirən foto kompazisya tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Xəbər xətti