Xəzərdən başlayan səyahət Qəbələyə yetişdi

13:42 - 28 Aprel 2017 - Xəbər

Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Qəbələyə yetişdi. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər,  eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək. 
Bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Nohur gölü ətrafında tədbir keçirildi. Böyük Qafqaz dağlarının yaxınlığında, dumanlı meşələr arasında yerləşən, göy suları ilə yadda qalan Nohur gölü ilin istənilən mövsümündə gözəldir. 1949-cu ildə bu gölün yanında ətraf kəndləri su ilə təchiz edən su anbarı yaradılmışdır. Bu gün bu məkan məşhur istirahət mərkəzidir.

Su mərasimi, rəsm və rəqs həvəskarı Şəfiqə Bayramzadə, taekvondo üzrə beynəlxalq turnirlərin qalibi Xəyal Əzizov və boks üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Cavid Çələbiyev tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirildi.  Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.
Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Qəbələ Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilen tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu Şəhərdə”nin tanınmış simaları Rəfael İsgəndərov, Coşqun Rəhimov ve Müşviq Abbasov da var idi. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı.
Mərasim axşam saatlarında Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam etdi.  Tədbirə sərbəst giriş imkanı olan region sakinləri Mirvari rəqs qrupu, ZopZopu etnoqrafik rəqs qrupu və Nəcməddin Əliyevin ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq aldılar.
Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Qəbələ sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu. 
Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 29 aprel tarixində Qusar şəhəri olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək. 


Xəbər xətti