Ekspert: "Rusiyadan alınan silahlar Ordumuzun güclənməsinə böyük töhfədir"

12:42 - 27 Aprel 2017 - SİYASƏT

Azərbaycan ilə Rusiya arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən, Rusiyadan mərhələli şəkildə ölkəmizə müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilir. Aprelin 26-da ictimaiyyətə təqdim edilən bu silah və texnika Müdafiə Nazirliyi tərəfindən alınan silahların hamısı yox, cüzi bir qismidir. Alınan bütün silah və texnikaların hamısının nümayişi təhlükəsizlik baxımından yolverilməzdir. Bunu Trend-ə hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev deyib. O bildirib ki, bu silah və texnika paradda nümayiş etdirmək və yaxud da ki, sıra baxışı üçün alınmayıb: "Bunlar konkret olaraq döyüşdə istifadə edilmək və düşməni məhv edərək torpaqlarımızın azad edilməsi üçün alınıb. Əminəm ki, aldığımız texnika və silahlar tezliklə bu müqəddəs vəzifənin icrası zamanı istifadə olunacaq. İnanıram ki, alınan yeni silah və hərbi texnikanın tez bir zamanda mütəxəssislər tərəfindən mənimsənilərək döyüş bölgələrində yerləşən bölmələrimizin silahlanmasına verilməklə, aktiv döyüşlər zamanı şəxsi heyətin döyüş imkan­la­rının daha da güclənməsini təmin etmiş olacaq. İstifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də Silahlı Qüvvələrimizin qarşısında qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək. Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında öz yerini inamla tutmaqda davam edir və ordumuz bu yeniliklərin nəticəsi olaraq istənilən hərbi vəzifəni icra edə bilər və edəcək də".

Xəbər xətti