İt toyundakı balabançı Aşıqlar Birliyindən qovuldu

14:14 - 26 Aprel 2017 - Xəbər

Azərbaycan Aşıqlar Birliyi goranboylu iş adamının itinin toyu ilə bağlı bəyanat verib. Ucnoqta.az xəbər verir ki, Azərbaycan Aşıqlar Birliyindən Lent.az-a verilən məlumata görə, bu hadisə haqlı olaraq mədəniyyət və incəsənət işçiləri, bütövlükdə ölkə ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb və kəskin qınaq obyektinə çevrilib: "Azərbaycan Aşıqlar Birliyi də milli-mənəvi dəyərlərimizə zidd olan bu hadisəyə biganə qalmayıb. Çünki burada söhbət həm də həmin “toy”da bir “aşığın” iştirak etməsindən gedir. Bu olay Azərbaycan Aşıqlar Birliyin katibliyində müzakirə olunub və müvafiq qərar qəbul edilib. Araşdırmamız nəticəsində məlum oldu ki, həmin “toy”da oxuyan “aşıq” Məmmədov Şəmməd Məmməd oğlu Azərbaycan Aşıqlar Birliyinin üzvü deyil, onun aşıq kimi heç bir fəaliyyətindən xəbərimiz yoxdur, yəni hər əlinə saz götürən hələ aşıq demək deyil. Onu balabanda müşayiət edən Haqverdi Kərəm oğlu Əliyev isə təəssüf ki, Azərbaycan Aşıqlar Birliyinin üzvü olub.

Azərbaycan Aşıqlar Birliyinin katibliyi əlinə saz götürüb özünü aşıq adlandıran, əslində isə hərəkətləri ilə xalqımızın bu qədim və ölməz sənətini nüfuzdan salmağa xidmət edən Şəmməd Məmmədovun  hərəkətlərini qətiyyətlə pisləyir və gələcəkdə belə nalayiq hərəkətlərə yol verməməyə çağırır. Birliyin üzvü olan Haqverdi Əliyev mənsub olduğu təşkilatın nizamnaməsini kobud surətdə pozduğuna, sənətə və sənətkara yaraşmayan hərəkətlərə yol verdiyinə görə Azərbaycan Aşıqlar Birliyinin üzvlüyündən xaric edilib".
 
Aşıqlar Birliyi bəyan edib ki, bu sayaq hərəkətlər milli-mənəvi dəyərlərimizə, bu sənəti bizlərə miras qoymuş ustad aşıqlarımızın ruhuna sayğısızlıqdır və bu cür davranış və hərəkətlərə yol verən aşıqlara qarşı bundan sonra da sərt ölçü götürüləcək.

Xəbər xətti