Elmira Axundovadan Səhiyyə və Daxili İşlər nazirliklərinə MÜRACİƏT

16:53 - 25 Aprel 2017 - SİYASƏT

“Azərbaycan Respublikası ərazisində qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin mövcud siyahısı ilə əlaqədar bir fikrimi sizinlə bölüşmək istəyirəm”. Bu sözləri deputat Elmira Axundova Milli Məclisin bugünkü iclasında ölkə ərazisində qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələ və psixotrop maddələrlə bağlı məsələnin müzakirəsi zamanı səsləndirib: “Biz həmin siyahını təsdiq etdikdən sonra bu sahədə mühüm dərəcədə nizam-intizam yarandı. Lakin xəstəliyinə uyğun olaraq bəzi psixotrop maddələrə ehtiyacı olan sıravi vətəndaşlar üçün ciddi problemlər yaranıb. Bununla bağlı seçicilərim mənə dəfələrlə müraciət edərək hətta həkim resepti olanda da bu və ya digər dərmanları ala bilməməkdən şikayət edirlər.

Bildiyimə görə hal-hazırda Azərbaycanda 20-dən çox tibbi təşkilat və müəssisəyə belə psixotrop maddələrlə xəstələrin müalicəsinə icazə verilib. Lakin problem orasındadır ki, bu xəstə tibb ocağından çıxdıqdan sonra psixotrop maddələrlə təmin olunmalıdırlar. Xəstənin yaxınları isə bu preparatları xüsusən rayon yerlərində apteklərdən əldə edə bilmirlər. Çünki hətta Bakının özündə xüsusi lisenziya almış və psixotrop maddələrin satışı ilə məşğul ola bilən apteklərin sayı çox məhduddur, bildiyimə görə bir neçə dənədir. Bir sıra apteklər müvafiq qurumlara xüsusi icazə üçün müraciət etsələr də, 1 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də icazə ala bilməyiblər.
Statistik məlumatlara görə, respublikada ancaq psixi xəstəliklərdən əziyyət çəkənlərin sayı 96 mindən çoxdur. Mən hələ yüksək ağrıkəsici vasitələrə ehtiyac duyan digər xəstələri demirəm, məsələn, bəd xassəli şiş. Belə olan halda psixotrop dərmanların satışına icazənin cəmi bir neçə aptekə verilməsi əhali üçün böyük çətinliklər yaradır, heç də hamının bu dərmanlar üçün Bakıya gəlməyə maddi imkanı yoxdur. Ona görə əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq hesab edirəm ki, heç olmasa hər regionda bir aptekə bu cür lisenziya verməklə psixi xəstəliklərdən və müxtəlif ağrılardan əziyyət çəkən vətəndaşlara böyük kömək etmiş olardıq. Müvafiq qurumlardan, ilk növbədə Səhiyyə Nazirliyi və DİN Baş Narkotiklərlə Mübarizə İdarəsindən xahiş edirəm ki, bu məsələyə əlaqəli şəkildə yanaşsınlar, müraciət edən apteklərə xüsusi lisenziyaların verilməsi prosesini sadələşdirsinlər, sürətləndirsinlər və bu sahədə mövcud olan bürokratik əngəlləri aradan qaldırsınlar. Xüsusən də, Cənab prezident öz çıxışında dəfələrlə lisenziya və digər biznes sənədlərinin sadələşdirilməsini müvafiq qurumlar qarşısında vəzifə kimi qoyub”.

 

Elməddin

Xəbər xətti