İsmayıllıda iribuynuzlu heyvanların ölüm səbəbi məlum olub

16:41 - 25 Aprel 2017 - ÖLKƏ İÇİ

Heyvanların kütləvi tələfatı barədə yayılmış məlumatların heç bir əsası yoxdur

Aprelin 22-də bir sıra kütləvi informasiya vasitələrində İsmayıllı rayonunun Qubaxəlilli kəndində iribuynuzlu heyvanların naməlum səbəbdən tələfolması barədə məlumat yayılıb. Bununla əlaqədar bildiririk ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin İsmayıllı Rayon Baytarlıq İdarəsinin əməkdaşları Qubaxəlilli kəndində araşdırmalar aparıblar. Araşdırmalar zamanı kənd sakinləri Mirzəyev Əlimöhsümə və Həsənov Namiqə məxsus  şəxsi təsərrüfatlarda cəmi 2 baş südəmər buzovun tələf olması müəyyən edilib. Həmçinin araşdırmalar zamanı kəndin digər təsərrüfatlarında iribuynuzlu heyvanların ölməsi qeydə alınmayıb. 
Ölmüş buzovlarda aparılan patoloji-anotomik yarma zamanı onların bağırsaqlarında çoxlu sayda askarid qurdlarının olması müəyyən edilib. 
Tələf olmuş buzovlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək ərazi dezinfeksiya edilib. Eləcə də təsərrüfat sahiblərinə müvafiq mütəxəssis məsləhətləri verilib. 
Qeyd edək ki, yanvar ayından bu günə kimi, yəni 4 ay ərzində İsmayıllı rayonunun Qubaxəlilli kəndində, ümumilikdə 4 baş iribuynuzlu heyvan (sudəmər buzov) ölüb. Bu heyvanlar isə ayrı-ayrı təsərrüfatlarda olmaqla terapevtik xəstəliklərdən tələf olublar. İsmayıllı rayonunun Qubaxəlilli kəndində, eləcə də rayonun digər kəndlərində iribuynuzlu heyvanların kütləvi tələf olması faktına təsadüf edilməyib.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın. 
Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil, epizootoloji sabitliyə nəzarət olunur və epizootik vəziyyət sabitdir.

 

Xəbər xətti