Bakı şəhərində “Məqsədlərə doğru birlikdə!” adlı sosial aksiya təşkil olunacaq

13:58 - 25 Aprel 2017 - Cəmiyyət

29 aprel tarixində Bakı şəhərində Nizami küçəsi 62C (İSR Plazanın yanı) ünvanında “Məqsədlərə doğru birlikdə!” sosial aksiyası keçiriləcəkdir. Aksiya “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası çərçivəsində Gənclər və İdman Nazirliyi, BMT-nin Əhali Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir. 
Aksiyanın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclər arasında təbliğat-təşviqat aparılması, gənclərin dayanıqlı inkişaf məqsədləri ilə bağlı sosial fəaliyyətlərə cəlb olunması, onların iştirakı ilə inkişaf məqsədləri haqqında mesajların ötürülməsi və onların dayanıqlı inkişaf məqsədlərinə çatdırılmasında rolunun artmasıdır.
Gün ərzində davam edəcək aksiya zamanı musiqili proqram çərçivəsində DJ və müxtəlif tanınmış simalar çıxışlar edərək BMT-nin qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclərə çağırışlar edəcək və gəncləri “Həmrəylik lövhəsinə” imza atmağa səsləyəcəklər. Həmçinin, aksiya çərçivəsində mövzu ilə bağlı müxtəlif viktorinalar keçiriləcək və hədiyyələr veriləcəkdir. Aksiya çərçivəsində gənclərə kampaniyanın məqsədlərini əks etdirən yaxa nişanı, kitabçalar, şarlar və digər müxtəlif təbliğat materialları paylanılacaq. 
Aksiyada iştirak etmək və ətraflı məlumat almaq üçün www.betterfuture.nayora.az portalına daxil olmağınız xahiş olunur. 
Məlumat üçün bildirək ki, artıq dünya liderləri tərəfindən BMT-nin Baş Qərargahında 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən və 2016-2030-cu illəri əhatə edəcək Qlobal Gündəlik qəbul olunmuşdur. İki ildən çox sürən məsləhətləşmələrdə vətəndaş cəmiyyətinin birbaşa iştirakı ilə həyata keciriləcək proseslərlə ölkələr 2030-cu ilədək dayanıqlı inkişafla yoxsulluğa son qoymaq və rifahı təşviq etmək barəsində razılığa gəliblər. Bunu nəzərə alaraq, məlumatlılığın artırılması və göstərilən problemləri həll etmək üçün Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və BMT-nin Əhali Fondu ilə birgə “Gənclər Daha Yaxşı gələcək Uğrunda” Kampaniyası çərçivəsində “Azərbaycan Gəncləri Daha Yaxşı Gələcək Uğrunda: Dayanıqlı İnkişaf Məqsədləri” layihəsini 15 noyabr 2016 - 15 iyun 2017-ci il tarixlərində həyata keçirir.
Xatırladaq ki, 6 oktyabr 2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdı. Bu şuranın əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.

 


Xəbər xətti