Azərbaycan tolerantlığının qaynaqları öz zənginliyi ilə diqqət çəkir

18:18 - 24 Aprel 2017 - KİVDF

Bu zənginlik multikultural və tolerant yaşam tərzinin xalqımıza əsrlərdən bəri xas olduğunu sübut edir

 «Azərbaycan xalqının ədəbi-bədii, ictimai-siyasi və elmi-fəlsə fifikir tarixində multikultural və tolerant əhvalın əsrlər boyu formalaşan və konkret nümunələrdə yaşayan təzahürləri çoxşaxəli və rəngarəng olmuşdur». Bu fikri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib. K.Abdullayev bildirib ki, bu baxımdan Azərbaycan tolerantlığının, multikulturalizminin qaynaqları öz zənginliyi ilə diqqət çəkir. Onun sözlərinə görə, bu zənginlik multikultural və tolerant yaşam tərzinin xalqımıza əsrlərdən bəri xas olduğunu sübut edir.«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib. Azərbaycan multikulturalizminin qədim və zəngin qaynaqlarının öyrənilməsi nəticəsində ədəbiyyatımızın, fəlsəfəmizin, publisistikamızın, mədəniyyətimizin görkəmli nümayəndələrini, elm adamlarımızı, dövlət xadimlərimizi, sərkərdələrimizi, mütəfəkirlərimizi yeni bir rakursda görmək imkanı qazanmış oluruq. Ədəbiyyatımıza, fəlsəfəmizə, publisistikamıza, mədəniyyətimizə, dövlətçilik tariximizə, elm tariximizə multikultural dəyərlər prizmasından baxış xalqımızın qeyd edilən sahələrdə yaratmış olduğuirsi daha əzəmətli göstərir. Həmçinin bu baxış bucağı bizə ictimai-siyasi, elmi-fəlsəfi və ədəbi-bədii tariximizi daha rəngarəng və zəngin paradiqmalarda təqdim edir. Bəşəriyyəti bütöv kimi dərk etmək istəyi, ayrı-ayrı xalqları mənəvi xətlərlə birləşdirən amilləri tapmaq ehtiyacı, dinləri bir-birinə yaxınlaşdırmaq cəhdi, müxtəlif dinlərin müqəddəslərinə eyni ehtiram, insanlara dininə görə deyil, dəyərinə görə qiymət vermə əxlaqı, hər kəsi mərhəmətə, şəfqətə, başqasının dərdinə acımağa dəvət, eşqin ən yüksək, ən ali hiss kimi dilindən, dinindən asılı olmadan bütün xalqlar üçün əsas həyat prinsipi olmasının tərənnümü və bir sıra digər bu kimi dəyərlər ictimai fikir tariximizin dərin qatda pərvaz edən ruhunun göstəriciləridir»- deyə, Dövlət müşaviri vurğulayıb.
Onun sözlərinə görə, tolerantlıq, multikulturalizm energiyası cəmiyyətimizin bütün təbəqələrinin canında, ruhunda elə bir ehtirasla yığılıb qalmışdı ki, onun çıxış yolu tapması, qarşıdakı bəndlərin aradan götürülməsi, geniş həyat mövqeyinə çıxarılması üçün  “Multikulturalizm ili” elan edildi. Onun sözlərinə görə, Azərbaycan artıq dünyada tolerantlıq. multikulturalizmin mərkəzlərindən birinə çevrilməkdədir. "Əlbəttə ki, bu gün dünyada multikulturalizmlə bağlı iki qütbün formalaşmasını görməmək mümkün deyil. Bu qütblərdən birini mən bədbin, digərini isə nikbin qütb adlandırardım. Multikulturalizmin bədbin qütbünü İngiltərənin keçmiş Baş naziri Devid Kemeron Münxendəki çıxışında formalaşdırdı. Hətta onun bu konfransdakı çıxışı belə ad altında çap edildi: “Mənim multikulturalizmə qarşı müharibəm”. Həqiqətən də bu, bir müharibə idi. Çünki İngiltərədə, Fransada, Almaniyada multikulturalizmin bu cür bədbin şəkildə qəbul edilməsinin bir səbəbi də burada yaşayan başqa xalqların o ölkələrin multikultural, mədəni, mənəvi həyatına inteqrasiya olmama istəklərinə əsaslanırdı. Bu, o deməkdir ki, İngiltərədə, Fransada, Almaniya və digər Avropa ölkələrində qarşıdurma güclənir, mədəniyyətlərin bir-birini tanımaması halı artır, ksenofobiyanın, islamofobiyanın, antisemitizmin, neofaşizmin “çiçəklənməsi” üçün şərait yaranır. Multikulturalizmin bu ölkələrdə iflasını qeyd edən Kemeron, eyni zamanda, bədbin qütbün formalaşdırılmasını da şərtləndirən müddəalarla çıxış etdi. Faktiki olaraq o ölkələrdə ki multikulturalizmə bədbin siyasi münasibət var, orada hər hansı qarşıdurmanı görmək elə də çətin deyil.
Amma bu bədbin qütbə qarşı dünyada nikbin bir qütb də formalaşmaqdadır. Bu nikbin qütbü Azərbaycan Prezidenti İlham Əliyev öz şəxsində təmsil edir və Azərbaycanda multikulturalizmin təntənəsini onu dövlət siyasətinə çevirməklə reallaşdırır. Prezident İlham Əliyevin bu sözləri son dərəcə önəmlidir: “Bu gün dünyada multikulturalizmin alternativi yoxdur”. Elə buna görə də Prezident öz xalqının çoxəsrlik multikultural ənənələrinə əsaslanaraq 2016-cı ili “Multikulturalizm ili” elan etdi və biz inanırıq bu ilin daxili, mənəvi tutumu, energiyası elədir ki, ölkədə mövcud olan multikultural həyat öz davamını o biri illərdə də sürəcək". 
Bəli. Bu gün Azərbaycan iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir.
Dövlət müşaviri bildirib ki, Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Bu onu gstərir ki, İslam dünyasının bir parçası olaraq Azərbaycan milli-mənəvi dəyərlərini və xalqımıza məxsus xüsusiyyətləri qoruyub saxlayır. Xalqımızın tarixdən gələn bu xüsusiyyətlərini gələcək nəsillər də yaşatmalıdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı daha da sürətlənib. Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq. "Multikulturalizm həm Azərbaycanda, həmçinin bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunmasına, inkişafına və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür. 
Dövlət müşaviri bildirib ki, Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, tolerantlıq, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur. "Bu anlayış multikulturalizmin hakim olduğu bütün dövlətlər üçün xarakterikdir. Hansısa qanunu və ya idarəetmə formasını istənilən vaxt yenisi ilə əvəzləmək mümkündür. Ancaq xalqın mədəniyyətini yüz illər keçsə belə, dəyişmək mümkün deyil. Bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizmsiyasətinin banisi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Onun həyata keçirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bir sözlə, multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir. Hazırda Azərbaycan dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrilib".

Xəbər xətti