Hazırda 16 növ arayışı elektron qaydada əldə etmək olur

10:34 - 24 Aprel 2017 - Xəbər

“Son illər respublikamızda dövlət və ictimai funksiya yerinə yetirən qurumlar tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin sayı artır. Məmur vətəndaş təmasının aradan qaldırılmasına hesablanan belə xidmətlərin siyahısına hər ay yeniləri əlavə olunur. Təkcə onu demək kifayətdir ki, bu gün vətəndaşlar zəruri ehtiyac hiss etdiyi 16 növ arayışı heç bir dövlət qurmuna üz tutmadan elektron qaydada əldə edə bilər. Dövlət qurumu tərəfindən kagız formatda verilən möhürlü arayışlarla eyni hüquqi qüvvəyə malik olan bu arayışların onlayn qaydada verilməsi insanları həm də kağız daşımaq əziyyətindən xilas edir”. Modern.az xəbər verir ki, bunu  Regional İnsan Hüquqları və Media Mərkəzinin eksperti Xalid Kazımov region sakinlərinin respublikamızda göstərilən elektron xidmətlərlə bağlı maarifləndirilməsi məqsədi ilə Göygöl rayonunda keçirilən, 34 nəfər rayon sakinin iştirak etdiyi məlumatlandırma sessiyasında vurğulayıb.

Bu tədbirin keçirilməsində də əsas məqsədin elektron xidmətlərlə bağlı region sakinlərinin məlumatlılığının artırılması olduğunu vurğulayan Xalid Kazımov «elektron hökumət»in vətəndaş üçün xeyli üstünlükləri olduğunu bildirib: “Yaradılan xidmətlər həm də vətəndaşlara  problemlərini ayrı-ayrı təşkilatlara ayaq döymədən, kompyuter arxasına keçməklə, yaxud da, elə mobil telefonla həll etməyə imkan verir. Ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və əhaliyə göstərilən elektron xidmətlərin daim yenilənməsi region sakinlərinin bu xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılmasına ehtiyac yaradır”.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Babək Rəsulov elektron xidmətlərlə bağlı əhalinin məlumatlılığının artırılmasının əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri Günay Hüseynova və Elvin Cəfərli İKT-nin xidmət sahələrinə tətbiqi ilə bağlı rəsmi sənədlərdən, "Elektron hökumət" portalının qanunvericilik bazası, portalın yaranması və inkişaf mərhələləri barədə məlumat veriblər. Tədbir iştirakçılarına elektron xidmətlərin üstünlükləri, "Elektron hökumət" portalı, portal vasitəsi ilə göstərilən xidmətlər, elektron arayışlar və onlardan istifadə imkanları ilə bağlı nəzəri və təcrübi məlumat verilib.
Nəzəri məlumatlandırmadan sonra, "Elektron hökumət" portalı seminar iştirakçılarına praktiki olaraq göstərildi. Portalın giriş vasitələri, xidmət qrupları və ən çox müraciət olunan elektron xidmətlər, eləcə də vətəndaşların portaldan istifadəsini sadələşdirən alətlər əyani olaraq test edilib.
Sonda tədbirdə fəal iştiakçılara "Elektron hökumət" portalına daxil olmaq üçün istifadəçi adı və şifrə verilib.
Qeyd edək ki, Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu tədbir də Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış "Elektron xidmətlərdən istifadədə region sakinlərinə  köməkliklərin göstərilməsi" adlı xidmət çərçivəsində təşkil olunub.


Xəbər xətti