Allah sevgisi olan şəxs cinayət törətməz

18:14 - 21 Aprel 2017 - KİVDF

Mübariz Qurbanlı: "Azərbaycan tolerant ölkədir, ancaq tolerantıq deyə öz mövqelərimizi də başqasına güzəştə gedə bilmərik"

“Bəzi radikal dini qruplar dini təhrif edərək, yanlış fomada insanlara çatdırmaqla onları səhv yola çəkmək istəyirlər”. Bunu Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, həmin radikal qruplar bu sahədəki fəaliyyətlərində elektron nəşr formalarından da istifadə edirlər: “Radikal dini qruplar təhrif olunmuş dini yazıları yaymaq üçün elektron vasitələrdən də istifadə edirlər. Ona görə bu prosesləri diqqətdə saxlayırıq. Ümumiyyətlə, Azərbaycana daxil olan bütün dini resurslar yoxlanılır”. Onun sözlərinə görə. İslam ölkələri islamofobiyaya qarşı mübarizədə bir olaraq ideoloji cəbhədə mübarizələrini gücləndirməlidirlər. M.Qurbanlı bildirib ki, islamofobiya ilə bağlı məsələlər Avropada daha qabarıq şəkildə özünü göstərir: "Çox təəssüf ki, bəziləri islam haqqında müxtəlif mənfi rəylər formalaşdıraraq, guya onun dünya üçün təhlükəli olduğunu bildirərək terrorla eyniləşdirirlər. "Bu gün dünyada dini zəmində münaqişələr gedir. Lakin ən təəssüfedici məqam bu münaqişələrin çoxunun məhz müsəlman ölkələrinin ərazisində olmasıdır. Ümumiyyətlə, müsəlman ölkələrində mövcüd olan məzhəbçilik müsəlman dünyasına böyük ziyan vurur. 32 müsəlman ölkəsi digər məzhəbləri qəbul etmir. Bu, düşündürücü məsələdir". 
Komitə sədri söyləyib ki, biz iqtisadiyyatda açıq qapı elan etsək də, mənəvi aləmdə açıq qapı elan edə bilmərik. Dünyanın istənilən şirkəti gəlib burada iş görə bilər. Amma istənilən dini cərəyanın burada yayılmasına imkan verə bilmərik. Baxmayaraq ki, Azərbaycan tolerant ölkədir, ancaq tolerantıq deyə öz mövqelərimizi də başqasına güzəştə gedə bilmərik. Tolerantlıq o demək deyil ki, radikal cərəyanlar burada istədiyini edə bilər. Milli-mənəvi dəyərlərimizə müdaxilə ediləndə bu, artıq tolerantlıq olmur. Tolerantlıq dözümlü yanaşma deməkdir. Biz həm Xristianlıqdan, həm də İslamdan gələn radikal cərəyanların qarşısını almalıyıq və alırıq da.
Onun sözlərinə görə milli-mənəvi dəyərlər hər bir ölkənin özünə məxsusdur və radikal qrupların bu dəyərlərə ziyan vurmasına imkan verilməməlidir. " Azərbaycan xalqı bütövlükdə ənənəvi islami dəyərlərə tərəfdardır. Kənardan Azərbaycana gətirilərək burada təşviq və təbliğ edilən radikal qrupların yaymaq istədikləri müxtəlif xarakterli fikirlər xalq tərəfindən dəstək almır. Radikal qrupların yaydıqları bu və ya digər fikirlərin arxasınca gedənlər demək olar ki, yox səviyyəsindədir. Gedənlər də dini inanc üçün yox, xırda maraqlar üçün gedirlər. Bu, bir daha sübut edir ki, Azərbaycanda radikal qrupların dayaqları yoxdur. Onların hər hansı bazasının yaradılması imkansızdır. Azərbaycanda radikal qrupların fəaliyyətinə hər hansı bir mühit yoxdur. Azərbaycanda radikalizmə meyilli qrupların iqtisadi və ideoloji əsasları tamamilə iflasa uğrayıb. Amma bu da bizi arxayın sala bilməz. Bu, o demək deyil ki, biz sakit durub müşahidə etməliyik. Biz ətrafımızda gedən hadisələri görürük, izləyirik, onlardan nəticə çıxarırıq". Onun sözlərinə görə, dindən istifadə edib kimlərsə ictimai-siyasi sabitliyi pozmağa cəhd edə bilməyəcək. "Çünki Azərbaycan dövləti güclüdür. Dövlətin, iqtisadi, siyasi, mənəvi dayaqları güclüdür".
Komitə sədri qeyd edib ki, Azərbaycanda dindar vətəndaşların hüquqları pozulmur, lakin kimlərinsə ölkədə din pərdəsi arxasında gizlənərək sabitliyi pozmasına imkan verilmir, verilməyəcəkdir. Bu məsələyə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev də münasibət bildirib. O deyib:". Cinayətə, törətdiyi qanunsuz əmələ uyğun olaraq əgər insan həbs edilirsə, onun hansı dinin daşıyıcısı olması, əlbəttə, nəzərə alınmır. Dindar şəxs, həqiqətən də qəlbində Allah sevgisi olan şəxs, ümumiyyətlə, cinayət törətməz, nə edərsə, insanlıq naminə edər və öz dövlətinə asi olmaq fikrindən son dərəcə uzaq olar. Dövlət ölkə vətəndaşlarının dini etiqad azadlığının təmin olunması üçün bütün lazımi addımları atır. Azərbaycanın bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər dünya dövlətləri tərəfindən bəyənilir və təqdir edilir. Bu gün Azərbaycan dünyanın əsas tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bu gün dünyanın bir çox ölkələrində multikulturalizm iflasa uğradığı halda, ölkəmizdə bu sahədə ciddi inkişaf gedir. Bunu bir çox xarici ölkələrin dini liderləri və din xadimləri də öz çıxışlarında dəfələrlə təsdiq ediblər. Qətiyyətlə demək olar ki, dinə münasibətinə görə yox, törətdiyi cinayətə görə ölkədə həbs edilmiş adamlar var. Onların içərisində əfv edilənlər də var. Amma dövlətə, cəmiyyətə, xalqa, bayrağa qarşı günah işləmiş adamları dövlət əfv edirsə, Allah əfvini vermir. Bu məqamı da unutmaq olmaz".
Dövlət müşaviri Bakı şəhərinin baş planına uyğun olaraq sökülməsi nəzərdə tutulan Hacı Cavad məscidi ilə bağlı da danışıb. " Bu gün biz Azərbaycançılıq ideyasının təntənəsini yaşayırıq. Bu halda hansısa bir məscid kimi fəaliyyət göstərən tikilinin yerinə daha gözəlinin, daha yaxşısının təklif edilməsi, belə güman edirəm ki, bu istiqamətdə gərginlik yaratmaq istəyənlərin cəhdini boşa çıxaracaq. Sözügedən məscid ətrafında yaradılan bu gərginliyin süni olduğunu əsl dindarlar çox yaxşı başa düşürlər". Onun sözlərinə görə, həmin ərazidə bir çox ibadət evləri, o cümlədən Təzəpir, İmam Hüseyn, Qasım bəy, Hacı Sultanəli və Xanım Zəhra məscidləri də fəaliyyət göstərir. "Həmin məscidlər dini ayin və mərasimlərin icrası üçün yetərlidir. Hətta həmin məscidlərin bir qismində namaz vaxtı çox az insan olur. Nə üçün həmin insanlar ətrafdakı məscidlərdə yox, məhz həmin məscidə namaz qılmaqda həvəsli və maraqlıdırlar? Bu israr özü müəyyən suallar yaradır. Demək, burada əsas məqsəd dini durumun sabitliyini pozmaq, süni gərginlik yaratmaqdır. Deməli, söhbət şəxsi mənafedən, bir adamın əlindən dini tribunanın alınmasından gedir.
Həmin ərazidə bir neçə məscidin olmasına baxmayaraq, dindarların müəyyən şəxsin iddiasına uyğun olaraq məhz həmin məsciddə namaz qılmaq üçün israr etməsi müəyyən düşüncələrə gətirib çıxarır. Sualın özündə elə bunun cavabı da gizlənib. Əlbəttə ki, bu, qəribə və məntiqə uymayan bir haldır. Dövlət sənə haranı göstərər, harada imkan yaradar, orada da sən öz mənəvi, dini ehtiyacını yerinə yetirərsən. Azərbaycan dövləti dünyəvi dövlətdir, onun dinə münasibəti bu gün bütün dünyada bir örnək modeldir. Ona görə də məscidin harada olmasının, necə olmasının heç bir əhəmiyyəti yoxdur. İlk növbədə dindar adamlar üçün.
Xarici ölkələrdə, hətta ən qatı müsəlman ölkələrində dəfələrlə şahid olmuşuq ki, dünən də, bu gün də nə qədər məscidlər, ziyarətgahlar, müqəddəs məkanlar sökülüb, yerləri dəyişdirilib, üstündən yollar çəkilib. Heç zaman camaat onu belə gərgin bir ictimai etirazla qarşılamayıb. İki-üç nəfərin bu şəkildə insanları qızışdırmaq, onları həyəcana gətirmək istəyi əlbəttə ki, bütövlükdə hamımızın vətəni olan Azərbaycana qarşı yönəlmiş bir zərbədir və dövlət də buna öz adekvat cavabını hökmən verəcək". 
(ardı var)

Xəbər xətti