Elmar Məmmədyarov İtaliyanın iqtisadi inkişaf naziri ilə görüşüb

15:31 - 20 Aprel 2017 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Italiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşüb. XİN-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə etdilər. Ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsini təqdir edərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Nazir Elmar Məmmədyarov Azərbaycan-İtaliya əlaqələrinin strateji xarakter daşıdığını bildirdi və bunun 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin İtaliyaya rəsmi səfəri çərçivəsində qəbul edilmiş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də əks olunduğunu diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu vurğuladı və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, neft-kimya, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.

Karlo Kalenda Azərbaycanı ölkəsi üçün önəmli iqtisadi tərəfdaş adlandırıb. O, bu ilin fevral ayında Azərbaycana səfərini xatırlatdı və Azərbaycan-İtaliya biznes forumunun işini təqdir edib.
İtaliya şirkətlərinin Azərbaycanda, xüsusən enerji sektorunda uğurlu fəaliyyəti qeyd edilərək, bu uğurlu əməkdaşlığın qeyri-neft sektorlarında da davam etdirilməsi üçün zəruri addımların atılmasının vacibliyi bildirilib.
Görüşdə Cənubi Qaz Dəhlizinin İtaliyaya əlavə qaz təchizatı nöqteyi-nəzərdən əhəmiyyəti qeyd edilib, çoxsaylı italyan şirkətlərinin bu layihənin realizasiyası çərçivəsində çoxmilyardardlıq müqavilələr əldə etməsi vurğulanıb.
Tərəflər, habelə transmilli nəqliyyat dəhlizləri və onların inkişafına töhfə verəcək layihələrin reallaşdırılması istiqamətində birgə səylər ətrafında da geniş fikir mübadiləsi aparıblar.

Xəbər xətti