Azərbaycan dünyaya dini tolerantlıq modelini nümayiş etdirir

18:13 - 19 Aprel 2017 - KİVDF

Ölkəmizdə dinlərarası dialoq daha da gücləndirilir

Azərbaycan hər zaman fərqli dinlərin, müxtəlif millətlərin qardaşlıq şəraitində yaşadığı ölkə olmub. Xalqımız tarixin hər bir dönəmində dünyaya tolerantlıq nümunəsi nümayiş etdirib. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə lazımi şərait yaradılıb Ümummilli lider xalqın dini-mənəvi, milli dəyərlərinin qorunub saxlanılması istiqamətində çox mühüm işlər görüb. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, bu sahədə də ulu öndərin siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Konstitusiyasında da dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunması ölkəmizdəki tolerantlığın bariz sübutudur.
Müasir Azərbaycan dünyaya dini tolerantlıq, millətlərarası münasibətlərin inkişafı modelini nümayiş etdirir. Dinlərarası dialoq daha da gücləndirilir. Bu gün ölkəmizdə tarixi, dini abidələrə xüsusi diqqət göstərilir, məscidlər, kilsələr, sinaqoqlar təmir edilir, yenidən qurulur. Heydər Əliyev Fondu da bu işə öz töhfəsini verir. Azərbaycanda Rus Pravoslav Kilsəsi də həmişə diqqət mərkəzində olub. Lakin Sovet hakimiyyəti dövründə Azərbaycanda Rus Pravoslav Kilsəsinə fərqli münasibət olub. Kilsələrin əksəriyyətinin fəaliyyəti dayandırılıb. Bu hadisə yalnız Cəlilabaddakı kilsə ilə bağlı baş verməyib. Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndən və burada ateist kommunist rejimi qurulandan sonra bütün konfessiyaların nümayəndələri, din xadimləri təqib edilib, güllələnmiş, xeyli məscid, kilsə və sinaqoq dağıdılıb, müqəddəs kitablar məhv edilib, dini ayinlərin icrası qadağan olunub. Rus Pravoslav Kilsəsi də komminstlərin zülmü ilə üzləşib və ciddi itkilər verib. Bakıda mövcud olmuş on yeddi kilsədən yalnız üçü qalıb, qalanlarının fəaliyyəti qadağan edilib, keşişlər isə repressiya qurbanı olublar. 1934-cü ildə son Bakı yepiskopu Mitrofan Polikarpovun ölümü ilə Bakı və Xəzəryanı Yeparxiyanın fəaliyyəti dayanib. Həmin dövrdə rəhbərsiz qalan sadə pravoslavlar qəbiristanlarda və evlərdə gizlicə yığışaraq müqəddəs bayramlarını keçirib və beləliklə, dini inanclarını qorumağa çalışıblar. İkinci dünya müharibəsinin baş verməsi Sovet hakimiyyətinin dinə münasibətini bir qədər yumşaldıb. Nəticədə,1944-cü ildə "Müqəddəs Məryəm-mövlud" məbədi fəaliyyətini bərpa edib, Baş kafedral kilsə statusu alıb, 1946-cı ildə Mixail-Arxangel kilsəsi yenidən rus pravoslav kilsəsinin ixtiyarına verilib. Hətta, həmin dövrdə Xaçmazda rus dindarları yeni ibadətgah tikməyə nail olublar. Sovet hakimiyyəti illərində Azərbaycanın rus pravoslav məbədləri Rus Pravoslav Kilsəsinin Bakı-Stavropol yeparxiyasının tərkibinə daxil edilib. 1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini bərpa etməsi və dünyəvi, demokratik, hüquqi dövlət quruculuğuna qədəm qoyması ilə yerli pravoslavlar üçün geniş imkanlar və perspektivlər açılıb. 1998-ci ildə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası fəaliyyətini bərpa edib. Azərbaycan və Dağıstanın ərazisində olan rus pravoslav təsisatları onun idarəçiliyinə verilib. Bu gün də bu kilsəyə böyük qayğı göstərilir. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı qeyd edib ki, Azərbaycanda Rus Pravoslav Kilsəsinin fəaliyyəti böyük tarixə malikdir. "Lakin təəssüf ki, bütün başqa dini abidələr kimi, Müqəddəs Jen-Mironosits kilsəsi də dağıntılara məruz qalıb. Məscidlərin də, sinaqoqların da, katolik kilsəsinin də aqibəti belə olub. Sovet hakimiyyətinin ilk illərində onların çoxu dağıdılıb, lakin indi hamısı bərpa edilib. Əlbəttə, bu dini abidənin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Rus Pravoslav Kilsəsinin hər iki başçısı - Müqəddəs II Aleksi və Müqəddəs Kiril bu kilsəyə baş çəkiblər. Hər ikisi burada olmub. Yəqin ki, Rusiya hüdudlarından kənarda Rus Pravoslav Kilsəsinin iki patriarxının baş çəkdiyi və xeyir-dua verdiyi kilsələrin sayı o qədər də çox deyildir". Dövlət başçısı bildiriv. "Əlbəttə, kilsənin nəzdində Yeparxiyanın rəhbərliyi üçün ofis kimi də xidmət edən bir mədəniyyət mərkəzinin, dini-mədəniyyət mərkəzinin olması zəruri idi. Müəyyən çətinliklər də vardı, çünki 1990-cı illərin əvvəlində, Azərbaycanda hərc-mərclik, xaos dövründə çox işlər düzgün görülmürdü. O cümlədən, kilsənin ətrafındakı ərazi də əslində zəbt olunmuşdu. Lakin sonradan biz təsirli tədbirlər gördük. Bu ərazi Yeparxiyaya verildi və Azərbaycan dövləti burada belə bir gözəl bina inşa etdi. Bu da Azərbaycanda dinlərarası münasibətlərin göstəricisidir. Bu kilsənin böyük tarixi vardır. Bu məbəd keçən əsrin əvvəlində bir azərbaycanlı mesenatın fəal iştirakı ilə tikilib və artıq müstəqillik dövründə bir azərbaycanlı sahibkarın vəsaiti hesabına bərpa edilib. Dini-mədəniyyət mərkəzi isə Azərbaycan dövlətinin vəsaiti ilə tikilib. Bu, çox müsbət təcrübədir. Belə bir təcrübənin dərin kökləri var. Eyni sözləri məscidlərin bərpası barədə də demək olar. Onlar əsasən dövlət vəsaitləri hesabına bərpa edilib. Eyni sözləri sinaqoq haqqında da demək olar, o da dövlət vəsaiti ilə tikilibr, katolik kilsəsinin bərpasında da dövlət iştirak edib".
Azərbaycanda eyni taleyi yaşayan, amma bu gün fəaliyyət göstərən kilsələrdən biri də yuxarıda qeyt etdiyimiz “Müqəddəs Məryəm – mövlud” kilsəsidir. Bazilika formasında olan “Müqəddəs Məryəm – mövlud” kilsəsi 1896-cı ildə ianələr hesabına inşa edilib. Kilsədə prixod məktəbi fəaliyyət göstərib. Oktyabr inqilabından sonra məbəd bağlanıb və hərbi kazarmaya çevrilib. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılıb və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilib. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyerey Serqiy Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılıb. Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı və dövlətin dəstəyi ilə yenidənqurma işləri aparılıb.

26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksiy "Müqəddəs Məryəm – mövlud" kilsəsinə baş çəkib və burada dua mərasimini həyata keçirib. Kilsədə pravoslav ədəbiyyatı ilə zəngin kitabxana, uşaqlar üçün bazar günü məktəbi, həmçinin xeyrat yeməkxanası fəaliyyət göstərir.
Aleksandr Nevski pravoslav kilsəsi isə 1887-ci ildə köhnə qəbirsanlığın yerində, həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılıb. Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilib. Bolşevik inqilabına qədər bu pravoslav ibadət yeri Baş kilsə stasuna malik idi. XX əsrin 20-ci illərində məbəd Sovet hakimiyəti tərəfindən bağlanılıb və başqa məqsədlər üçün istifadə olunub. 1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılıb. Kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır. Məbəddə ibadət mərasimləri altıncı və bazar günləri, həmçinin pravoslav bayramlarında keçirilir. Kilsəyə dövlət hər cür dəstəyi verir.
Daha bir kilsə barəsində də məlumat vermək istəyirəm. "Müqəddəs möcüzəvi Nikolay" pravoslav kilsəsi 1946-cı ildə şəxsi ev kilsə kimi istifadəyə verilib. Kilsənin 64 kv.m sahəsi vardır. Kilsənin həyəti abadlaşdırılıb, əlavə olaraq dini ayinlər həyata keçirmək üçün üç otaq tikilib. Bölgə xristianlarının dini mərkəzi kimi fəaliyyət göstərən kilsədə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbərliyi ilə dini ayinlər icra edilir.
Göründüyü kimi biz bütün dini abidələri bərpa edirik. Azərbaycan elə bir ölkədir ki, orada müxtəlif dinlər mövcuddur, xalqlar həmişə sülh, həmrəylik, əməkdaşlıq şəraitində yaşamışlar. Biz haqlı olaraq fəxr edirik ki, Qafqazda ən qədim kilsə Azərbaycanda, Şəki şəhərinin yaxınlığındakı kiçik bir kənddə yerləşir.

Xəbər xətti