Azərbaycan xalqı təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir

18:11 - 18 Aprel 2017 - KİVDF

Tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir 

"Tolerantlıq - dünyamızın geniş mənada müxtəlifliyinin, insanların özünüifadə formalarının və şəxsiyyətin formalaşma üsullarının hörmətlə qəbul edilməsidir. Bu, nəinki mənəvi borc, həmçinin siyasi və hüquqi tələbatdır. Dini dözümlülük güzəşt yox, ilk növbədə, insan hüquqlarının qəbul edilməsi əsasında formalaşan fəal münasibətdir. İftixar hissi ilə qeyd edilməlidir ki, bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərindən biri kimi təbliğ etdiyi tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir". Bunu Dini Qorumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Aran bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. "Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurub və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdiriblər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olub, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda çalışıblar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşub, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz deyil, həm də qardaşlığımızın və vəhdətimizin simvoludur".
Bu gün Azərbaycanda müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılıb. Milli azlıqların öz bayramlarını qeyd etməsi, hətta həmin günlərin ölkə başçısı tərəfindən təbrik edilməsi ənənəsi müxtəlif dini konfessiyaların rəhbərləri tərəfindən yüksək qiymətləndirilir. Komitə sədrinin müavini qeyd edib ki, vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir. Ulu Öndər bu xarakterik keyfiyyətini çox gözəl ifadə edib: «Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var».
Həqiqət budur. Doğurdan da Azərbaycan əsrlər boyu fərqli sivilizasiyaların bir araya gəldiyi məkan olub. Burada həmişə milli-mədəni rəngarənglik mühiti formalaşıb, müxtəlif millətlərin və konfessiyaların nümayəndələri sülh, anlaşma və dialoq şəraitində yaşayıbdır. Azərbaycan multikultural cəmiyyətin tipik xüsusiyyətlərini daşıyır. Burada islam dininin iki mühüm qolu olan şiə və sünni islamının, çoxsaylı müsəlman məzhəb və təriqətlərinin davamçıları ilə yanaşı, yəhudi və xristian dini icmaları geniş təmsil olunublar. Həm də yəhudilik və xristianlığın ayrı-ayrı cərəyanları etnik tərkib və say etibarilə müxtəlif icmalar halında ölkəmizin ictimai və mədəni həyatında yer tuturlar.
Artıq fərqli mədəniyyətlərin nümayəndələri nəinki qonşuluqda, hətta eyni evin daxilində yaşayırlar. Bu da öz növbəsində bəşər cəmiyyəti üçün yeni birgə yaşayış forması yaranmasını zəruri edir. Məntiqi olaraq fundamental dəyər kimi sülh və əmin-amanlıq anlayışlarının əhəmiyyəti artır. Bu anlayışlar bəşər cəmyyətinin harmoniya halında inkişafını və böhran vəziyyətindən birgə daha uğurlu çıxmasını şərtləndirən amillərdir.
Səyyad Aranın sözlərinə görə, Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpası artıq bir ənənə halını alıb. Fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan II Aleksi (o dövrdə Rus Pravoslav Kilsəsinin rəhbəri) ölkəmizdəki tolerantlıq mühitinə, necə deyərlər, heyran qalıb və səmimi etiraflar edib: «Burada pravoslavlar heç bir sıxışdırmaya məruz qalmadan öz dinlərinə və əqidələrinə etiqad edirlər. Hətta bu cür şərait təəssüf ki, bəzi pravoslav ölkələrdə belə yoxdur».
Bu kilsənin hazırkı rəhbəri Kirill isə bildirib: "Biz Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin sülh şəraitində bir-biri ilə mehriban yaşadığınız şahidi oluruq". 
 Bunu Azərbaycanda Rus pravoslav xristian kilsələrinə münasibət də bir daha göstərir. Onlar dövlət tərəfindən qorunur. Təmir edilir və istifadəyə verilir. Bu kilsələr nəinki Bakıda, həm də  ölkəmizin regionlarında inşa olunub. Qeyd edək ki, Azərbaycanda bolşevik hakimiyyəti qurulanadək bütün pravoslav kilsələri, o cümlədən Bakı və Xəzəryanı yeparxiya Gürcüstan ekzarxatlığının arxiyepiskopuna və ya mitropolitinə (bir neçə yeparxiyanı birləşdirən pravoslav vilayət idarəçiliyi) tabe olmuşlar. Buradan ölkəyə dini rəhbərlər (blaqoçinniylər) təyin edilmişlər.  1904-cü ildə Azərbaycanda iki blaqoçin idarəsi var idi: birincisi, Göyçay, Quba və Şamaxı qəzalarını, ikinci isə Lənkaran və Cavad qəzalarını əhatə edibdir. Bu idarələrə aid kilsələr də olub. Məsələn. Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən pravoslav kilsənin tarixi XIX əsrin ortalarına gedib çıxır. Yerli tarixçi Ənvər Əliyevin APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycan torpaqlarına, o cümlədən Cəlilabad rayonuna köçürülmüş xristian inanclı ruslar ibadət etməkdən ötrü burada əvvəlcə kiçik bir bina tikiblər. Amma həmin tikili rusların kütləvi ibadətləri üçün darısqal olduğundan kilsə tikilib. "Kilsənin Azərbaycan ərazisində təşəkkül tapması ikinci Rus-İran müharibəsi ilə əlaqədardır. 1826-1828-ci illərdəki müharibədə İran ruslara müqavimət göstərə bilməyərək məğlub olur, nəticədə isə rus qoşunları bu əraziləri ələ keçirir. İranla bağlanmış Türkmənçay müqaviləsinin əsas şərtlərindən biri də rusların işğal etdikləri ərazidə məskən salmaq imkanlarını əldə etməkdən ibarət idi. Beləliklə, 1829-cu ildən başlayaraq ruslar Azərbaycanda birinci olaraq Cəlilabad ərazisində məskunlaşmağa başlayıblar. Onlara "azad gəlmələr" adı verilmişdi. Çünki dövlət xəzinəsinə pul köçürmək yolu ilə azadlıq əldə etmişdilər və istədikləri yerdə yaşaya bilərdilər. Cəlilabadın Privolni kəndinin də adını rus dilində “azad gəlmələr” mənasını verir".  
 
Tikintisinə 1848-ci ildə başlanan kilsə düz 4 ildən sonra - 1852-ci ildə istifadəyə verilib. Tikilinin çöl divarında asılmış lövhədə isə onun 1878-ci ilə istifadəyə verilməsi göstərilib. Altı günbəzdən ibarət olan bu qədim memarlıq abidəsinin tikinti işləri əsasən yerli memarlar tərəfindən aparılıb. Məhz elə buna görə kilsənin pəncərə və divarlarında Azərbaycanın milli memarlıq üslubunun çalarları açıq-aşkar nəzərə çarpır. "Diqqəti cəlb edən daha bir maraqlı xüsusiyyət ondadır ki, kilsənin çöl divarları hər tərəfdən özündə xaç şəklini əks etdirir. Üç tərəfdə də qapı yerləri var, onlar da xaç şəklində qurulub. Hətta içəridə şam yandırılan yerlər də xaç şəklini xatırladır. Ruslar bununla xristian olmalarını, məbədin isə xristian inanclı insanlara xidmət etdiyini sübuta yetirmək istəyiblər". Sovet hakimiyyəti dövründə kilsə fəaliyyətini dayandırıb. 

(ardı var)
 

Xəbər xətti