Bahar Muradova: “Türkiyədə referendum yüksək səviyyədə keçirildi və hədəfə nail olundu”

10:25 - 18 Aprel 2017 - SİYASƏT

“Hər şeydən əvvəl Türkiyə vətəndaşlarını ümumxalq səsverməsi və onun nəticələri münasibətilə təbrik etmək lazımdır. Hansı hissənin hansı mövqe sərgiləməsindən asılı olmayaraq, ortada olan və hər kəsə yəqin olan həqiqət bundan ibarətdir ki, Türkiyədə bütün qərarlar xalqın əksəriyyətinin iştirakı ilə qəbul olunur və xalqın gələcəyə yönəlmiş hədəflərinə xidmət edir”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, əldə olunmuş nəticə türk seçicilərinin qərarıdır və nəzərə alınmalıdır: “Biz ötən müddətdə həm daxildə, həm də xaricdə Türkiyə vətəndaşlarının çox qızğın müzakirələrinin şahidi olduq. Nəticə ortadadır. Hədəfə nail olundu. Referendum yüksək səviyyədə keçirildi. Bütün demokratik standartlara uyğun şəkildə qərar verildi. İndi artıq bu qərarın yerinə yetirilməsi prosesini müşahidə etmək bizə qalır. Əminəm ki, Türkiyənin siyasi iqtidarı, Ərdoğan və bütün qərarlarda xalqın dəstəyini alan AK Parti bundan sonra həm daxildə, həm də xarici tərəfdaşlar və müttəfiqləri, onu o qədər də sevməyən dostları ilə münasibətdə Türkiyənin əsas maraqlarını rəhbər tutaraq bu qərarın verdiyi üstünlüklərdən yararlanacaq”.

Xəbər xətti