Tolerantlıq öz mövqeyini, xüsusiyyətlərini qoruyaraq başqalarına hörmətlə yanaşmaqdır

18:10 - 17 Aprel 2017 - KİVDF

Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan  dini münasibətlər sistemi formalaşıb

Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Qeyd edək ki, tolerantlıq heç də başqalarına güzəştə getmək deyil, tolerantlıq öz mövqeyini, xüsusiyyətlərini qoruyaraq başqalarına hörmətlə yanaşmaqdır. Tolerantlıq həm də başqalarına dözümlü yanaşmaqdır. Bu məqsədlə tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılıb. Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunub. Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Bunlardan əlavə, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. 2001-ci ildə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalanıb. Bunlar onu göstərir ki, tolerantlıq Azərbaycan xalqının qanındadır və bu gün deyil, tarix bvoyu formalaşıb. Əgər tolerant xalq olmasaydıq, yaşadığımız coğrafiyada bizimlə birgə məskunlaşan müxtəlif dinlərin nümayəndələrini, etnosları assimilyasiyaya məruz qoyardıq. Digər dinlərin fəaliyyətinə burada imkan verməzdik. Halbuki, bu gün Azərbaycanda İslam dini ilə yanaşı xristianlıq, iuadizm dinləri sülh şəraitində fəaliyyət göstərir. Prezident İlham Əliyev bu barədə deyib: “Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşıb. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürüb, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu danılmazdır".
Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq aydın görmək mümkündür.
Qeyd edək ki, Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Ölkə müsəlmanlarının təxminən 60- 65 faizi şiə, 35-40 faizi sünni məzhəb müsəlmanlardan ibarətdir.  Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunubdur. Belə ki, Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır.  Bu onu göstərir ki,Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulub..
Bu gün Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalardan biri Rus pravoslav kilsəsidir. Bu kilsənin ölkəmizdə fəaliyyəti Azərbaycanın çar Rusiyası tərəfindən işğalı ilə bağlıdır. XIX əsrdə  Rusiyanın Azərbaycanı işğal etməsi və burada rusların məskunlaşması Azərbaycanda pravoslavlığın yayılmasına təkan verib. Bakı və Azərbaycanın digər bölgələrində məskunlaşan rus əhalisinin əksəriyyəti hərbçi və məmur ailələrindən ibarət idi. Onların dini tələbatının ödənilməsi və çar Rusiyasının Azərbaycanda mövqeyinin gücləndirilməsi məqsədilə pravoslav kilsələri və dua evləri inşa edilib. Bu sahədə ilk addım 1815-ci-ci il yanvarın 1-də Şamaxı quberniyası general-qubernatoru N.F.Rtişev tərəfindən atılıb. Onun sərəncamı ilə Bakıda ilk rus pravoslav kilsəsi ucaldılıb. Məbədin tikintisi üçün xristianlardan ianə yığılıb və sadə dindarlar hamılıqla bu işə cəlb olunub. Bu kilsəyə "Müqəddəs Nikolay" adı verilib, Tiflisdən olan David İvanov keşiş təyin edilib.
XIX əsrdə Bakının dünya neft sənayedsinin mərkəzinə çevrilməsi buraya xeyli sayda əksəriyyəti ruslardan ibarət fəhlə qüvvəsinin axışmasına səbəb olub. Artıq mövcud kilsələr gələnlərin dini tələbatını ödəyə bilmirdi. Bu səbəbdən, Bakıda  Qafqazda ən böyük kilsə sayılan "Aleksandr Nevski" məbədi inşa edilib. Məbəd 1887-ci ildə köhnə qəbirsanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına tikilməyə başlanılıb. Bu məbəd on il ərzində tikilib və 1898-ci ildə pravoslavların ixtiyarına verilib. Şəhərin mərkəzində ucaldılmış bu kilsə, möhtəşəmliyi və gözəl memarlıq üslubu ilə seçilirdi.
 Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilib. Bolşevik inqilabına qədər bu pravoslav ibadət yeri Baş kilsə stasuna malik idi. 
Qeyd edək ki,Rus pravoslav xristian icmasının böyüməsi və onların dini həyatlarının tənzimlənməsi ilə bağlı 1905-ci ildə Bakı arxiyerey kafedrası (yeparxiyası) təsis edilib. Daha sonra ona "Bakı və Xəzəryanı" statusu verilib. Çar Rusiyası dövründə Bakı və Xəzəryanı Yeparxiyanın səlahiyyəti Xəzər dənizinin qərb sahilində yerləşmiş pravoslav təsisatları ilə məhdudlaşırdı. Bu idarənin ilk yepiskopu Nikandr Fenomenov təyin edilib. Qısa müddət yeparxiyaya rəhbərlik etmiş bu din xadimi ilahiyyat və xristianlıq sahəsində dərin biliyi ilə seçilib, yüksək idarəçilik qabiliyyətinə və natiqliq məharətinə malik olub. Daha sonra bu idarənin yepiskopları "Bakı və Xəzəryanı" adı ilə çağrılıblar. 
Qeyd edək ki, Bakı və Xəzəryanı Yeparxiyanın baş kilsəsi olan "Aleksandr Nevski"
Məbədi XX əsrin 20-ci illərində məbəd Sovet hakimiyəti tərəfindən bağlanılıb və başqa məqsədlər üçün istifadə olunub. 1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılıb. Kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır.Məbəddə ibadət mərasimləri altıncı və bazar günləri, həmçinin pravoslav bayramlarında keçirilir.
 Azərbaycanda rus əhalisi artdıqca, ölkənin müxtəlif şəhərlərində, o cümlədən Bakı, Gəncə, Şamaxı, və Xaçmazda pravoslav məbədləri tikilirdi. Təkcə Bakıda 17 kilsə var idi. Onlar arasında "Mixail-Arxangel" kilsəsi də var. Mixail Arxangel kilsəsi Bakıdakı ən qədim pravoslav məbədlərindən biridir. Kilsə XIX-cu əsrin 40-cı illərində inşa edilib və hərbi ibadət yerlərindən sayılırdı. 1855-ci il tarixli, 39 saylı “Qafqaz” qəzetinin məlumatına görə, məbəd Xəzər dəniz idarəsinin bütün rütbəli şəxsləri tərəfindən, Rusiya könüllü donanmasının və polkunun şefi şərəfinə tikilib. Bu səbəbdən, onun dua otağı ilk vaxtlar gəmi göyərtəsini xatırladırdı və o, Xəzər donanmasına tabe idi. Bu dövrdə məbəd, “Donanma kilsəsi” (rusça “Flotskaya”) adlanırdı. 1875-ci ildə kilsə Yeparxial idarənin rəhbərliyinə verildi.  Kilsədə bir çox ikonalar var idi, amma onların arasında daha çox Müqəddəs Mitropolit Moskovskiy Aleksiy və Yaşaran İlahi Ana ikonaları seçilirdi. 
(ardı var)

Xəbər xətti