Ana səhifə
14 Noyabr 2018

Neftin ucuzlaşması evləri ucuzlaşdıracaq

Vüqar Bayramov: “Bakının mənzil bazarındakı qiymətlər artıq tavana dirəndiyi üçün yeni qiymət yüksəlişləri üçün real zəmin yoxdur”

 

 

Nüsrət İbrahimli: “Fevral-mart aylarında təkrar mənzil bazarında qiymət azalması ola bilər”

 

 

Bakının əmlak bazarındakı qiymət artımı növbəti ildə azalma ilə müşahidə oluna bilər. Bu haqda açıqlama verən iqtisadçı Vüqar Bayramov qiymətin aşağı düşməsinə bir neçə faktorun səbəb olduğunu dedi: “2014-cü ilin geridə qalan ayları Bakının və eləcə də ölkənin mənzil bazarında öz spesifikliyi ilə yadda qaldı. İlin əvvəlindəki sürətli qiymət artımları daha sonra azalma, payıza doğru isə stabilləşmə və son ayda isə durğunluq ilə müşahidə edildi. Bu ilin qarşıdakı ay yarımda durğunluğun davam edəcəyi və 2015-ci ilin ilk aylarından başlayaraq isə əmlak bazarında tələbin azalacağı proqnozlaşdırır. Tələbin azalmasına baxmayaraq, ötən ay və eləcə də noyabrın geridə qalan günlərində hələlik qiymət azalması qeydə alınmadı. Amma dünya bazarındakı son dəyişikliklərin Bakının mənzil bazarına təsirsiz ötüşməyəcəyi gözlənilir. Digər tərəfdən, əmlak bazarındakı son 2 ildəki qiymət artımları heç də iqtisadi səbəblər ilə əlaqələndirilmir. Əksinə, ötən ilki qiymət artımlarında iqtisadi faktorlardan daha çox süni və eləcə də psixoloji amillər rol oynayırdı. Artıq əmlak bazarındakı “köpüklər” partlamaq ərəfəsindədir. Bu isə mənzil bazarında yenidən qiymət azalmalarında özünü ehtiva edə bilər. Əvvəla, neftin dünya bazar qiymətində azalmalar davam edərsə, bu əmlak bazarında tələbatın azalmasına və qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Neft ölkəsi olan Azərbaycanda dövriyyədə olan pulun həcmi eyni zamanda qara qızılın dünya bazar qiyməti ilə sıx bağlıdır. İxracımızın 94 faizinin neft və neft məhsullarından ibarət olduğunu nəzərə alsaq, bu zaman enerji sektorunun digər sferalar ilə əlaqəsini müəyyənləşdirmək çətin olmaz. Dünya bazarında neftin qiymət azalmaları büdcədən müdafiə olunmayan bir sıra xərclərə sekvest tətbiq edilməsinə gətirib çıxara bilər ki, bu da eyni zamanda özəl xərcləmələrə təsir göstərəcək. Digər tərəfdən, psixoloji olaraq strateji məhsulların dünya bazar qiymət aşağı düşən zaman əmlaka olan tələbatın azalması müşahidə edilir. Eyni zamanda neftin dünya bazar qiymətinin kəskin azalması bəzən və təəssüf ki, adətən qlobal böhranlara işarə kimi yozulur”.

İqtisadçı deyir ki, Rusiya iqtisadiyyatında müşahidə edilən durğunluq orada yaşayan azərbaycanlıların da maliyyə vəziyyətinə mənfi təsir göstərir: “Monitorinq və empirik sorğular göstərir ki, mənzil bazarına tələbatın təxminən 1/3-i MDB-də xüsusən də Rusiyada yaşayan azərbaycanlıların payına düşür. Biznes zəifləyən həmyerlilərimiz artıq paytaxtın mənzil bazarında ciddi tələb formalaşdıra bilmirlər. Başqa tərəfdən, Rusiyada yaşayan və biznes ilə məşğul olan azərbaycanlıların böyük əksəriyyətinin Bakıda mənzili var. Hətta Rusiayda yaşayan həmyerlimizin bir qismi Bakıda 1 deyil daha çox mənzilə sahibdir. Həmyerlilərimizin biznesinin zəifləməsi onların Bakıdakı mənzillərini satışa çıxarmasına və təklifin artmasına səbəb ola bilər”.

V.Bayramov qeyd edir ki, digər tərəfdən Bakının mənzil bazarındakı qiymətlər artıq tavana dirəndiyi üçün yeni qiymət yüksəlişləri üçün real zəmin yoxdur: “Son 2 ildə paytaxtın mənzil bazarında müşahidə edilən qiymət artımları Bakını regionun ən bahalı şəhərlərindən birinə çevrilib. Bu isə, mənzil bazarında psixoloji təzyiq formalaşdırıb. Paytaxtda infrastrkturun genişləndirilməsi ilə bağlı aparılan söküntülər mənzil bazarında böyük həcmdə vəsaitin daxil olmasına gətirib çıxarmır. Kompensasiyaların böyük qismi Bakı ətrafı qəsəbələrində evlərin və ya torpaqların alınmasına yönəldilir. Digər tərəfdən, bu pullar daha çox təkrar mənzil bazarında tələbə təsir göstərir”.

İqtisadçı deyir ki, Rusiyadakı durğunluq və neftin dünya bazar qiymətindəki kəskin azalmalar davam edərsə, Bakının mənzil bazarında qiymət azalmalarının olacağını proqnozlaşdırmaq çətin olmaz.

“MBA Consulting Group” şirkətinin rəhbəri Nüsrət İbrahimli isə bildirdi ki, son vaxtlar əmlak bazarında aktivlik 30-35 faiz aşağı düşüb. Aktivliyin aşağı düşməsi 3-4 ay davam etsə, təkrar mənzil bazarında qiymət azalması qaçılmaz olacaq: “Amma ilkin mənzil bazarında bir o qədər ehtimal yoxdur. Fevral-mart aylarında təkrar mənzil bazarında qiymət azalması ola bilər. Daşınmaz əmlak bazarındakı qiymətlər həm neft birjalarındakı mövcud qiymətlərlə, həm ətraf region ölkələrdə baş verən hadisələrlə, həm də ölkə daxilində gedən proseslərlə birbaşa bağlı olur. Neft birjalarında qiymət artımı 2 aydan bir qədər çoxdur ki, düşmə ilə yadda qalıb. Azalma bu gün də davam edir. Təbii ki, bu, müəyyən intervalla bazara da öz təsirini göstərəcək. Adətən neft birjalarında bir hərəkət müşahidə ediləndə, o 6-8 ay intervalla daşınmaz əmlak bazarına öz təsirini göstərir. Yəqin ki, neft birjalarındakı dəyişikliyin təsirini 4-5 aydan sonra hiss edəcəyik. Rusiyadan may ayına qədər bizim bazara həmvətənlərimiz tərəfindən müəyyən maliyyə yatırımları olurdu. Amma may ayından bu tərəfə demək olar ki, o yatırımlar müşahidə edilmir. Çünki onların da maliyyə durumu bir qədər çətinləşib. Amma bu gün daşınmaz əmlak, xüsusən də mənzil bazarına əsas yatırım ölkə daxilindəki əhali həyata keçirir. Onun bir qismi ipoteka krediti, bir qismi isə şəxsi vəsait hesabına yatırılır. İpoteka kreditləri də son bir neçə aydır ki, müəyyən qədər məhdudlaşdırılıb. Bu kanalda da müəyyən azalmalar müşahidə edilir. Amma fərdlərin öz şəxsi vəsaitləri hesabına yatırımlar davam edir. Onun hesabına qiymətlər bir qədər stabil qalır. Bunun nə qədər davam edəcəyini isə zaman göstərəcək”.

 

Bakıda mənzillərin baha olduğunu deyən N.İbrahimli bildirdi ki, mənzillərin satış və kirayə qiyməti arasında bir asılılıq olmalıdır: “O asılılıq təxminən bank depozitləri səviyyəsində olmalıdır. Amma bu gün bu balans pozulub. Satış qiymətləri son bir ildə mənzil bazarında 20 faiz ətrafında artıb. Amma kirayə bazarında artım 8 faizə yaxındır. Satış qiymətləri kirayə bazarındakı mövcud qiymətləri üstələyib. Balans pozulub. Əhalinin gəlirləri daha da artmalıdır ki, kirayə qiymətləri artıb, satış qiymətinə çatsın. Yaxud da, satış qiymətləri kirayə qiymətləri səviyyəsinə düşməlidir. İkisindən biri olmalıdır ki, balans bərpa olunsun. Bunun hansının baş verəcəyini isə zaman göstərəcək”.

 

 

Aygün Asimqızı

Tarix
17 Noyabr 2014 [19:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin