YAP rəsmisi: "Konstitusiyada edilən dəyişikliklər Türkiyə tarixində yeni səhifə açacaq"

11:19 - 17 Aprel 2017 - DÜNYA

"Aprelin 16-da Türkiyə konstitusiyasında dəyişikliklər edilməsi üçün referendum keçirilməsi bütün dünyanın diqqətində idi. Çünki Türkiyə sıradan bir dövlət deyil, bu gün regionun və dünyanın siyasi proseslərinə ciddi şəkildə təsir edə bilir. Bu baxımdan, həmin ölkənin gələcək strateji yolunu seçməsi dünya dövlətlərinin marağına səbəb olub".

"Report"un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə qeyd edib ki, referendum çox ciddi dəyişiklikləri nəzərdə tutur: "Türkiyə parlament respublikası idarəetmə üsulundan prezident respublikası idarəetmə üsuluna keçir. Türkiyə hakimiyyət bölgüsünü daha dəqiqliklə həyata keçirdi. Stabilliyin təmin edilməsi, terrorun qarşısının alınması üçün dövlət səviyyəsində ciddi tədbirlər görülür. Dəyişikliklərlə bağlı Türkiyə cəmiyyətində çox ciddi müzakirələr getdi. Bu, Türkiyənin demokratik, hüquqi dövlət olduğunu göstərdi. 51 faiz seçicinin yeniliyi dəstəkləməsi dəyişiklikləri dəstəkləyənlərin ciddi sosial bazasının olduğunu göstərdi. Bu yenilik gələcəkdə əleyhdarların da yeni prinsipi, quruluşu dəstəkləməsinə gətirib çıxaracaq. Konstitusiyada edilən dəyişikliklər demokratiyanı, hüququ daha da möhkəmləndirəcək. Bu, terrora qarşı mübarizədə daha effektiv olacaq. Bundan başqa, Türkiyə regionda nüfuzlu bir dövlət kimi daha da möhkəmlənəcək".

YAP rəsmisi bildirib ki, Azərbaycan üçün Türkiyənin nüfuzunun artması çox önəmlidir: "Türkiyə bizim üçün qardaş, dost, strateji müttəfiqdir. Azərbaycan xalqı Türkiyən xalqının seçiminə hörmətlə yanaşır. Hesab edirik ki, dəyişikliklər Türkiyə tarixində yeni səhifə açacaq. Türkiyənin uğurları bizi sevindirir".

Xəbər xətti