Azərbaycanda din azadlığı tam təmin olunur

18:25 - 14 Aprel 2017 - KİVDF

Dini ayinlərin həyata keçirilməsi üçün heç bir əngəl yoxdur


Azərbaycanda din azadlığı tam təmin olunur, insanlar sərbəst şəkildə məscidlərə gedib ibadət edirlər.Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. B.Sadıqov bildirib ki, müstəqillik dövrünə qədər Azərbaycanda 20-ə qədər məscid fəaliyyət göstərib: “İndi Azərbaycanda 2 mindən çox məscid var. Azərbaycanda çoxlu sayda dini məbədlər tikilib, təmir olunub, ən qədim məscidlərimiz təmir olunub”. Deputat vurğulayıb ki, Ulu öndər Heydər Əliyev həmişə dinə böyük qayğı göstərib, əziz günlərdə məscidlərə gedib: “Bu gün Prezident İlham Əliyev də dinə böyük diqqət göstərir, hər il Ramazan süfrəsində iştirak edir. Azərbaycan Prezidentinin, dövlətin dinə olan qayğısının nəticəsidir ki, ölkəmizdə bu qədər ibadətgahlar var, mərasimlər keçirilir, insanlar azad şəkildə dini ayinləri həyata keçirirlər”. Deputat əlavə edib ki, bu gün Azərbaycanda dini ayinlərin həyata keçirilməsi üçün heç bir əngəl yoxdur.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla isə bildirib ki, millətlərarası dialoq, dini tolerantlıq, multikulturalizm məsələləri bu gün çox aktualdır. Onun sözlərinə görə, Azərbaycan müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı ölkədir. "Burada ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanizm dəyərlərinin rolu böyükdür".
Dövlət müşaviri Kamal Abdulla qeyd edib ki, tolerantlıq bir keyfiyyətdir, həyat tərzidir. "Bu, bizim fərqliliyimiz və zənginliyimizdir. Tolerantlıq Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır. Eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Sosial bir hadisə olan tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir»- deyə, K.Abdullayev vurğulayıb.
"Cəmiyyətimizin bütün təbəqələri, dövlət qurumları əllərindən gələni etdilər ki, Azərbaycan dünya səviyyəsində son dərəcə yüksək mövqedə özünü göstərə bilsin. Bu, bizim əldə etmək istədiyimiz nəticə idi" deyən dövlət müşaviri bildirib ki, 2017-ci ilin "İslam həmrəyliyi ili” elan edilməsi ötən ilin məntiqi davamı idi: “İslam həmrəyliyi ilində həm islam aləmi daxilində, həm də islam aləmi ilə digər konfessiyalar arasındakı həmahəngliyi görmək istəyirik. İslam həmrəyliyi əlbəttə ki, ancaq islam aləmi içində olan həmrəyliyi nəzərdə tutmur. İslam həmrəyliyi dedikdə həm də islam aləmi ilə digər konfessiyalar arasında həmahəngliyi, harmoniyanı  görə bilərik və bunu belə qəbul edə bilərik. Bu, siyasi, ideoloji və mənəvi əhəmiyyət daşıyır. İslam həmrəyliyi ilinin elan edilməsi islam dünyasında baş verən proseslərə nizam gətirmək arzusu ilə bağlıdır”.  Onun sözlərinə görə, müasir dünyamızda İslam həmrəyliyinin vacibliyi ilk olaraq İslam daxilindəki həmahəngliyin bərqərar edilməsində özünü göstərir. K. Abdulla əlavə edib ki, “İslam həmrəyliyi ili” müsəlman ölkələri daxilində anlaşmanı, nizamlamanı qaydaya salmaq üçün Azərbaycan tərəfindən müəyyən öhdəliklərin həyata keçirilməsi ilə bağlı olacaq.Bu, müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların elmi müstəvidə aradan qaldırılması, bütün İslam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibərlərin qurulmasıdır".
Kamal Abdullayev bildirib ki,“İslam həmrəyliyi deyəndə biz Prezident İlham Əliyevin bu ideyaya daxil etdiyi son dərəcə həssas və dərin mətləbləri nəzərə almalıyıq. İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Dövlətimizin başçısının Azərbaycanı bu il bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır”, -deyə Dövlət müşaviri əlavə edib.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə "İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" adlı beynəlxalq konfransda deyib ki, bu gün neft və digər təbii sərvətlərə görə ölkələrin başına ağır hadisələr gətirilir: "Bu cür addım atanlar insan hüquqlarını kənara qoyaraq, maddi maraqlara üstünlük verərək bu addımları atırlar. Artıq həmin ölkələrdə dövlət siyasəti belə formalaşıb. Belə bir anda kiçik Azərbaycan böyük addım ataraq islam həmrəyliyi elan etdi. Bu missiyanı Azərbaycan Prezidenti İlham Əliyev öz üzərinə götürdü. "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarında bir sıra islam ölkələrinin idmançıları burada bir-birilərinin əlini sıxacaqlar. İslam ölkələrinin rəhbərləri də öz maddi maraqlarını kənara qoyub bir-birilərinin əlini sıxmalıdır. İslam həmrəyliyinin simvolu su götürülüb, bunun böyük mənası var. Su - islam ölkələrindəki alovun söndürülməsi üçün mühüm rol oynayacaq".
Qafqaz Müsəlmanları İdarəsinin sədri, A.Paşazadə Azərbaycanda dini-mənəvi irsin elmlə dinin vəhdəti zəminində inkişaf etdiyini, ölkəmizdə İslami maarifləndirmə işlərinə böyük önəm verildiyini diqqət çatdırıb. Bildirib ki, İslam dəyərlərinin ümumbəşəri əhəmiyyətinə önəm verən dövlətimizin başçısı İlham Əliyev müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində yorulmaz səy göstərir. Azərbaycanın dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılması, Vatikanda ilk dəfə olaraq müsəlman ölkəsi Azərbaycanın sərgisinin təşkili bizim ümumislam mədəniyyətinə olan töhfəmizdir. İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının seçilməsi də buna bariz nümunədir.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində də səyləri ilə dünyaya nümunə göstərdiyini vurğulayaraq deyib: “Dinlərarası və mədəniyyətlərarası dialoq və əməkdaşlığa önəmli töhfələr vermiş Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik dönəmi də xalqımız və dövlətimiz üçün xeyirlərə vəsilə, dövlətimizin qlobal əhəmiyyətli məsələlərin həllinə töhfəsinin artmasına səbəb olacaqdır, İnşallah”. 
Göründüyü kimi İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət, dini həmrəylik proseslərində öndə getməyə qadirdir. Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik dururdu. Prezident İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə dəyərli töhfəsidir.

Xəbər xətti