Prezidentin maşınına yol vermədi, "vətən xaini" oldu

14:45 - 13 Aprel 2017 - MARAQLI

Zambiya müxalifətinin lideri Hakainde Hichilema prezidentin maşın karvanına yol vermədiyinə görə vətənə xəyanətdə ittiham edilib. Ucnoqta.az BBC-yə istinadən xəbər verir ki, bu barədə "The Telegraph" yazır ki, Zambiya müxalifətinin lideri ötən həftəsonu ölkənin rayonlarından birində prezident Edgar Lungu-nun maşın karvanına yol vermədiyinə görə vətənə xəyanətdə ittiham edilib.

Müxalifət lideri Hakainde Hichilema-nın maşın karvanı prezident kortejinin keçməsinə yol verməmişdi. Onların hər ikisi milli mərasimdə iştirak edirdilər.

Ölkə paytaxtı Lusakada oturan baş polis inspektoru Kakoma Kanganja deyib ki, müxalifət lideri Limulunqa yolunda prezident karvanına yol vermək barədə polisin əmrinə tabe olmamaqla prezidentin həyatı üçün təhlükə yaradıb.

"Mən deməliyəm ki, müxalifət liderinin hərəkətləri düşüncəsiz, məsuliyyətsiz və kriminal olub" - Zambiyanın baş polis zabiti deyib.

Polis rəhbəri bunu da vurğulayıb ki, "ölkədə anarxiya yaratmaq istəyənlərin hamısı həbs və məhkum ediləcək".

"The Telegraph" xəbər verir ki, polis çərşənbə axşamının sübh saatlarında müxalifət liderinin Lusaka ətrafındakı evinə gözyaşardıcı qazla hücum etdikdən sonra cənab Hichilema-nı həbs edib.

Milli Tərəqqi Uğrunda Vahid Partiyanın lideri, Lungu-nu prezident kimi tanımaqdan imtina edir və ötən avqustda onun qələbə çaldığı seçkinin nəticələrini tanımayıb.

Cənab Hichilema özünün Facebook səhifəsində yazır ki, "biz bütün gecəni gözyaşardıcı qazla çarpışaraq axırda təslim olduq".

"Biz qandallanmağa razılaşarkən polisə bildirdik ki, bunu vətən naminə edirik. Biz özümüzü iztirab çəkən kütlələr naminə təslim edirik" - müxalifət lideri yazıb.

Hichilema bir daha təkrar edib ki, cənab Lungu-nun Vətənpərvər Cəbhə Partiyası seçkini saxtalaşdırıb. Vətənə xəyanət cəzası üçün Zambiyada ən azı 15 il iş verirlər. Xüsusilə ağır hallarda ölüm cəzası də verilə bilər.

Xəbər xətti