Azərbaycanda insani dəyərlərə hörmət bəslənilir

18:26 - 12 Aprel 2017 - KİVDF

Azərbaycanlılar hər zaman digər xalqların nümayəndələri ilə dostluq, tolerant münasibətlər çərçivəsində yaşayıb 


"Yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür. İnsanlarda belə bir mədəniyyətin formalaşdırılmasını uşaqlıq illərindən başlamaq lazımdır. Ölkəmizdə yetişməkdə olan nəslin təhsillənməsində müasir elmi pedaqoji konfranslar daxilində biz ünsiyyət mədəniyyətini, dini dözümlük və əməkdaşlıq mədəniyyətini formalaşdırmağa cəhd göstəririk və ümumən desək, buna nail oluruq. Bunu demək çox asandır, lakin gercəkləşdirmək kifayət qədər mürəkkəb bir prosesdir".  Bunu ümumilli lider Heydər Əliyev deyib. Müstəqillik dövründə bu müsbət meyllər qorunub saxlanılıb. Öz tolerantlığı ilə dünyaya örnək olmuş Azərbaycan, bu gün də insani dəyərlərə, hüquqlara ən yüksək səviyyətə hörmət bəslənilən ölkə kimi tanınır, çoxmillətli və çoxkonfessiyalı ölkə kimi diqqəti çəkir. Burada bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Xalq olaraq digər azsaylı xalqlara, onların adət-ənənlərinə, tarixinə hörmətlə yanaşmış və onlara qarşı ayrı-seçkilik nümayiş etdirməmişik. Bütün bunların əsasında azərbaycanlıların hər zaman digər xalqların nümayəndələri ilə qardaşlıq, dostluq münasibətləri çərçivəsində birgə yaşaması dayanır. 
Bu bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür. Bütün bunlar mübağiləsiz olaraq tolerant olduğumuzu deməyə əsas verir. Bəli, Azərbaycan illərdir sığınacaq tapmaq üçün gələnlərə dinindən, irqindən, milliyətindən asılı olmayaraq, daim qucaq açıb, onlara bərabər hüquqlarla yanaşı son tikəsini, evinin ən rahat guşəsini verib.  Həmişə qonaqlara hörmət etmək bizim qanımızda var. Onlardan biri də molokanlardı. Azərbaycana molokanların köçürülməsi 1832-ci ilə təsadüf edir. Tarixi mənbələrdə qeyd olunur ki, molokanlar pravoslav kilsəsinə qarşı çıxdığı üçün 26 kişi və 30 qadından ibarət dəstə halında Zaqafqaziya ərazisinə köçürülüb. Rus Çarının “roskolniklər” adlandırdığı bu insanların türklərin yaşadığı bölgələrə köçürülməsində təbii ki, digər məqsədlər də vardı. Bu ilk növbədə həmin ərazilərdə xristianların sayını artırmaq və Rusiyanın  regionda mövqeyini möhkəmləndirməyə xidmət edirdi. Hər halda, molokanlar xristian sayılırdılar. 
Azərbaycanda molokanların yaşadığı rayonlardan biri də İsmayıllı rayonudur. Molokanlar burada özlərinə İvonovka kəndini salıblar. İvanovka İsmayıllı rayonunun mərkəzindən 12-14 km cənub-qərbdə yerləşir. Kəndin əsası 1847 - cı ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulub. 1930-cu ildə İvanovkada o vaxtlar hər yerdə olduğu kimi “kolxoz” qurulub və o bu günki günə kimi öz fəaliyyətini davam etdirir. Kolxoz bacarıqlı işçi və uzaqgörənliyi ilə seçilən NikolayVasilyeviç Nikitinin adını daşıyır. O, kolxoza 1994-cü ilə kimi düz 41 il rəhbərlik edib. Hazırda kənddə 1000-ə yaxın təsərrüfat qeydə alınıb. Buradakı əhalinin böyük əksəriyyətini məhz molokanların nəslinin davamçıları təşkil edir. Onlara qarşı heç bir ayrıseçkilik yoxdur. Molokanlar Azərbaycana gələndə necə mehribanlıqla qarşılanmışdırlarsa, bu gün də həmin mehribanlıq, həmin qonaqpərvərlik azalalmayıb. Molokanlar Azərbaycanlılarla, ləzgilərlə və Azərbaycanda yaşayan digər ruslarla tez bir zamanda dil taparaq, onlara qaynayıb qarışdılar. Bunun nəticəsidir ki, bu gün də onlar azərbaycanlılala birlikdə yaşayırlar. Azərbaycan molokanları zəhmətkeş, xeyir sevən insanlardır. Onlar yerli camaat kimi donuzu haram heyvan kimi qəbul edirdilər. Müharibə dövründə zəif məhsulu olan ildə molokanlar 500-dən çox azərbaycanlını aclıqdan xilas edərək, öz qidalarını onlarla paylaşmışdılar. Əvəzində xilas olmuş insanlar 50-ci illərin əvvəllərində öz qidalarını ac molokanlarla bölüşmüşdülər. Bu qarşılıqlı hörmətdən, ən çətin dövrlərdə bir-birinə yardım göstərmək ənənəsindən irəli gəlir. Bu həmişə belə olub. Bu gün də qarşılıqlı yardım, qarşılıqlı hörmət davam edir. Hazırda molokanlar Azərbaycanda öz adətləri üzrə yaşayırlar. Onlar əkin əkməyə, torpaq şumlamağa və s işlərlə məşğul olmağa davam edirlər. Hər şeyi öz əlləri ilə edirlər. Ev tikmək, paltar hazırlamaq, qab-qacaq düzəltmək və s. kimi şeyləri ozləri edirlər. 
Qeyd edək ki, bütün Azərbaycanda kolxozlar ləğv olunsa da, Ümummilli Lider Heydər Əliyev İvanovka kolxozunun saxlanılması ilə bağlı göstəriş verdi. Bu gün də İvanovka kolxozu keçmiş Sovetlər Birliyinə məxsus unikal bir nümunə kimi hələ də qalmaqdadır. İsmayıllıda yaşayan molokanlar üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Çaxır, pendir və sair kimi məhsulları daxili bazarda öz yerlərini alıblar. Kənddə bir neçə sex, park və zavod fəaliyyət göstərir. Bakıda yerləşən İvanovka mağazasında bu kəndin ekoloji təmiz məhsulları satışa çıxarılır. İvanovkanın ən məşhur brendi eyniadlı şərab, xama, günəbaxan yağıdır. İvanovkanın çörəyi də məşhurdur. 2 - 3 kq ağırlığında olan kərpic formalı çörək uzun müddət xarab olmur. 
Molokanların yaşadığı rayonlardan biri də Gədəbəy rayonudur. Gədəbəy rayonunun ərazisində yerləşən Yeni-İvanovka kəndində də molokanlar yaşayır. Bu kəndinin əsası XIX əsrin ortalarında, Çar Rusiyasının regionlarda apardığı əhalinin ruslaşması siyasəti nəticəsində Azərbaycana köçürülən molokanlar tərəfindən qoyulub. Şəhər mərkəzi ilə kənd arasındakı məsafə təxminən 38-40 kilometr təşkil edir. Bura ilk molokanlar 1852-ci ildə Samara şəhəri və Rostov vilayətlərindən gəldikləri ehtimal edilir. Yeni-İvanovkanin əsası qoyulan vaxt burada 600-ə yaxın molokan yaşayıb. Yeni- İvanovka Ermənistanla sərhəd ərazidə yerləşdiyindən burada yaşayan molokanların əksəriyyəti 90-ci illərin əvvəllərində, yəni Ermənistanın Azərbaycana təcavüzü nəticəsində kəndi tərk ediblər. Molokanlar azərbaycanlılarla iki əsrə yaxındır ki, bu kənddə birlikdə yaşayırlar. Burada məskunlaşan molokanlar, ilk dövrlərdə ehtiyat etsələr də, sonradan isti münsibət görərək yerli əhali ilə qarışmağa başlayıblar. Çünki Azərbaycan xalqı kimi tolerant bir xalq həmişə qonağa mehriban münasibət bəsləyib. Hazırda burada yaşayan molokanların sayı azalsa da, bu xalqın tarixi və məişətini yaşatmaq və gələcək nəsillərə ötürmək üçün kənddə “Rus tarixi və məişəti” muzeyi fəlaiyyət göstərir. 
Xatırladaq ki, Gədəbəyə ilk ruslar 1831-ci ildə ayaq basıb. Sürgün edilmiş 12 molokan ailəsi Novosaratovka kəndinə yerləşib. 
Azərbaycanda molokanların kompakt məskunlaşdığı yerlərdən biri də Xızı rayonunun Altıağac qəsəbəsidir. Onların bu əraziyə gəlməsi XVIII əsrin ortalarına təsadüf edir. O dövrdə 300-ə yaxın ailənin məskunlaşdığı Altıağacda indi 10 molokan ailəsi var. Azərbaycanda (xüsusilә Şamaxı vә Göyçay qəzalarında) bir çox molokan kəndi meydana gәlmişdi. Çarizm һәr vasitə ilə Molokanları yerli müsәlman әһali ilə toqquşdurmağa çalışırdı.
Molokanların yaşadığı rayonlardan biri də Şamaxıdır. Hazırda bu rayonun Çuxuryurd kəndində 56 nəfər molokan yaşayır, qalanları keçən əsrin 90-cı illərində buradan köçüblər. Kənddə yaşayan molokanlar hərtərəfli qayğı ilə əhatə olunublar. 
Beləliklə, neçə əsrlərdir ki, Azərbaycanda bütün xalqlar sülh və əmin-amanlıq şəraitində yaşamaqdadırlar. Azərbaycanlılarla birlikdə dağ yəhudiləri,  tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar yaşayırlar. 

Xəbər xətti