Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ

13:26 - 11 Aprel 2017 - ÖLKƏ İÇİ

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 7-9, gündüz 13-17 dərəcə isti, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 12-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 13-də atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, duman olacağı gözlənilir. Gündüz əsasən yağmursuz. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlığa görə, qeyri-sabit hava şəraiti aprelin 12-si gündüzədək davam edəcək.

Xəbər xətti