Mingəçevir-Bəhrəmtəpə yolunun bir hissəsi yenidən qurulur – FOTO+VİDEO

15:07 - 10 Aprel 2017 - ÖLKƏ İÇİ

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmiryolu stansiyası arasında yerləşən hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən Ucnoqta.az-a verilən məlumata görə, həmin hissənin uzunluğu 16,5 km-dir və III texniki dərəcədən II texniki dərəcəyə uyğun yenidən qurulub.

"Layihəyə uyğun olaraq yol 2 hərəkət zolağından ibarətdir. Mövcud yol yatağının eni tikinti işləri çərçivəsində 12 metrdən 15 metrə qədər genişləndirilib, hərəkət hissəsinin eni 7,5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metrdir. Mingəçevir-Mingəçevir stansiyası avtomobil yolu boyu torpaq işləri, yol yatağının və yol əsasının tikintisi işləri texnoloji ardıcıllığa riayət edilməklə yekunlaşdırılıb. Hazırda yolda asfaltlanma işləri görülür. Bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə 150 min kv. m sahəyə yeni asfalt-beton örtük döşənir. Tikintisi yekunlaşmış ərazilərdə artıq yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, həmçinin yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri aparılır. Layihəyə uyğun olaraq yol geyimi konstruksiyasının qalınlığı 72 sm-dir. Bura 30 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm əsasın üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir.

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun sözügedən hissəsində Kürəkçay üzərində biraşırımlı, 18 poqon metr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı keçidin tikintisi də yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin yenidən qurulması ilə Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yoluna rahat çıxış təmin olunacaq. 

 


Xəbər xətti