Nazirlik: "Sonuncu dəfə belə isti hava 2012-ci ildə olub"

11:50 - 10 Aprel 2017 - ÖLKƏ İÇİ

Dünən Bakıda və Abşeron yarımadasında günorta saatlarında müşahidə edilən temperatur iqlim normasından 2 dərəcə yüksək olub. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, sonuncu dəfə aprelin 9-da Bakıda və Abşeron yarımadasında belə isti hava şəraiti 2012-ci ildə müşahidə edilib. Lakin həmin zaman qeydə alınan temperatur dünənki temperaturdan da yüksək olub. A.Verdiyev dünənki isti, eləcə də bugünkü soyuq hava şəraitinin aprel ayı üçün xarakterik olduğunu, ayrı-ayrı illərdə belə halların müşahidə edildiyini və anomal hesab edilmədiyini söyləyib: “Aprel ayında bundan da isti günlər olub. Havanın dünənki istidən sonra belə soyuması aprel ayı üçün xarakterik olan bir haldır. Apreldə belə dəyişkən hava şəraiti tez-tez müşahidə edilir”. Qeyd edək ki, dünən Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 21 dərəcəyədək isti qeydə alınıb. Bu gün havanın temperaturunun gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Xəbər xətti