“Satınalmalarla bağlı cəza sərt və konkret olmalıdır” - Deputatdan TƏKLİF

17:09 - 7 Aprel 2017 - İQTİSADİYYAT

Milli Məclisin bugünkü iclasında deputat Elmira Axundova Satınalmalarla bağlı Cinayət və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərbarədə danışıb. Deputat bildirib ki, satınalmalarla bağlı cəzaların qanunvericilikdə nəzərdə tutulması mühüm addımdır. “Mən plenar iclaslarda çıxış edərək qeyd etmişəm ki, əgər dövlət büdcə vəsaitlərinə qənaət etmək istəyirsə, elə ilk növbədə satınalmalara, elan olunan tenderlərə diqqəti, nəzarəti və məsuliyyəti artırmalıdır. Amma təklif olunan dəyişikliklərlə bağlı bəzi suallarım olacaq. Məsələ ondan ibarətdir ki, 308-2-ci maddənin bəndlərində eyni əmələ görə bir-birindən fərqli iki ayrı-ayrı cəzalar nəzərdə tutulur. Məsələn, elə götürək 308-2.1-ci bəndi. Həmin bəndə əsasən xeyli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək cərimə edilməklə üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Axı nəyə görə dövlət vəsaitlərini talayan şəxs üçün alternativ cəza nəzərdə tutaq? Məncə alternativ cəzaların mümkünlüyü (ya, yaxud və s. sözlərlə ifadə olunan) hüquq-mühafizə sistemində xoşagəlməz hallara yol açır. Ona görə düşünürəm ki, cəza sərt və konkret olmalıdır.

Məcəllənin 308-2.2 və 308-2.3-cü maddələrdə qeyd olunan “xeyli miqdar” ziyan ifadəsinə maddənin “Qeyd” hissəsində aydınlıq gətirilir. Növbəti sualım ondan ibarətdir ki, bəs 308-2.1-ci maddədəki “xeyli miqdar” nə qədərdir?
Sonuncu sualım isə belədir. Satınalma metodlarının tətbiqi şərtlərinin pozulmasına, məsələn, satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərinin xərclənməsinə, malların satın alınmasının açıq tender üsulu ilə həyata keçirilməli olduğu halda digər satınalma metodlarından qanunsuz istifadə etmə ilə həyata keçirilməsinə və s. əməllərə  görə həm Cinayət, həm də İnzibati Xətalar Məcəlləsində cəza nəzərdə tutulur. Nəyə görə eyni əməllərə görə bir-birindən fərqli cəza təqdim olunur? Mən hesab edirəm ki, bu cür əməllər Cinayət Məcəlləsi ilə cəzalandırılmalıdır”.

 

Elməddin

Xəbər xətti