Ana səhifə
21 Sentyabr 2018

Dövlət-din münasibətləri Azərbaycanda xüsusi yer tutur

Ölkəmizdə məscidlərin, katolik, pravoslav kilsələrin, sinaqoqların təmiri və tikintisini dövlət öz üzərinə götürür və bu sahədə heç bir ayrı-seçkilik yoxdur


Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycan tarixən islam dininə, islam mədəniyyətinə mənsub bir ölkədir. Islam bu ölkəyə 1400 il bundan öncə gəlib, burada dərin kök salıb, insanların davranışına, düşücəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərib. Bu təsir o qədər güclü olub ki, onilliklər boyu xalqı öz milli-mədəni köklərindən ayırmaq cəhdləri heç bir nəticə verməyib, dövlət müstəqilliyini qazanıb, ölkə yenidən islama, bu dinin mənəvi-mədəni ənənələrinə üz tutub.  Bundan başqa, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilib, bir-birinə qarşılıqlı təsir göstərib. Hazırda Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Məsələn, Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunur. Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunur. Ölkədəki rus pravoslav kilsələri 2000-ci ildə təsis edilmiş Bakı və Xəzəryanı Yeparxiyasında birləşir. 1991-ci ildə Cen Mironosets kilsəsinin (1907-ci ildə  Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilib) binası rus pravoslav kilsəsinə verilib. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksey bu məbədə baş kafedral kilsə statusu verib. Hazırda Bakıda 3, Gəncədə və  Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir. Azərbaycanda həmçinin 12 molokan icması fəaliyyət göstərir. 
Xristianlığın digər qolu Bakıda Roma Katolik icması ilə təmsil olunub. Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən Bakirə Müqəddəs Məryəm katolik kilsəsi (memarı İ.K.Ploşko) inşa edilib. Bildirək ki, Sovet dövründə,1934-cü ildə kilsə dağıdılıb və onun yerində Dzerjinski adına klub - indiki Şəhriyar adına Mədəniyyət Evi tikilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün dini icmalara şərait yaradıldığı kimi Katolik icmasına da qayğı göstərilib və Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə dini məbədə ehtiyac duyan katoliklər üçün o vaxt bolşeviklər tərəfindən uçurulmuş kilsənin yerinə yenisinin inşa edilməsi məqsədi ilə ərazi ayrılıb. Bu ərazi 2004-cü ildə Azərbaycana gələn Vatikanın nümayəndə heyətinin başçısı kardinal Toran tərəfindən Roma-katolik kilsəsinin ənənəsinə uyğun olaraq təqdis edilib. Bir il sonra isə ölkəmizə səfər edən Roma-katolik kilsəsinin rəsmisi kardinal Kresçensio Sepe Prezident İlham Əliyev tərəfindən qəbul edilib, digər dini icmaların rəhbərləri ilə görüşüb və daha sonra tikiləcək kilsənin təməlqoyma mərasimində bünövrəyə yerləşdiriləcək ilk daşı təqdis edərək öz xeyir-dualarını verib. Bolşeviklər tərəfindən uçurulan Bakirə Müqəddəs Məryəm kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb.. Eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu olan bu kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında inşa olunub. 2007-ci ilin aprelində Roma-katolik kilsəsinin Cənubi Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudjerotti yeni kilsəni təqdis edib və ilk ibadəti həyata keçiribr. Kilsənin rəsmi açılışı isə Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində baş tutub. Açılış mərasimində dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus-pravoslav kilsəsinin Bakı və Xəzəryanı yeparxiyasının yepiskopu Aleksandr İşein, aparıcı dini icmaların rəhbərləri, diplomatik korpusun nümayəndələri, xarici qonaqlar iştirak ediblər.
Göründüyü kimi bu gün Azərbaycanda digər azadlıqlar kimi, dini azadlıqlar da tam şəkildə təmin edilir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Ölkəmizdə bütün xalqların, bütün dinlərin, bütün etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Əlbəttə, bu, ölkənin Konstitusiyası ilə təsbit olunub. Azərbaycan xalqında olan dözümlülük, əsrlər boyu formalaşan bu mühit ona gətirib çatdırıb ki, bizim üçün bu, normal yaşayış, həyat tərzidir. Ümumiyyətlə, dövlət-din münasibətləri Azərbaycanda xüsusi yer tutur. Tolerantlıq ənənələrini qoruyub saxlamaq dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmizdə məscidlərin, katolik, pravoslav kilsələrin, sinaqoqların təmiri və tikintisini dövlət öz üzərinə götürür və bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Hər bir insanın digər dinə hörməti öz dinindən başlayır və hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Bu uğurlar isə erməniləri qıçıqlandırır. Onılar dəfələrlə təxribata cəhd ediblər, lakin uğursuzluğa düçar olublar." Dünyada, o cümlədən Avropada etnik, irqi və dini zəmində münaqişələrin artmasının qeyd olunduğu zaman mən ölkəmizin bu sahədə əldə etdiyi böyük nailiyyətləri göstərdikdə dinləyicilər mənim məruzəmi böyük maraqla qarşıladılar və mənə çoxlu suallar verdilər. Təxminən 10 ölkənin nümayəndəsi məruzəmlə bağlı çıxış etmək üçün iclasa sədrlik norveçli diplomat Robert Kvilledən söz istədilər. Onlar çıxışlarında məruzəmin informativ və maraqlı olduğunu qeyd etməklə yanaşı ölkəmizin tolerantlıq və qeyri-ayrıseçkilik sahəsində qazandığı uğurlarını alqışladılar, dövlətimizin multikulturalizm siyasətini dəstəklədilər". Bunu fəlsəfə elmləri doktoru, professor Etibar Əli oğlu Nəcəfov beynəlxalq tədbirlərin birində "Tolerantlıq və qeyri-ayrıseçkilik: Azərbaycan təcrübəsi" mövzusunda təqdimala bağlı deyib. O bildirib: "Lakin Ermənistanın nümayəndəsi həmişə olduğu kimi, təqdimatımla bağlı çıxışında ölkəmiz haqqında yalan məlumatları yaymaqla məşğul idi. ATƏT-in sözügedən iclasının gündəliyindən Azərbaycan Respublikasının dövlət nümayəndəsinin çıxışının olduğunu bilən Ermənistanın nümayəndəsi tədbirdən əvvəl böyük bir mətn hazırlamışdır. Bu, onun çıxışında açıq- aydın görünürdü. O, mənim təqdimatımla bağlı digər çıxış edənlərdən fərqli olaraq ölkəmizə qarşı yalanlarla dolu əvvəlcədən hazırladığı mətni oxuyurdu və çıxışı olduqca böyük idi. Ermənistanın nümayəndəsi çıxışında mənim təqdimatımdan irəli gələn məsələlər əvəzinə bir tərəfdən ölkəmiz haqqında qərəzli fikirləri səsləndirirdi, digər tərəfdən isə Ermənistanın tolerant ölkə olduğunu göstərmək istəyirdi. Məsələn, onun dediyinə görə Yerevanda müxtəlif etnik qruplara mənsub olan böyük müsəlman icması vardır. Mənim təqdimatımda göstərdiyim Azərbaycan Respublikasının Şəki rayonunda və Dağlıq Qarabağ ərazisində yerləşən Alban kilsələrini isə o, utanmadan erməni-qroqorian kilsələri kimi təqdim edirdi. Sözsüz ki, cavab çıxışımda mən Ermənistanın nümayəndəsinin dediklərinin həqiqətə uyğun olmadığını konkret faktlarla göstərdim. Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində dağıdılmış məscidlərin, mədəniyyət abidələrinin foroslaylarını və Bakının mərkəzində yerləşən və qorunan erməni kilsəsinin şəkilini dinləyicilərə göstərərək mən onlara kimin haqlı olduğunu sübut etdim. Bundan başqa mən cavab çıxışımda Qafqaz Albaniyasının tarixinin əsas mərhələlərini, xüsusilə ermənilərin Albaniyanın maddi mədəniyyətinin abidələrini mənimsəmələrini dinləyicilərin nəzərinə çatdırdım. Fikrimcə, Qafqaz Albaniyası ilə bağlı verdiyim məlumat iştirakçı dövlətlərin nümayəndələrinə maraqlı göründü. Bu məlumat erməni diplomatının yalanlarını ifşa etməkdə mühüm rol oynadı".

(ardı var)

Tarix
4 Aprel 2017 [18:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin