Qafqaz Albaniyasının taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdır

18:23 - 3 Aprel 2017 - KİVDF

Alban Xristian kilsəsi irsi birbaşa Azərbaycana məxsusdur

Qədim Alban dövlətinin tarixi ərazisi çoxsaylı yazılı tarixi mənbələrin məlumatına görə, eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən – Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə edir. Bu torpaqlar isə ən çox müasir Azərbaycanın ərazisini əhatə edir. Hələ e. ə. V əsrdə Herodot Araz çayından şimaldakı torpaqlarda kaspi adlı Alban tayfasının yaşaması haqqında məlumat vermişdir. Makedoniyalı İsgəndərin sağlığı dövründə Alban hökmdarlığının mövcud olmasını antik Roma müəllifi Böyük Plini təsdiq edir. Strabonun məlumatına görə, Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti, mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olub. Sonralar əhalisinin bir hissəsi islam dinini qəbul etsə də bu amil, alban-xristian ideologiyasının və onların milli-mədəni dəyərlərinin ləğv edilərək sıradan çıxmasına səbəb olmamış, əksinə islamçılıq Azərbaycanda alban tarix və mədəniyyət abidələrinin, eləcə də tayfa ənənələrinin qorunub saxlanması və mühafizə edilməsi üçün hər bir müsəlmanın üzərinə ciddi məsuliyyət və öhdəlik qoymuşdur. Azərbaycanlıların əcdadlarından biri olan albanlar, eyni bir ərazidə formalaşmış və özlərinə məxsus zəngin və təkrarolunmaz mədəniyyət qurublar. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyin sədri Faiq İsmayılov bildirib ki, məhz bu baxımdan Azərbaycanın qədim və orta əsrlər tarixinin və mədəniyyətinin tədqiq edilməsində, öyrənilməsində yerli alban mənbələrinin əhəmiyyəti xüsusilə vacibdir. Bəlkə də bu səbəbdən görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdır. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”. Albanlar hal-hazırda Azərbaycanda yaşayan udinlərin, avarların, xınalıqlıların, və digər tayfaların əcdadları idi.
 
Alban kilsəsinin ən qədim məbədi Kiş kəndində yerləşir. Şəki rayonunun Kiş kəndində yerləşən bu məbəd əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi olub. Alban apostol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdən sayılır. Albaniyada xristianlığın yayılması və ilk kilsənin yaradılması apostolların adı ilə bağlıdır. Alban müəllifi Musa Kalankatuklunun verdiyi məlumatdan aydın olur ki, Albaniyada erkən xristian cəmiyyətinin yaranması apostollar Faddey, Yelisey, Varfolomeyin adları ilə bağlıdır. Qədim mənbələrdə ilk kilsənin Kiş kəndində (Gis) tikilməsi haqqında məlumatlar var. Maraqlıdır ki, məbədin yerləşdiyi kənd iki min ildən artıqdır ki, “din, etiqad, pərəstiş” mənasına gələn “Kiş” adlanır.
Rəvayətə görə, İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Bu kilsə yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Qafqazda tikilmiş ilk xristian kilsəsidir.
Əslində tədqiqatçıların Yeliseyin kilsə tikmiş olduğu Kiş kəndi haqqında müxtəlif fərziyyələri var. Z.N.Yampolski həmin yaşayış məntəqəsinin Şəkidə yerləşən Kiş kəndi, R.B.Göyüşov isə bu kəndin Xocavənd rayonundakı Kiş kəndi olduğunu iddia edib.
 Uti vilayətinin indiki Şəki-Zaqatala bölgəsinin ərazisini əhatə etdiyini nəzərə alaraq, bu məntəqənin məhz Şəkidə olduğunu söyləmək mümkündür. Həmçinin keçmiş Uti vilayətinin ərazisinə aid olan Şəki-Balakən bölgəsindəki Qum (IV-V əsrlər), Ləkit (V-VI əsrlər), Orta Zəyzid (VI-VII əsrlər) və s. kimi məbədlərin olması da bu fikri bir daha təsdiqləyir.
2000-2004-cü illərdə Kiş apostol kilsəsinin ərazisində arxeoloji qazıntılar aparılıb. Arxeoloji qazıntılara memarlıq doktoru Vilayət Kərimov rəhbərlik edib. Bu qazıntılar məhdud ərazidə aparılmasına baxmayaraq, Kiş məbədinin fəaliyyəti dövrünün bütün mərhələlərini izləməyə imkan verib. Arxeoloji tədqiqatın nəticəsində aydın olmuşdur ki, Kiş məbədi sadə təkzallı bazilikadan günbəzli memarlığadək beş tikinti mərhələsi keçib.
Arxeoloq N.M.Muxtarovun verdiyi məlumata görə, 1864, 1930-cu illərdə kilsə ermənilər tərəfindən təmir olunub və nəticədə onun görünüşü əsaslı şəkildə dəyişdirilib. Belə güman etmək olar ki, bu yenidənqurma işləri 1836-cı ildə Rusiya hakim dairələrinin qərarı ilə Alban kilsəsinin ləğv olunmasından sonra Kiş məbədinin erməni kilsəsi memarlığına uyğunlaşdırılması məqsədilə edilib.
 Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244-cü ildə Alban kilsəsinin arxiadiakonu Serafin tərəfindən yenidən qurulduğunu bildirən kitabə olub. XIX əsrin 30-cu illərində Alban kilsəsi Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi tamamilə pozulub. Ermənilərin saxtakarlığı yalnız bununla bitmir. Ermənilər Dağlıq Qarabağ ərazisində olan alban kilsələrinin əksəriyyətini bərpa edərək onlara iddia etmək həyasızlığını göstərirlər.  Məsələn, IX əsrdə inşa edilmiş və uzun müddət fəaliyyət göstərmiş Ağoğlan monastr kompleksi Laçın rayonunun ərazisində Ağoğlan çayı sahilində yerləşir. Möhkəm bazalt daşdan tikilmiş bu möhtəşəm monastr məharətli konstruktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur. Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng, yəni “tanrı məbədi” adlandırılan monastr kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olub. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib. Arxeoloji tədqiqatların nəticələrindən məlum olur ki, monastrın əsası VI-VII əsrlərdə qoyulub. Alban knyazı tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə qonşu xalqların kilsələrindən fərqlənir
Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilib. Bunlardan bizim günədək gəlib çatanlardan biri də, Dağlıq Qarabağın Ağdərə rayonundakı Müqəddəs Yelisey monastr kompleksidir. Qala divarları ilə əhatə olunmuş monastr kompleksinin əsası V əsrdə qoyulub. Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılıb, böyük baş kilsə binası, altı kiçik kilsə, bir neçə yaşayış və təsərrüfat binaları tikilib. Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Qandzasar monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastr kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltaraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidəni çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Amma düşmən tərəf  onların erməni kilsəsinə məxsus olduğunu iddia etmək həyasızlığından əl çəkmirlər.
Alban-Udi Xristian dini icmasının sədri, Bakı Dövlət Universitetinin (BDU) baş elmi işçisi Robert Mobilin bildirib ki,  Azərbacan alban mədəni irsinə sahib çıxmalıdır: «Ermənilər həmişə Azərbaycanda olan zəngin dini konfessiya irsinə sahib olmaq istəyib. Dini irsə sahib olmaq daha sonra mədəni irsə, sonra da torpağa sahib olmaq deməkdir. Bu irsə sahib olmaq istəyən başqa qonşular da var. Alban Xristian kilsəsi irsi birbaşa Azərbaycana məxsusdur". 

(ardı var)

Xəbər xətti