Saatlı rayonunda quruculuq işlərinə 6,8 milyon manat ayrıldı

11:11 - 30 Mart 2017 - Xəbər

Prezident İlham Əliyev Saatlı rayonunun Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 12 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycanın 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Dövlət başçısı, həmçinin Saatlı rayonunda çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Saatlı rayonunun sosial-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər baş verib, əsas kapitala yönəldilmiş vəsait 23,5 dəfə, o cümlədən tikinti quraşdırma işləri 27,4 dəfə artıb, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı Kompleksi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Rəsm Qalereyası, əlil və şəhid ailələri üçün ümumilikdə 48 mənzilli 2 yaşayış binası inşa edilib, Rayon Mərkəzi Xəstəxanası və Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, Saatlı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, 29 kənddə sutəmizləyici qurğular quraşdırılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, iri istehsal və emal müəssisələri yaradılıb, 32 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncamda deyilir ki, Saatlı rayonunda çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Saatlı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamlarda göstərilən məbləğdə maliyyələşmələri təmin etmək tapşırılıb.

Xəbər xətti