Dini-mənəvi irsimiz elmlə dinin vəhdəti zəminində inkişaf edir

18:30 - 29 Mart 2017 - KİVDF

Azərbaycanda İslami maarifləndirmə işlərinə böyük önəm verilir

Azərbaycan milli və dini baxımdan həmişə tolerant ölkə olub. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş ölkəmiz bu gün də öz missiyasını uğurla yerinə yetirir. Bu gün də dünya mədəniyyətinə, türk-islam sivilizasiyasına böyük töhfələr vermiş ölkəmiz çoxmillətli və çoxkonfessiyalı cəmiyyətə malikdir. Dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Bunun nəticəsidir ki, əsrlər boyu ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri tarixən qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşayıb. Dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməyib, hətta yerli əhali ilə qaynayıb-qarışıblar. "Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşıb. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu danılmazdır",- Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Bir sözlə tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Zaman keçir və çox şeyi dəyişir. Amma dəyişməyən bir həqiqət var: tolerantlıq Azərbaycan xalqının xarakterik keyfiyyəti, Azərbaycan cəmiyyətinin nailiyyətidir. Bu keyfiyyətin nəticəsidir ki, Azərbaycan xalqı daim bu bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr veribdir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, İslam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə yerinə yetirirlər. Ölkəmizdə dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün etnik-dini təbəqələrin mili-mənəvi dəyərlərinə sahib olması üçün hərtərəfli hüquqi və demokratik şərait təmin edilibdir. Bununla bağlı Qafqaz Müsəlmanları Idarəsinin sədri Allahşükür Paşazadə deyib "Bu bir həqiqətdir ki, dünyada yaşanan böhranlara, qarşıdurma və münaqişələrə baxmayaraq, dünyamızı məhvərindən çıxmaga qoymayan əbədi dəyərlər mövcuddur. Bunların sırasında müxtəlif millət və etiqad sahiblərinin dinc birgəyaşayışı, qarşılıqlı anlaşma mədəniyyəti mühüm yer tutur. Səmavi dinlərin hər biri insanlara hidayət yolunu göstərmək üçün Allah tərəfindən göndərilibdir. İslamın təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül ideyaları həm müsəlman ümməti, həm bütün qeyri-müsəlmanlar üçün mühüm dəyər kəsb edir.  Azərbaycan hicri tarixinin erkən dövrlərindən İslamın yayılmasında böyük rol oynayıbdır. Əsrlər boyunca İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi Müsəlman İntibahında mühüm rol oynamış Azərbaycan bu gün də İslam dünyasının önündə gedən dövlətlərdən biridir və ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qorumaqdadır".
 Qafqaz Müsəlmanları Idarəsinin sədri Allahşükür Paşazadənin sözlərinə görə. tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət, İslami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda, şükürlər olsun ki, sabitlik mövcuddur. "Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir. Təbii ki, burada dövlət rəhbərimizin siyasi iradəsi böyük önəm daşıyır. Dövlət başçımız İlham Əliyevin xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, qlobal miqyasda ümumbəşəri ideyaların carçısına çevrilməsi, ölkəmizin Humanitar və Mədəniyyətlərarası dialoqa dair Qlobal Forumlara mütəmadi olaraq evsahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzu üçün yenilməz zəfərdir". Allahşükür Paşazadə bildirib ki, müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz olmuş Ulu Öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik dururdu."Bu bir həqiqətdir ki, Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, tam qətiyyətlə deyə bilərik ki, beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində qurulub. Bu gün Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir".
Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması da Ümummilli Liderin adı ilə bağlıdır. O, tolerantlığın, birgəyaşayış mədəniyyətinin İslam dininin və Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu bildirib: "Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu gün milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərir. "Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir. Multikulturalizm ümumbəşəri sərvət, İslam həmrəyliyi isə onun tərkib hissəsidir. İslam həmrəyliyi təkcə İslam ölkələri deyil, bütün dünya üçün, dinlərarası münasibətlərin yaxşılaşması üçün gözəl imkan kimi dəyərləndirilməlidir.         Azərbaycanda dini-mənəvi irsimiz elmlə dinin vəhdəti zəminində inkişaf edir, İslami maarifləndirmə işlərinə böyük önəm verilir. İslam dəyərlərinin ümumbəşər əhəmiyyətinə dəyər verən dövlət başçımız İlham Əliyev müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində səy göstərir". 
Allahşükür Paşazadəyə görə, bu gün dünyada dini və milli zəmində ekstremizmin tüğyanı, ksenofobiya, islamofobiya, radikalizm təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən amil, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir. "Dünyanın müxtəlif nöqtələrində, o cümlədən Yaxın Şərqdə, Suriyada, Fələstində, İraqda, Türkiyədə səngimək bilməyən terror, insan qırğını, dini-mədəni irsin məhvi prosesləri - zamanında müsəlman aləmində həmrəyliyin olmaması səbəbindən yaşanan ümumbəşəri faciələrdir. Bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər. Müqəddəs Qurani-Kərimin Əraf surəsinin 85-ci ayəsinin təfsirində: «Allah-Təalanın bəşər üçün mükəmməl şəkildə xəlq etdiyi Yer üzündə fitnə-fəsad törətməyin, qan tökməyin, Tanrının yaratdığı həyatı, insanı məhv etməyin» - deyə əmr olunur".  


Deməli, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. 

Xəbər xətti