Milli Şura Almaniyanın Düsseldorf şəhərində keçirilən konqresdə təmsil olunur

12:28 - 29 Mart 2017 - Cəmiyyət

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə Katibi İlhamə Qasımzadə "Gənclər Üçün Sosial və Ədalətli Avropa" konqresində Azərbaycanı təmsil edir. Almaniyanın Düsseldorf şəhərində keçirilən konqres 27-30 mart tarixlərində həyata keçirilir. 
Konqresin keçirilməsində məqsəd daha demokratik, sosial və ədalətli Avropanın yaradılmasında gənclərlə işin əhəmiyyətini müəyyənləşdirmək, həmçinin, Avropanın müxtəlif hissələrindən gələn ekspertlər arasında əməkdaşlığı gücləndirərək onlar arasında şəbəkəni genişləndirməkdir. 

400 gənci və beynəlxalq eksperti bir araya gətirən "Gənclər Üçün Sosial və Ədalətli Avropa" konqresi 30000 iştirakçının qatıldığı "Alman Uşaq və Gənclər Rifah" konqresinin (EUROPE@DJHT) bir hissəsini təşkil edir. Tədbir çərçivəsində panel müzakirələri və qrup işləri ilə bərabər uşaq və gənclər sahəsində fəaliyyət göstərən 31 quruma infoturlar təşkil olunmuşdur.

Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür. 

Xəbər xətti