Azərbaycan din münasibətlərinin ən ahəngdar olduğu ölkə kimi tanınır

18:13 - 27 Mart 2017 - KİVDF

Ölkəmizdə tarix boyu dinlər və mədəniyyətlər baxımından müxtəlif baxış bucağına malik insanlar yaşayıb


Tolerantlığın, multikulturalizmin fəlsəfi əsası irqindən, cinsindən və dinindən asılı olmayaraq bütün insanların mənşəyinin həm mövcud təbii-elmi, həm də dini nəzəriyyələrdə eyni kökdən olmasındadır. Bu isə “bəşəriyyət doğma bir ailədir” məntiqi nəticəsini verir. Deməli, milli, dini, irqi, etnik və s. ayrı-seçkiliklər, ikili standartlar yalnız müxtəlif maraqlardan, o cümlədən siyasi maraqlardan qaynaqlanır. Azərbaycanda heç vaxt ikili standartlar olmayıb. Bu gün də yoxdur. Ölkəmizdə tarix boyu dinlər və mədəniyyətlər baxımından müxtəlif baxış bucağına malik insanlar yaşayıb, yaradıblar. Vətənimiz bu mövzuda koloritliyi ilə seçilir və bu koloritlik üçün hər baxımdan əlverişli məkan olduğundan sanki onlar arasında insani dəyərlərə, qarşılıqlı hörmətə dayanan bir körpü yaranıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əli Həziyev bildirib: " İslam tolerant din olmasaydı, onun mənsublarının yaşadığı Azərbaycanda indiki səviyyədə dözümlülük mədəniyyəti formalaşa bilməzdi. Çünki dinimizə görə, bütün insanlar və millətlər bərabərdir, ali irq, ali millət anlayışı yoxdur. Qurani-Kərim buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...” (Hucurat, 13). Peyğəmbərimizin hədisi-şərifində bu fikir daha da konkretləşdirilir: “Heç bir ərəb qeyri-ərəbə nisbətən hansısa üstünlüyə malik deyil. Eləcə də qeyri-ərəb zənciyə nisbətən, zənci ağ adama nisbətən hansısa üstünlüyə malik deyil”. Qurani-Kərimdə insanlara bəyan edilir: “Dində məcburiyyət (zorakılıq) yoxdur...” . Göründüyü kimi, İslam prinsipial şəkildə insanların vicdan və seçim azadlığına müdaxilə edilməsinə icazə vermir. Buna görə də İslam dini sürətlə yayılarkən xristian, yəhudi məbədlərinə toxunulmamış, həmin dinlərin mənsublarının öz inanclarına uyğun yaşamalarına şərait yaradılmışdır. İslamdan gələn bu cür dözümlülük Azərbaycan xalqının etnik xüsusiyyətlərindən qaynaqlanan tolerantlıqla çuğlaşaraq daha rəngarəng və mükəmməl bir forma almış və zəngin mədəni sərvətə çevrilmişdir". Onun sözlərinə görə, İslam Azərbaycan xalqının ondan öncəki dinlər və müxtəlif inanclar vasitəsilə əldə etdiyi mədəni və mənəvi sərvəti məhv etməmiş, əksinə, onu daha da zənginləşdirmişdir (Şəkidəki Kiş məbədi, XVIII əsrdə Bakıda atəşpərəstlər tərəfindən tikilmiş Atəşgah məbədi).
"Şübhəsiz ki, bütün bu sadaladığımız dəyərlər yalnız düşünülmüş dövlət siyasəti nəticəsində daha da möhkəmlənə bilərdi",- o deyib.

Bəli, bu gün Azərbaycan cəmiyyət və din münasibətlərinin ən ahəngdar olduğu ölkə kimi tanınır.  Azərbaycanın müasir cəmiyyət və din siyasəti bir-biri ilə bağlıdır. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib ki,  Azərbaycan müsəlman ölkəsidir. Bu baxımdan xalqın əsirlərdən bəri formalaşmış ənənələri və yazılmamış qaydaları müasir dövlət quruculuğunda da nəzərə alınır. Ə.Həsənovun sözlərinə görə, Azərbaycan Respublikasında öz fəaliyyətini mövcud qanunvericilik çərçivəsində quran, xalqımızın milli-mənəvi dəyərlərinə və dini hisslərinə hörmətlə yanaşan bütün dini təşkilatlar və icmalar üçün lazımi şərait yaradılır, onların təşəbbüsləri, rəy və təklifləri nəzərə alınır. "Hökumət hətta onun öhdəliyinə daxil olmasa belə, bu sahədə mövcud qanunlar çərçivəsində dini etiqad və ayinlərlə bağlı öz vətəndaşlarının fəaliyyətinə zəruri şərait yaradır, dövlət vəsaiti hesabına məscidlər, kilsələr, sinaqoqlar və s. ibadət ocaqları tikilir, köhnələri bərpa və təmir olunur və dindarların istifadəsinə verilir. Bundan başqa, dövlət başçısının sərəncamı ilə dini icmalara birbaşa vəsait ayrılır, onların bu və ya digər tədbirləri maliyyələşdirilir.
Dövlətin üzərinə düşən də budur ki, qanunları həyata keçirməklə yanaşı, əhalinin dini normaları cəmiyyətin həyatında uyğun şəkildə mənimsəməsinə, münasibətlər qurmasına, dini konfessiyaların normal fəaliyyətinə şərait yaratsın. İnsanları inanclı olan ölkədə dövlətin və cəmiyyətin idarəçiliyi də asan olur. Biz dini işlərə müdaxilə etmirik. Amma din cəmiyyətin bir hissəsi olduğuna görə, təkcə kənardan baxmaqla müşahidə də edə bilmərik”.
Ə. Həsənov qeyd edib ki, bütün dövlət tədbirlərində dini konfessiya rəhbərləri iştirak edir. Hətta bəzi məsələlərdə bir-birlərinə yaxından köməklik edirlər.
 Ə.Həsənov bildirib ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. "Din dövlətdən ayrıdır. Dövlətin hüquq, idarəçilik, təhsil, ictimai münasibətlər, qulluq və s. sistemləri dünyəvi xarakter daşıyır. Eyni zamanda, dini etiqad azadlığı, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq və s. hüququ var. "Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermir. Son zamanlar ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları, dini təriqətlər Azərbaycana da ayaq açıb və respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər. Bu cərəyanların bəzisi öz məqsədlərinə uyğun olaraq ictimai rəyin formalaşdırılması, radikallıq meyillərinin gücləndirilməsi, dövlətin hüquqi normalarına və idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində cəhdlər göstərirlər".
Ə.Həsənov qeyd edib ki, vətəndaşların müxtəlif yollarla şirnikləndirilməsi, ələ alınması və müxtəlif şəbəkələrdə yerləşdirilməsi, cəmiyyətdə radikal dini ideyaların aşılanması, insanların təfəkkürünün, dünyagörüşünün süni yollarla dəyişdirilməsi, ayrı-ayrı qanunsuz icmaların yaradılması və fəaliyyətinin istiqamətləndirilməsi, cəmiyyət həyatının ahəngdar ritminin, mövcud ictimai-siyasi sabitliyin pozulması cəhdləri və s. bu təşkilatların ümumi xarakteristikasını təşkil edir. Bundan başqa, yeniyetmələrin və gənclərin özlərinin təsir dairəsinə salınması, yetişdirilməsi və məqsədyönlü şəkildə cəmiyyətdə təsir imkanlarının əldə edilməsi meyilləri müşahidə olunmaqdadır.
Doğurdan da bu gün yüksək tolerantlıq və demokratiya mühitindən istifadə edən bəzi dini qruplar qanunlara zidd metodlarla ölkə vətəndaşlarının etiqad azadlığına müdaxilə etməyə, dövlətin ictimai təhlükəsizliyinə zərər gətirən təbliğat işləri aparırlar. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar da bu zərərli təsir altına düşürlər. 
PA rəsmisi bildirib ki,  Yaxın Şərqdə, bəzi region ölkələrində dini qrupların və təriqətlərin cəmiyyət həyatını, hakimiyyəti idarə etmək cəhdlərinin ciddi katakrizmlərə, qarşıdurmalara, siyasi və iqtisadi böhranlara səbəb olması görünür. Hazırda bu məsələlərin geniş ictimai müzakirələrə yol açması müxtəlif mülahizələrin, rəy və təkliflərin irəli sürülməsi bir daha təsdiq edir ki, cəmiyyət dağıdıcı təriqətlərin peyda olmasından narahatdır: "Odur ki, hüquqi normalar çərçivəsində mövcud qanunlara və ictimai davranış normalarına riayət etməyən, maraqlı xarici dairələrin təsiri altında pozuculuq fəaliyyəti nümayiş etdirən təşkilatlara və şəxslərə qarşı respublikada dövlət səviyyəsində ardıcıl və sistemli tədbirlər görülür, bundan sonra da görüləcək. Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların antimilli fəaliyyətinə qarşı qəti barışmaz mövqedədir və onların niyyətləri heç vaxt nəticə verə bilməz".
Ə.Həsənov qeyd edib ki, bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, milli və dini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və ya təhrik etmək istəyənləri, habelə şəbəkələşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların əsl simasını cəmiyyətə tanıtmaq kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifələrdən biridir: "Azərbaycan mediası öz mütərəqqi ənənələrini davam etdirərək, milli maraqlarımızı və mənəvi dəyərlərimizi hər şeydən uca tutmalı, ümummilli məsələlərdə vahid mövqe ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin və vətəndaş birliyinin əsaslarını sarsıtmaq istəyən daxili və xarici dairələrə qarşı barışmaz olmalıdır". 

Xəbər xətti