Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı istiqamətində ardıcıl siyasət yürüdür

18:05 - 16 Mart 2017 - KİVDF

"Biz islam həmrəyliyini, etibarını, dinimizi çox çətin şəraitdə qoruyub saxlaya bilmişik"

"Avropa ilə Asiyanın qovşağında yerləşən qədim Azərbaycan torpağında müxtəlif dinlərə, ayrı-ayrı mədəniyyətlərə mənsub insanlar tarix boyu əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycan xalqı bu gün də özünün dərin tarixi köklərə malik, zəngin tolerantlıq və multikultural ənənələrini qoruyur, sivilzasiyalararası dialoqa, İslam daxilində və konfessiyalararası həmrəyliyə öz töhfələrini verir. Buna görə də zamanın çağrışlarına səs verən İslam həmrəyliyinə həsr olunmuş konfransın keçirilmə məkanın dəqiq seçilməsi şübhəsizdir". Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən “İslam həmrəyliyi - zamanın çağırışı” adlı beynəlxalq konfransın iştirakçılarına müraciətində  bildirilir. Müraciətdə daha sonra bildirilir: "Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunduqdan sonra xalqımız öz tarixi, mənəvi ənənələrinə sadiqliyini böyük coşqunluqla bir daha nümayiş etdirdi. Bu münasibətlə Azərbaycanda və xaricdə bir sıra əhəmiyyətli və faydalı tədbirlər keçirildi. Dünyada multikulturalizmin Azərbaycan modelinə xüsusi maraq və diqqət yarandı. Bütün bunlar ona gətirdi ki, ötən ilin məntiqi davamı olaraq 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edildi. Müasir dünyamızda İslam həmrəyliyinin vacibliyi ilk olaraq İslam daxilindəki həmahəngliyin bərqərar edilməsində özünü göstərir. Bu, müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların elmi müstəvidə aradan qaldırılması, bütün İslam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlərin qurulmasıdır. Bununla yanaşı, İslam həmrəyliyi dedikdə, həmçinin İslam və digər dinlər arsında harmoniyanın yaranması nəzərdə tutulur. Buna nail olmaq, əslində, dünya dinləri arasında ahəngdar və bir-birinə inamlı münasibətin daha da möhkəmlənməsinə, İslam ölkələri ilə digər ölkələr arasında bəşəri dəyərlərə əsaslanan xoş münasibətlərin inişafına nail olmaq deməkdir. Bunun üçün çox işlər görmək və real addımlar atmaq lazımdır".
Prezidentin müraciətində daha sonra bildirilir: " Sizin konfransınız Azərbaycanda İslam həmrəyliyi ilə əlaqədar bu istiqamətdə görüləcək işlərin artıq başlanmasına ciddi bir işarədir. Bu gün İslama və digər konfessiyalara mənsub görkəmli alimlərin, din xadimlərinin dinlərarası mühüm, aktual məsələləri belə yüksək səviyyədə müzakirə etmələri özünün müstəsna elmi-dini əhəmiyyəti ilə yanaşı, müsəlman dünyası və xalqları, eyni zamanda dünya dövlətləri və xalqları arasında qardaşlıq, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət etməlidir. Ümüdvaram ki, konfrans nəinki islam aləmində, bütün dünyada həmrəylik və dostluğun daha da möhkəmlənməsi işinə öz lazimi töhfəsini verəcək. Bu nəcib fəaliyyətinizdə bir olan Uca Allahdan sizə könül xoşluğu, cansağlığı və konfransınızın işinə uğurlar arzulayıram".
Bu müraciət Azərbaycan prezidendinin İslam həmrəyliyinin əhəmiyyətinə, müsəlmanlar arasında birliyə önəm verdiyini ortaya qoyur. “Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti var”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, Azərbaycan sivilizasiyaların əsas mərkəzlərindən biri kimi tolerant və multikultural ənənələrə hər zaman sadiq olmaqla İslam dünyasında bu və ya digər problemlərin həllində özünəməxsus rola və nüfuza malikdir: "Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə dövlət başçısının birbaşa göstərişi ilə inşa olunmuş Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidində vəhdət namazlarının qılınması İslam dünyasına bir mesajdır. Bununla Azərbaycan bütün dünyaya İslamda olan ayrı-ayrı məzhəblər arasındakı qarşıdurmaların aradan qaldırmasının örnəyini göstərir. Bu, müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçısının İslam dininə, müsəlman dünyasına verdiyi yüksək dəyərin göstəricisidir".  Komitə sədri deyib ki, “Multikulturalizm ili” elan edilmiş 2016-cı ildə Azərbaycanın sahib olduğu tolerantlıq və multikulturalizm dəyərləri ölkədə və onun hüdudlarından kənarda geniş miqyasda təbliğ edilərək nümunə göstərildi: "Əminəm ki, “İslam Həmrəyliyi İli” elan edilən 2017-ci il də ölkəmiz və bütün İslam dünyası üçün uğurlu illərdən biri olacaq, İslam mədəniyyətinin təbliği və təşviqi, ənənələrinin qorunması, İslam dininin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması və ən əsası İslamı gözdən salan dairələrin hərəkətlərinə qarşı arqumentlərin ortaya qoyulması istiqamətində verilən töhfələrlə yadda qalacaq”. M.Qurbanlı bildirib ki, hər bir dövrün müəyyən çağırışları olur: “Hər bir çağırışa da adekvat cavablar verilməli və buna müvafiq olaraq qərarlar qəbul edilməlidir. Siyasi xadimlərin, liderlərin də fərqli keyfiyyətlərindən biri bu cür hadisələri qabaqlayaraq zamanında müvafiq qərarlar qəbul etməsidir. Müasir dövrdə İslam dünyasının həmrəyliyə çox böyük ehtiyacı var. Bu həmrəyliyi yaratmaq, bununla bağlı müəyyən addımlar atmaq üçün belə bir çağırışın edilməsi, belə bir mesajın verilməsi çox böyük önəm daşıyır”.
Komitə sədri vurğulayıb ki, İslam dünyasında böyük nüfuza malik olan, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan sivilizasiyalararası dialoqun məkanına çevrilib: “Müstəqilliyin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında əhəmiyyətli işlər görülüb. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Ümumiyyətlə, ulu öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük”. M.Qurbanlı qeyd edib ki, bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir:  İslam ölkələri islamofobiyaya qarşı mübarizədə bir olaraq ideoloji cəbhədə mübarizələrini gücləndirməlidirlər. M.Qurbanlı bildirib ki, islamofobiya ilə bağlı məsələlər Avropada daha qabarıq şəkildə özünü göstərir: "Çox təəssüf ki, bəziləri islam haqqında müxtəlif mənfi rəylər formalaşdıraraq, guya onun dünya üçün təhlükəli olduğunu bildirərək terrorla eyniləşdirirlər. Bu gün dünyada İslam həmrəyliyinin olmasını olduqca vacib sayan komitə sədri bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2017-ci ilin "İslam həmrəyliyi" elan edilməsi dünyaya bir mesajdır: "Bu gün dünyada dini zəmində münaqişələr gedir. Lakin ən təəssüfedici məqam bu münaqişələrin çoxunun məhz müsəlman ölkələrinin ərazisində olmasıdır. Ümumiyyətlə, müsəlman ölkələrində mövcüd olan məzhəbçilik müsəlman dünyasına böyük ziyan vurur. 32 müsəlman ölkəsi digər məzhəbləri qəbul etmir. Bu, düşündürücü məsələdir".
Komitə sədri söyləyib ki, bu gün dünyada sülh və əmin-amanlığı bərpa etmək üçün beynəlxalq təşkilatlar səylərini birləşdirməlidir. M.Qurbanlı deyib ki, Azərbaycan bu sahədə üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışır.
AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə bildirib ki, bir sıra Avropa ölkələri açıq-aşkar islamofobiya meyillərini təbliğ edirlər. Onun sözlərinə görə, Azərbaycanda yalnız islam dini deyil, bütün səmavi dinlər qorunub saxlanılıb. "Dünyanın bəzi ölkələrində islamı daxildən dağıtmağa çalışsalar və buna nail olsalar da, Azərbaycanda islam həmrəyliyi var: Biz dini məzhəb birliyini qoruyub saxlaya bilmişik. Əgər dinlərarası razılıq olsa, dünyada belə münaqişələr olmaz. Münaqişələrin, anlaşılmazlıqların aradan götürülməsi üçün bütün dinlər fəal şəkildə işə qarışmalıdır. Buna görə də Azərbaycan modelini öyrənmək lazımdır. Azərbaycan modeli nümunə kimi götürülərsə, dünyadakı bu soyqırımlara, münaqişələrə son qoyular".  Y.Mahmudov əlavə edib ki, Azərbaycan islamın yayıldığı ilk ölkələrdəndir. Azərbaycan islamın regionda yayılmasında çox mühüm rol oynayıb. Tarixçi alim qeyd edib ki, dünya tarixində mühüm rol oynamış islam intibahının formalaşmasında Azərbaycanın xüsusi rolu olub: "Biz islam həmrəyliyini, etibarını, dinimizi çox çətin şəraitdə qoruyub saxlaya bilmişik. Məhz müsəlman olduğumuz üçün bizə qarşı dəhşətli soyqırımlar həyata keçirilib, minlərlə insanlar öldürülüb".

Xəbər xətti