Allahşükür Paşazadə: "Məzhəb ayrıseçkiliyi salan din xadimləri İdarədaxili qanunlar çərçivəsində cəzalandırılırlar"

11:15 - 16 Mart 2017 - ÖLKƏ İÇİ

"Azərbaycanın bir sıra məscidlərində - istər Bakıda, məsələn Əjdərbəy məscidində, istərsə bölgələrdə, məsələn, Göyçayda, Xaçmazda, Qubada müxtəlif məzhəbdən olan dindarlar birlikdə namaz qılırlar". Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Şeyxülislam qeyd edib ki, bu, bizim həyat tərzimizdir və biz bununla qürur duyuruq: "Bu, eyni zamanda, müdrik dövlətçilik siyasətinin bəhrəsidir. Hər iki məzhəbi təmsil edən Qafqaz Müsəlmanları İdarəsi də hər zaman bu istiqamətdə təbliğat işi aparır. Məhərrəm ayının təziyə mərasimlərində sünni məzhəbindən olan din xadimlərinin iştirakı, Bakı İslam Universitetində hər iki məzhəbdən olan tələbələrin tədris prosesinin məzhəb ayrıseçkiliyi olmadan həyata keçirilməsi və s. İbadət proseslərinin, mərasimlərin məhz bu şəkildə - heç bir məzhəb təəssübkeşliyinə yol vermədən keçirilməsini təlqin edirik. Bu təşviqə uyğun olmayan davranış nümayiş etdirən din xadimləri İdarədaxili qanunlar çərçivəsində cəzalandırılırlar".

Xəbər xətti