"Bu addım insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa ziddir”

16:07 - 13 Mart 2017 - SİYASƏT

Millət vəkili: “Bu addım Türkiyəni daha da gücləndirdi” 

“Hollandiyanın qardaş Türkiyə Cümhuriyyətinin nazirlərinin öz vətəndaşları ilə görüşmə hüququnu məhdudlaşdırması, zorakı üsullarla qadağan etməsi diplomatiya tarixində görünməmiş nəzakətsizlikdir. Bu addım insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa ziddir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bu addım diplomatik münasibətlər haqqında Venesiya konvensiyasına ziddir: “Bu vaxta qədər dövlətlərarası münasibətlərdə rastlanmayan pis bir insidentdir. Ancaq hər şeydən əvvəl İmperialist Qərbdə baş qaldıran və hər gün bir az daha artan islamafobiyanın təzahürüdür. Hələ bu da hamısı deyil,15 iyul 2016 –cı ildə Türkiyə Cümhuriyyətinə qarşı dövlət çevrilişinə cəhddən sonra Avropa imperializminin Türkiyəyə qarşı  nümayiş etdirdiyi qərəzli münasibətin davamıdır. Gürünür Qərb imperializminin Türkiyəni Suriyalaşdırmaq layihəsi baş tutmadığı üçün Qərbdə olduqca böyük narahatçılıq var. Ona görə də qardaş ölkədə aprel ayının 16-da baş tutacaq ən böyük demokratik tədbir ümumxalq səsverməsi, referendum aktının keçirilməsindən sonra Türkiyənin daha da güclənəcəyindən qorxuya düşən islamafob mərkəzlər bunun baş tutmasını istəmirlər. Ona görə də ən böyük demokratiya aktına qarşı ən böyük anti demokrarik addım atmaqla özlərini  ifşa etdilər.
Məsələnin kökündə bu dayanır. Ancaq əlbətdə Hollandiya kimi o qədər də böyük olmayan ölkə bütün dünyanın gözü önündə dinc nümayişçini xüsusi təlim almış köpəklə vəhşicəsinə əzirsə deməli ona bu cürəti verənlər var. Ona görə də düşünürəm ki, bu hadisədən sonra Hollandiyanın timsalında bütünlükdə Qərb imperializminin arxasında gizləndiyi demokratiya və insan hüquqları maskası düşmüş oldu. Qlobal dəyərlərin, demokratiyanın, insan hüquqlarının Qərb üçün sadəcə istismar mexanizimi, milli dövlətlərə qarşı bir silah olduğu bir daha ortaya çıxdı. Ancaq bu addım əlbətdə Türkiyəni daha da gücləndirdi. Bu dəfə islamafobların çılgınlığı o qədər emosional oldu ki, nəticədə özünüifşaya gətirib çıxardı. İndi əgər hər fürsətdə Müsəlman ölkələrini insan hüquqları və azadlıqlarını pozmaqda ittiham edən Qərbin beynəlxalq təşkilatları da ifşa olunmaqlarını istəmirlərsə qoy Hollandiyanın atdığı addımları lənətləyən bəyanatlar versinlər, onu insan hüquq və azadlıqlarını pozmaqda ittiham etsinlər. Əks təqdirdə onların da onsuz da olduqca bərbad olan siyasi reputasiyaları daha da pis olacaq”.

Xəbər xətti