Polis Batumidə asayişi bərpa edib

10:27 - 12 Mart 2017 - DÜNYA

Gürcüstanda polis əməkdaşları və xüsusi təyinatlılar sübh tezdən Batuminin Çavçavadze küçəsini gecə boyu iğtişaşlar törətmiş etirazçılardan təmizləyib. APA-nın “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, küçənin etirazçılardan təmizlənməsi əməliyyatı zamanı ciddi qarşıdurma baş verməyib.    
Agentliyin məlumatına görə, xüsusi təyinatlılar əraziyə daxil olan kimi etirazçılar Çavçavadze küçəsini dərhal tərk etməyə başlayıblar. Rezin güllələrdən istifadə edən polis əməkdaşları saat 7.00-dək ərazini etirazçılardan tamamilə təmizləməyə müvəffəq olublar. Şəhərdə iğtişaş iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat davam etdirilir. Saxlanılanların sayı barədə məlumat verilmir.
Kommunal xidmətlərin küçədə bərpa və təmizlik işlərinə başladığı bildirilir. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir. İğtişaşların episentri olmuş Çavçavadze küçəsində avtomobillər yandırılıb, səkilər, vitrinlər, işıqforlar, mağazalar  və s. obyektlər dağıdılıb.  
İğtişaşlar zamanı azı 30 nəfərin xəsarət aldığı bildirilir. 

Xəbər xətti