Tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub

00:48 - 11 Mart 2017 - KİVDF

Tolerantlıq təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə dözümlülük deməkdir


Tolerantlıq, dözümlülük həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Ədəbiyyatımızda “Kitabi-Dədə Qorqud” dastanından bu günə qədər çoxmədəniyyətliliyə, orta əsrlər Azərbaycan poeziyası nümayəndələrinin əsərlərində ümumbəşəri dəyərlərin təbliğinə rast gəlinir. Söz sərrafı olan və bədii yaradıcılığın ən gözəl nümunələrini yaradan Nizami Gəncəvinin əsərləri bu cəhətdən xüsusilə fərqlənir. O, hələ XII əsrdə yeddi mədəniyyəti təsvir edən “Yeddi gözəl” əsərini yaradır. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qəbul etməyən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələrinə rast gəlirik.  Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılması, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqi üçün Prezident İlham Əliyevin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.  Mərkəzin icraçı direktoru Azad Məmmədov müsahibəsindən birində bildirib ki, multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub. "Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır". Onun sözlərinə görə, ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. "Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Birmənalı şəkildə qeyd etmək olar ki, Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı". Mərkəzin icraçı direktoru  bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. "Bununla yanaşı, Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. Ümummilli Liderin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb.Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Dövlətimizin başçısının IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev isə bildirib ki, 
Heydər Əliyev öz müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək keyfiyyətcə yeni müstəviyə keçiribdir. Onun sözlərinə görə. ümummilli lider Heydər Əliyev haqlı olaraq azərbaycançılığın əsas tərkib hissəsi olan tolerant, multikulturalizm siyasətini ölkənin demokratik və etnomədəni inkişafının mühüm elementlərindən biri hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan bütün etnosların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. "Ulu öndərin rəhbərliyi ilə demokratik inkişaf yolu götürmüş Azərbaycan Respublikası onun qeyd etdiyi kimi dinindən, dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşların eyni hüquqlara malik olmalarını təmin etməli idi. Məhz ulu öndərin təşəbbüsləri və siyasi uzaqgörənliyi ilə azərbay¬cançılıq ideologiyasının başlıca prinsiplərinin – ana dili, milli mədə¬niyyət, milli-mənəvi dəyərlərin inkişafı və cəmiyyət tərəfindən mənimsənilməsi sahəsində ardıcıl və məqsədyönlü addımların atılması öz növbəsində multikultural dəyərlərin möhkəmlənməsinə yol açdı. Ən əsası multikulturalizm müstəqil Azərbaycanın fəlsəfi-sosioloji doktrinasının sosiomədəni və etno-siyasi cəhətlərini özündə birləşdirdi",- o deyib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. "Bununla yanaşı, Ulu öndərin hakimiyyətə gəlməsindən sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün xalqların mədəni kimliyinə təminat verildi. Onların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə hüquqi zəmin yaradıldı. Ümummilli liderin bu siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanırdı. Ümummilli Lider Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
İcra hakimi bildirib ki, uğurlarımızın təməlində həm də Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və ulu öndərin irsinin layiqincə yaşadılması dayanır. " Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan bu gün onun siyasi davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, dünya birliyinin layiqli üzvü kimi müstəqil siyasət həyata keçirir. Hər sahədə qazandığımız uğurların təməlində Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və ulu öndərin irsinin layiqincə yaşadılması dayanır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi fəaliyyət də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Xəbər xətti